İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gəlir deklarasiyası haqqında” Qanunun tətbiqinə kimlər imkan vermir?

3567 15.04.2015 09:10 Ölkə A A

ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obamanın illik gəlirləri açıqlanıb. Obamalar 2014-cü ildə 477 min 383 dollar qazanıb. Prezident ailəsi bu gəlirdən ötən il 93 min 362 dollar gəlir vergisi ödəyib və 33 yardım fonduna ümumilikdə 70 min 712 dollar köçürüb.

Ən böyük gəliri prezident maaşı olan Barak Obama bu vəzifəsinə görə ildə 400 min dollar qazanır. Cütlüyün bu maaşdan əlavə əsas gəlir mənbəyi Barak Obamanın 1995 və 2006-cı illərdə yazdığı iki kitabın satışından qazandıqlarıdır. Obamanın yazdığı kitablardan əldə etdiyi gəlirin aşağı düşməsi qazancının azalmasına səbəb olub.

ABŞ prezidentinin ailəsi 2012-ci ildə 662 min dollar, 2013-cü ildə isə 503 min dollar gəlir əldə edib. Barak Obama ən böyük qazancını prezident seçildiyi 2009-cu ildə götürüb. O, həmin il kitablarının satışından və Nobel Sülh Mükafatından təxminən 5,5 milyon dollar qazanıb.

Qeyd edək ki, ABŞ-da və dünyanın əksər ölkələrində vəzifəsindən asılı olmayaraq bütün məmurlar illik gəlirlərini rəsmi şəkildə açıqlayırlar. Bu, “Gəlir deklarasiyası haqqında” qanunun tələbidir. Vətəndaşlar öz gəlirləri barədə müvafiq qurumları məlumatlandıraraq, vergi ödəyirlər. Postsovet ölkələri sırasında bu qanun nəinki, Baltikyanı dövlətlərdə, eləcə də qonşu Gürcüstan və Rusiyada da qəbul olunub və tətbiq edilir. Qərb ölkələrində isə artıq xeyli vaxtdır gəlir deklarasiyasını “online” şəkildə də həyata keçirmək mümkündür. Azərbaycanda isə  2005-ci ildə “Gəlir deklarasiyası haqqında” Qanun Milli Məclisdə qəbul edilib. Həmin qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməlidirlər və vergi ödəməlidirlər.

Qanunun qəbulundan sonra prezident bəyannamə formasının hazırlanması ilə bağlı Nazirlər Kabinetinə üç ay vaxt verib. Amma bu müddətin bitməsindən illər keçsə də, bu qurum həmin formanı hazırlayıb ortalığa çıxarmayıb. Qanunun tətbiq edilməməsini də bəyannamə formasının hazır olmaması ilə izah edirlər. 

Bu məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət etdikdə “Maliyyə Nazirliyinə müraciət edin” məsləhətini eşidirsən, Maliyyə Nazirliyinə müraciət etdikdə isə gəlir bəyannaməsi formasının Nazirlər Kabinetində hazırlanmalı olduğunu deyirlər. 

Nəticədə isə qanun tətbiq olunmamış qalır və Azərbaycandakı məmurların əmlakları və il ərzində əldə elədikləri gəlirləri haqqında heç bir yerdə rəsmi məlumat yoxdur. 

Ekspertlər bildirirlər ki, sözügedən qanunun tətbiq edilməməsi yüz milyonlarla manatın dövlət büdcəsindən kənarda məmurlarda qalmasına səbəb olur. Azərbaycanda gizli iqtisadiyyatın, qeyri-leqal gəlirlərin yüksək səviyyədə olması məmurları gəlirlərini deklarasiya etməkdən çəkindirir. Ona görə ki, məmurların əksəriyyətinin malik olduqları sərvətin və ya əmlakın dəyəri onların aldıqları əmək haqqı ilə mütənasib deyil. Belə bir vəziyyət isə  ölkədə korrupsiya səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Azərbaycan dünyada gəlirlərin deklarasiya edilmədiyi nadir ölkələrdəndir. Gəlirlər deklarasiya edilmədiyindən pul dövriyyəsinə daxil olan vəsaitlərin həcmini tam olaraq proqnozlaşdırmaq mümkün deyil. Bundan başqa, qeyri-rəsmi yolla əldə edilən vəsaitlər deklarasiya edilmədiyindən asanlıqla dövriyyəyə daxil olur. Deklarasiya sisteminin olmaması qazancların necə və ya hansı yollarla əldə edildiyini müəyyənləşdirməyə imkan vermir. 

Mütəxəssislər onu da bildirirlər ki, gəlirlərin deklarasiya edilməməsi çirkli pulların izlənməsini çətinləşdirir. Bu, həmçinin rəsmi qazanclarla qeyri-rəsmi qazanclar arasındakı fərqin itməsinə səbəb olur. Gəlirlərin qanuni və ya qeyri-qanunu yolla əldə edilməsini müəyyənləşdirmək mexanizmi normal işləmir. Əldə edilən vəsaitlərin də hansı istiqamətlərə xərclənməsinə də nəzarət zəif təşkil edilib.

Ekspertlərə görə, məmurların bizneslə məşğul olması qanunla qadağan olunsa da, reallıqda bu heç də belə deyil. Bu baxımdan da gəlir deklarasiyasının tətbiqinə başlanılsa, məmurlar özü və ailə üzvlərinin gəlirləri haqqında vergi orqanına hesabat verməlidirlər. Bu isə bir-iki min manat maaş alan məmurların maraqlarına uyğun gəlmir. 

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri hesab edir ki, məmurların gəlir bəyannaməsi formasının indiyə qədər hazır olmaması çox təəccüblü olmaqla yanaşı, hansısa güclü əllər vasitəsilə bu məsələnin həlli əngəllənir: “Prezident qanunun qəbulundan sonra gəlir bəyannaməsinin formasının hazır olması üçün Nazirlər Kabinetinə üç ay vaxt vermişdi. Hansısa məmurun bu məsələyə qarşı çıxmasının heç yeri də yoxdur. Çünki Azərbaycan kiçik bir ölkə olduğundan hansı məmurun nə qədər var-dövlətə, mülkə malik olduğunu hamı bilir və bunu prezident özü də dəfələrlə öz çıxışlarında səsləndirib. Deputat bu məsələdə məmurları səmimi olmamaqda qınayıb. Görünür, bu məsələyə də ölkə başçısının ciddi şəkildə şəxsən müdaxilə etməsinə ehtiyac var”.

E.SEYİDAĞA





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR