İnsanlara hürriyət, millətlərə istiqlal!

QUANTANAMO MƏHBUSUMUZ VƏTƏNƏ QAYITSA, TALEYİ NECƏ OLACAQ?

1478 11.02.2009 08:25 Gündəm A A
Həbsxana bağlanandan sonra azərbaycanlı məhbusun da azadlığa çıxacağı bildirilirdi. Həmin xəbərlərdə qeyd olunurdu ki, P.Siracov vətənə qayıtmaq fikrində deyil. Bunun səbəbi isə açıqlanmadı. Müstəqil ekspertlər hesab edir ki, dəhşətli işgəncələrdən keçmiş P.Siracovun Azərbaycana qayıtmaq istəməməsi başadüşüləndir.
“Məlumdur ki, xarici ölkələrdə həbsdə və ya əsirlikdə olanlar Azərbaycana qayıdandan sonra əsasən həbs olunub Milli Təhlükəsizlik Nazirliyi tərəfindən filtrasiyadan keçirilir. Belə şəxslərin öz vətənlərində dəhşətli işgəncələrə məruz qalması barədəki məlumatı isə mətbuata adətən onların yaxınları və vəkilləri verir. Polad Siracov da vətənə qayıdacağı təqdirdə təqiblərdən sığortalanmadığını bilir. Ona görə də ölkəyə qayıtmaq istəmir”- deyə adının çəkilməsini istəməyən ekspertlərdən biri bildirib.
Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar beynəlxalq İşçi Qrupunun koordinatoru Əvəz Həsənov da bu fikirləri bölüşür. O, mətbuata açıqlamasında deyib ki, Azərbaycan hökumətinin əsirlərə münasibəti indiyədək sərt olub. Məsələn, Ermənistandan geri qayıdan azərbaycanlı əsirlərə “vətənə xəyanət” ittihamı ilə 10 ildən çox həbs cəzası veriblər.
Bəs P.Siracov vətənə qayıtsa, onun taleyi necə olacaq? Onu həbs edəcəklərmi?
Bu sualla Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova müraciət etdik. O, bildirdi ki, Azərbaycan prokurorluq sistemi P.Siracov barədə hər hansı bir cinayət işi ilə bağlı həbs qərarı verməyib: “O, Azərbaycana qayıdacağı təqdirdə həbs olunmayacaq”.
Ədliyyə Nazirliyi beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Zavər Qafarov da P.Siracovun ölkəyə qayıtmasında problem görmür: “Bizdə onun statusu haqda məlumat yoxdur. Bilmirik ki, o, cinayətkardır, yoxsa əsir. Əgər o, əsirdirsə, onda ölkəyə qayıtmağında heç bir problem yoxdur”.
Z.Qafarov deyir ki, məhbus cinayətkardırsa, bu haqda indidən bir şey deyə bilməz.
“Amma Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri narahatdır ki, Azərbaycan, Əfqanıstan, Çin, Əlcəzair, Yəmən, Səudiyyə Ərəbistanı kimi ölkələrin vətəndaşları geri qayıtsalar, onları öz ölkələrində təzədən mühakimə edə, ya da məhbuslarla pis davrana bilərlər”. Bu isə “Azadlıq” radiosunun qənaətidir. "Assoşieyted Press" agentliyi ABŞ Müdafiə Departamentinə istinadən yazır ki, Quantanamoda 240-dan çox məhbus var. Onlardan 60-ı artıq azadlığa buraxıla bilər, amma ölkələrinə göndərilə bilmirlər, çünki ölkələrində təzyiqlə üzləşə bilərlər. BBC-nin məlumatına görə isə P.Siracov 2002-ci ildən Quantanamoda saxlanır. Yerli media yazır ki, o, “əl-Qaidə” terror qrupunun rəhbəri Üsamə bin Ladenin tərcüməçisi olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR