İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələn ilin büdcə layihəsi hökumətə göndərildi

848 11.09.2019 10:40 İqtisadiyyat A A

Ekspertlər deyir ki, neftin qiyməti 50 dollar həddində hesablanmalıdır və elə qiymət olmalıdır ki, hökumət işləməyə məcbur olsun

Azərbaycanın gələn il üçün dövlət büdcəsinin layihəsi hazırdır. Maliyyə Nazirliyinin yaydığı məlumata görə, layihə sentyabrın 9-da baxılması üçün Nazirlər Kabinetinə göndərilib.

Nazirlikdə büdcə layihəsinin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2020-ci ilin icmal və dövlət büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial inkişaf prioritetləri, büdcə sistemi haqqında qanunvericiliyinin tələbləri, qlobal iqtisadiyyatda gedən proseslər, onların ölkə iqtisadiyyatına mümkün təsirləri, o cümlədən İqtisadiyyat Nazirliyinin orta müddətli dövrdə iqtisadi və sosial inkişafa dair proqnozları, habelə dövlət maliyyə sisteminin orta və uzun müddətli dövrdə qarşısında duran çağırışlar nəzərə alınmaqla hazırlanıb: “Məlum olduğu kimi, 2019-cu ilin dövlət və icmal büdcəsinin hazırlanması zamanı əvvəlki dövrlərdən daha fərqli yanaşma tətbiq edildi, bu zaman yeni qəbul edilmiş büdcə qaydalarının tələblərinə əsasən makro-fiskal çərçivə, o cümlədən orta müddətli dövrə icmal büdcə xərclərinin yuxarı hədləri müəyyən edildi. Bu yanaşma 2020-ci ilin dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən də davam etdirilib".

2020-ci ilin icmal və dövlət büdcəsinin əsas parametrləri Maliyyə Sabitliyi Şurasında da baxılaraq razılaşdırıldıqdan sonra büdcənin tərtibi üçün istifadə olunub: “İlk növbədə 2020-ci il və sonrakı üç ilin icmal və dövlət büdcələrinin büdcə qaydasına əsasən hazırlanması, dövlət büdcəsinin gəlir və xərclərinin hesablanması zamanı neftin bir barelinin orta illik qiyməti və bu qiymətin orta müddətli dövrə şamil edilməsi, orta müddətli dövrdə icmal büdcənin xərclərinin yuxarı həddinin təsdiq olunması və qeyri-neft baza kəsirinin ardıcıl surətdə azaldılması ilə bağlı qərarlar qəbul edilib”.

Qeyd edək ki, bu il dövlət büdcəsi neftin dünya bazar qiyməti 60 dollar götürülməklə proqnozlaşdırılıb. İl ərzində ölkədə həyata keçirilən iki sosial paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manat təşkil edir. Gələn il isə bu paketlər çərçivəsində həyata keçirilən artımlara uyğun əmək haqqı, pensiya və müavinətləri maliyyələşdirmək üçün 3 milyard manat əlavə vəsaitə ehtiyac yaranacaq. Bu isə büdcə xərclərinin xeyli artması deməkdir. Bu baxımdan, büdcə gəlir-xərclərinin icrası dünya neft bazarındakı proseslərdən xeyli asılı olacaq.

Vüqar Bayramov ile ilgili görsel sonucu

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, 2019-cu ilin arxada qalan dövrü göstərir ki, dünya neft bazarında volatillik kifayət qədər yüksək oldu: “Biz neftin qiymətinin 60 dollar ətrafında dəyişməsini görsək də, volatillik yüksəkdir. Bu baxımdan, qiymətlər cari ilin büdcəsində götürülən səviyyədə olsa da, biz büdcə layihəsi müzakirə olunarkən neftin 60 dollardan hesablanmasının əleyhinəydik. Söhbət ondan getmir ki, büdcədəki qiymətlə bazar qiyməti eyni olsun. Söhbət ondan gedir ki, büdcədə aşağı qiymət olmalıdır ki, hökumətin yığım imkanları yüksək olsun. Bu, eyni zamanda volatillik risklərini sığortalamaq imkanı yaradır”.

Ekspert hesab edir ki, gələn il də neft qiymətlərində volatillik davam edəcək: “Gələn il bir sıra böyük dövlətlərdə əhəmiyyətli seçkilər ilidir. Eyni zamanda Çin-ABŞ, OPEK-ABŞ münasibətləri baxımından bazarda qeyri-stabillik gözləniləndir. Buna görə də büdcə layihəsinin neftin qiymətinin 50 dollar həddi ilə hesablanmasını doğru hesab edirik. Bu, büdcədə qeyri-neft sektorunun payının artırılması istiqamətində hökumətin fəaliyyətlərinin artmasına gətirib çıxaracaq. Eyni zamanda yuxarıda da qeyd etdiyim kimi, neft bazarındakı volatillik risklərini də qarşılamağa imkan verəcək”.

İlham Şaban ile ilgili görsel sonucu

Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, bu ilin yekunu üçün neftin orta qiymətinin 63-64 dollar civarında olması gözlənilir: “Hələ ki 8 ayın yekununa əsasən orta qiymət 65 dollardır. Bütün böyük banklar, investisiya fondları, analitik mərkəzlərin gələn il üçün neftin qiymətinə dair proqnozları builkindən 2 dollar aşağı həddədir. Bu da ABŞ-Çin münasibətlərindəki gərginlik, o gərginliyə görə dünya iqtisadiyyatında artım tempinin zəifləməsi, enerjiyə olan tələbatın aşağı  düşməsi kimi amillərlə bağlıdır. Bu il üçün orta qiymətin 61-62 dollara qədər düşməsi ehtimalı böyükdür. Azərbaycanda dövlət büdcəsi neftin 60 dollar qiyməti ilə hesablanıb, bu zaman böyük bir kəsirin olması proqnozlaşdırılırdı. Hökumət bu kəsiri neftin faktiki qiyməti ilə büdcə qiyməti arasındakı fərqdən əldə olunacaq vəsaitlə bağlamağı düşünürdü. Lakin ilin birinci yarısında büdcənin icrasına dair məlumatdan aydın olur ki, buna müvəffəq olunmayıb - 545,5 milyon manat kəsir qalıb. Ötən ilin yekununda büdcə qiyməti ilə faktiki qiymət arasında 10 dollar fərq olmuşdu. Hökumət də bu üzdən proqnozlaşdırılan kəsiri bağlaya bilmişdi. Ötən il biz Neft Fonduna 10 milyard dollar mənfəət toplamışdıqsa, bu il 7 milyard dollardan bir q        ədər artıq vəsait əldə olunacağı gözlənilir”.

Ekspertin fikrincə, gələn ilin büdcəsi 60 dollardan hesablanmalıdır ki, hökumət real qiymətlə bu qiymət arasındakı fərqdən əldə olunacaq gəlirə arxayın olmasın: “Hökumət görməlidir ki, qollarını çırmalayıb işləməli, qeyri-neft sektorundan büdcə daxilolmalarını artırmalıdır. Yəni hökumətdəki neft pullarına olan arxayınlığa son qoyulmalıdır. Neçə illərdir neft gəlirləri su kimi axıdılır qeyri-neft sektoruna. Hanı bu sektordan daxilolmalar? Hökumət effektiv işləsə, bu sektordan daxilolmaları xeyli artırmaq mümkündür. Ən adi bir məsələni deyim, bu gün onlarla ASC-lər var ki, şəhərin mərkəzində hektarlarla əraziyə, bina və avadanlıqlara malikdir. Hamısını baha qiymətə icarə verib, ən aşağı qiymətlə rəsmiləşdirir, vergilərdən yayınırlar. Yaxud dövlət müəssisələrində idarəetmə bərbad vəziyyətdədir, yüz milyonlarla manat qazanmaq mümkün olduğu halda, bunun onda birinə güclə nail olurlar. Buna görə də gələn il üçün neftin qiymətini elə götürmək lazımdır ki, hökumət hökumət olduğunun fərqinə varıb, büdcə gəlirlərini təmin etmək qeydinə qalsın. Yoxsa neft pullarını büdcəyə yönləndirib qeyri-şəffaf şəkildə xərcləməklə uzağa gedə bilmərik. Büdcə vəsaitlərinin nə qədər səmərəli xərcləndiyini öyrənmək üçün Hesablama Palatasının büdcənin icrasına dair rəylərinə baxmaq kifayətdir. Bu rəylərdən hökumət nəticə çıxarmalı, Palatanın verdiyi təklifləri nəzərə almalıdır. Nəyə görə dövlət müxtəlif dövlət şirkətlərinə satılan qaza, işığa görə SOCAR-a əlavə vəsait verməlidir?”

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR