İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəlmələrə qarşı İsveçrə “faşizmi” – salam almamaq – Abbas Atilay (FOTOLAR)

7186 02.12.2014 15:50 Reportaj A A


Hal-hazırda ölkə əhalisinin 30%-i xaricilər, bu ölkədə doğulmayanlardır. Əgər qonşu Almaniyada ən böyük qeyri-alman etnik qrup türkiyəlilər hesab olunursa, burda xarici kəsimin yarıdan çoxu albanlardır. Albanların İsveçrəyə toplum halında iki dəfə köçü olub: 1. 90-cı illərin Balkan müharibəsi zamanı; 2. 1998-1999-cu illərdə Kosovada Serb-Alban müharibəsi zamanı. Demək olar ki, İsveçrədə qarşılaşdığınız bir çox alban sırf ikinci köç zamanı bura sığınanlardır. Futbol azarkeşləri İsveçrə və Bayern Münih komandasının ulduzu Şakirini tanımamış olmazlar.

İndi isə İsveçrəyə köçün üçüncü dalğası başlayıb: Suriyada iç savaşdan qaçan suriyalıların köçü. Gün ərzində rəsmi olmayan məlumata görə minə yaxın insan bu ölkəyə sığınacaq üçün müraciət edir. Mən bu haqda – necə müraciət edirlər, hansı səbəblər olmalıdır, necə sığınacaq alırlar, sığınacaq üçün müraciət etdikdən sonra hansı prosedur yaşanır, bu haqda növbəti yazılarda ətraflı yazacağam.

İndi isə sizə Aarqau vilayətindən və Markusdan yazım.

İsveçrədə üçüncü dünya ölkələrindən gələn xaricilərə münasibət  birmənalı deyil. Demək olar ki, yerli toplumun fikirləri haçalanıb. Yaşlı nəsil keçmiş İsveçrənin melanxoliyası ilə gəlmə insanlara münasibətdə o qədər də yumşaq deyil. Misal üçün, dövlət siyasətində və beynəlxalq münasibətlər sistemində insan haqlarını prioritet məsələ kimi qəbul etmiş Skandinaviya ölkələri ilə müqayisədə bu ölkədə, yerli insanlar arasında “faşizm” sözünü tez-tez eşitmək olar. Əgər İsveçdə və ya Norveçdə “faşist” sözü yerli insanlar üçün ağır təhqir hesab olunursa burda bu sözü ara bir eşitmək olur.

İsveçrədə vilayətlərə görə xaricilərə münasibət də dəyişir. Əsasən gənc və dinamik, işgüzar insanların toplaşdığı Sürix (Zürih) və Bazel əhalisinin münasibəti gəlmələrə loyaldırsa, bəzi kantonlarda (vilayət) xarici əhaliyə münasibət birmənalı deyil. Belə vilayətlərdən biri Aarqaudur. Bu kanton İsveçrənin ən böyük vilayətlərindən biri olmaqla yanaşı, xariciləri “sevməyən” bölgə sayılır. Burda bir haşiyə çıxmalıyam ki, sizə məlumatı düzgün anlada bilim: burda xaricini sevməmək və ya faşist olmaq yolun ortasında xarici görərkən onu təhqir etmək, dalana çəkib döymək anlamına gəlmir, qətiyyən belə düşünməyin. Xaricini sevməmək o deməkdir ki, yəni gəlmə adam salam verərkən o gülümsəyərək deyil, normal vəziyyətdə salamını alacaq. Və ya ən dəhşətlisi -  o, salamı almayacaq. Vəssalam.
İsveçrədə xaricilərə pis münasibət o qədər də yayqın deyil. Əsasən yaşlı nəsil arasında belə münasibəti az da olsa görmək olar. Zatən bu ölkənin müxalifətdə olan sağçı Xalq Partiyasının da əsas elektoratı bu yaşlı insanlardır. Amma nəsil dəyişildikcə Xalq Partiyasının səslərində azalma hiss olunmaqdadır.

Əksəriyyəti təşkil edən gənc və orta yaşlı insanların xaricilərə münasibətini normal hesab etmək olar. Aarqau vilayətinin paytaxtı Aaruda, Aare çayının kənarında tələbə Markusla söhbət edirəm. Markus həftə sonları istirahət üçün bu çayın kənarında ağaclara kəndir bağlayaraq üzərində idman edir. Mən onun bu tryüklərini çəkmək üçün icazə alarkən ünsiyyətimiz yaranır. Markusla bir çox mövzuda danışırıq, amma əsasən o mənə yaşlı nəsil arasında gəlmələrə xoş münasibətin olmamasından gileylənir. Markus deyir ki, futbol üzrə ölkəsinin yığma komandasının yeddi üzvü xaricidirsə, deməli , onlar faydalıdır və biz onlara qucaq açmalıyıq və birlikdə yaşamağın yollarını axtarmalıyıq. Markus sonda hətta yaşlı nəslin də hörmətini qazanmaq üçün bir məsləhət verir – yerli dili öyrənmək və onlara bu dildə xitab etmək...

Mövzunu burda saxlayıb sizə Markusun tryüklərində, Aare çayının sahilindən və Aarau şəhərindən bir neçə foto təqdim edirəm. Növbəti yazımızda Albert Eynşteynin qısa müddət yaşadığı evə və oxuduğu kollecə gedəcəyik, Aarau şəhərinin min ildən artıq yaşı olan paytaxt “Old Taun”-unu görəcəyik.

Abbas Atilay

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR