Gədəbəydə icra başçısı İbrahim Mustafayevin təşkil etdiyi tədbirin keçiriləcəyi binanın döşəməsinin uçması, olay zamanı yaralılar olması, 2 icra nümayəndəsinin icra başçısı ilə görüşdən sonra infarkt diaqnozu ilə xəstəxana çatdırılması və birinin ölməsi haqda yazmışdıq.
“İcra başçısının qəbulunda döşəmə uçdu - yaralılar var” https://musavat.com/mobile/news/icra-bascisinin-qebulunda-doseme-ucdu-yaralilar-var_659435.html sərlöhvəli yazıya Gədəbəy Rayon icra Hakimiyyətindən yazılıq münasibət bildirilib.
Həmin yazıya münasibəti olduğu kimi təqdim edirik: “Bildiririk ki, 20 noyabr 2019-cu il tarixdə Gədəbəy RİH başçısının Alnabat kəndində vətəndaşlarla səyyar qəbulu keçirilmişdir. Qəbul zamanı heç bir hadisə baş verməmişdir. Lakin bir gün öncə 19.11.2019-cu il tarixdə növbəti ildə layihəyə salınmış Kiçik Qaramurad-Cəfərli-Əyrivəng avtomobil yolu ilə bağlı RİH başçısının birinci müavini Natiq Nağıyevin iştirakı ilə Daryurd kənd sakinləri ilə görüş keçirilərkən uzun illər istismar olunmuş Daryur kənd klubunun döşəməsi çökmüş və xəsarət alan olmamışdır. Gədəbəy RİH-nin inzibati binası 1963-cü uldə inşa edilmiş, normal iş şəraitinin olmaması ilə yanaşı hətta binanın daxilində sanitar qovşaq mövcud deyildir. Binada Nazirlər Kabineti tərəfindən ayrılmış vəsait hesabına əsaslı təmir işlərinə başlanılmışdır. Təmirdən sonra Respublikada ilk dəfə Yerli İcra Hakimiyyətləri tərəfindən göstərilən xidmətlərin “Asan modeli” tətbiq olunacaq. Hazırda binanın qarşısından keçən yol kəsilməyib və sakinlərin istifadəsindədir.
Dəfələrlə məhkumluq həyatı yaşamış keçmiş polis işçisi Fəqanı Hüseynovun məlumatları əsassızdır və həqiqətə uyğun deyildir”.
E.HÜSEYNOV,
“Yeni Müsavat”






