İnsanlara hürriyət, millətlərə istiqlal!

PREZİDENT REZİDENSİYASININ YANINDAKI VİLLALAR 3 MİLYONA SATILIR

Bizi bilgiləndirən mənbə qeyd edir ki, rezidensiyanı “DİA Holdinq” şirkəti tikib: “Bu şirkətin rəhbəri Murad Çeçendir, Türkiyədə oturur. Azərbaycanda geniş tikinti biznesi qurublar. Rezidensiyanın ətrafında da xeyli yer alıblar; orada yan-yana 53 villa inşa edilib. Onların hamısı ”DİA-Holdinq"ə aiddir və hədəf də bu villaları baha qiymətə məmur-oliqarxlara satmaq olub. Murad Çeçen Türkiyə standartları ilə düşünərək, belə güman edirdi ki, Azərbaycanda da dövlət rəhbərinin rezidensiyasına qonşu olmaq prestij sayılır və imkanlı insanlar bu fürsəti yaxalamaq üçün növbəyə düzülərlər. Lakin belə olmadı..."
Bəzi iddialara görə, “DİA Holdinq” rezidensiyanı müəyyən qədər təmənnasız inşa edir; əvəzində onlara bu ətrafda villalar tikib ayrı-ayrı imkanlı adamlara satmağa razılıq verilib. Şirkət rezidensiyanı artıq tamamlamaq üzrədir, həmçinin villalar da demək olar ki, hazırdır. Lakin bu villaları satmaqda çətinliklərlə üzləşiblər. Əvvəla ona görə ki, qiyməti çox baha deyirlər; digər tərəfdən, Bakıda prestij standartları bir başqadır; heç bir imkanlı adam Prezident Rezidensiyasının yanında gözə görünmək istəmir. 
Mənbəmiz deyir ki, yaranmış problemi məcbur olub “yuxarı səviyyədə” həll ediblər. Onun iddiasına görə, prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun işə müdaxiləsi ilə problemi direktiv qaydada həll etmək qərara alınıb. Konkret imkanlı adamlara, bəzi nazir-oliqarxlara tapşırılıb ki, firmanın göstərdiyi məbləğə - 3 milyon manata bu villaları alsınlar. Elə oliqarx da var ki, ona həmin villalardan ikisini almaq tapşırılıb: “Tapşırıq demək olar ki, 80 faiz yerinə yetirilib”,- deyə mənbəmiz bildirir.
Rezidensiyanın qonşuluğunda mülk alan bir neçə məmurun adları da müxbirlərimizə açıqlanıb: “Spiker Oqtay Əsədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov... İndi cəmisi 10-15 villa qalıb, onu da həm imkanlı, həm də etibarlı adamlara satacaqlar”.
Mənbə onu da qeyd etdi ki, “DİA” Azərbaycan dövlətinə məxsus texnikanı burada öz malı kimi istifadə edir və buna görə heç yerə ödəniş etmir. Belə ki, mənbənin deməsinə görə, Nəqliyyat Nazirliyinin 4 saylı təmir-tikinti trestinin texnikası ilk gündən burada istifadə olunub və buna görə heç bir haqq ödənməyib. Qaynağımız qeyd edir ki, “DİA Holdinq” kürdçü dairələrə məxsusdur və bu siyasət, ayrımçılıq Azərbaycanda da yürüdülüb: “Çox qapalı bir şirkətdir, burada baş verən qanunsuzluqlar adamı dəhşətə gətirir. Şirkətdə çalışanların çoxu Türkiyədən gətirilmiş kürdlərdir. Onların əksəri azərbaycanlı fəhlələrlə qaba davranır, bizimkiləri söyüb-aşağılayırlar. Şirkətdə yerli fəhlələrə 300 manat maaş verildiyi halda, kürdlərə 1000-1500 manat məvacib verirlər”.
Dünən əməkdaşlarımız rezidensiyanın ətrafında da olublar. Müxbirlərimizin ora gedişi yük maşınlarının əraziyə daxil olması üçün hasarın bir hissəsinin uçurulduğu vaxta təsadüf etdiyindən villaların ümumi və uzaqdan fotolarını çəkmək mümkün olub. Çəkiliş cib telefonu ilə aparılıb.
Deyilənlərlə bağlı şirkətin də mövqeyini dərc etməyə hazırıq.
Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR