Gələcəyi görə və duya bilən Etibar Erkinin doğum günüdür
Bu gün müəmmalı şəkildə qətlə yetirilən ekstrasens Etibar Erkinin doğum günüdür.
Azərbaycanda Xalq Biliciləri və Ekstrasensləri İttifaqının, Parapsixoligiya və İlahiyyat İnstitutunun yaradıcısı olan Etibar Erkinin (Məmmədəliyev ) böyük əməyi sayəsində fitri istedadlar - xalq təbabəti biliciləri, şəfakarlar və öncəgörənlərlə birlikdə ulduz elminə maraq göstərənlər biraraya gəlib, astrologiyanın təbliğində böyük rol oynayan “Amin”, “Alın yazısı”, “Qoroskop” və “Bürclər” kimi qəzetlər dərc olunub.
E.Erkinlə bağlı maraqlı faktlardan biri də budur ki, o, 20 yanvar 1990-cı il tarixində Bakıda böyük faciələr olacağını əvvəlcədən, dəqiqliyi ilə proqnozlaşdırmışdı.
Mərhumun yaxın dostlarından biri olan tanınmış astroloq Firudin Qurbansoy onunla bağlı təəssüratlarını “Yeni Müsavat”a bölüşüb: “Etibar Erkin çox böyük ruh adamı idi. Günümüzə əsrlərdən bəri gələn, ənənələri yaşadan böyük ruh alimi idi. Ümidsizlərə ümid, xəstələrə şəfa, imansızlara iman təlqin edən parapsixoloq, həkim, filosof, müəllim, ziyalı olan Etibar Erkin Azərbaycanda parapsixologiya elminin əsaslarını qoyan bir alim kimi yadda qalıb. O, Azərbaycan sferasını pis qüvvələrdən qorumağa çalışırdı. Ondan sonra ölkəmizdə bu sahəni davam etdirən olmadı”.
Qeyd edək ki, E.Erkinin tələbələri ölkəmizdə fəaliyyət göstərməsələr də bir çox xarici ölkələrdə, o cümlədən Türkiyə və Avropada bu sahə ilə məşğul olurlar.
Xatırladaq ki, Etibar Erkin 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə, müqəddəs Ramazan ayında, namaz qılarkən qətlə yetirilib. Bəzi iddialara görə, onun qətlinin əsas səbəbi onun görücülük qabiliyyəti və güclü parapsixoloq olması ilə bağlı idi. Bu gün də ekstrasensin gerçək qatillərinin kimliyi sual altındadır.
Mərhum ekstrasensin xatirəsinə “Etibarın dünyası, dünyanın etibarı” (elmi məqalələri və proqnozları), “Böyük şərin düşməni” (Səbuhi Rəhimli ), “İtkin” (Gülarə Munis ) kitabları və “İlahi mənbə” (Rita Odinokova) povesti çap edilib.
Xalidə Gəray
Musavat.com






