İnsanlara hürriyət, millətlərə istiqlal!

AVROPA YAY OLİMPİYA OYUNLARINA GÖRƏ BÖYÜKŞOR GÖLÜ QURUDULUR

5559 07.01.2013 09:33 Gündəm A A

2015-ci ildə ölkəmizə gələcək idmançıların yarışması üçün ayrıca stadion tikintisi isə sürətlə davam edir. Oyunların keçirilməsi üçün stadion Böyükşor adlı yerdə tikilir. Bu məqsədlə Nizami rayonundakı asma körpünün yanında gölün bir hissəsi qurudulub. Ərazidə yaşayan sakinlər bizimlə söhbətində dedilər söz-söhbət gəzir ki, tikinti ilə bağlı ərazidəki evlərin bir qismi sökülsün.
İş icraçıları isə qəzetimizə açıqlamasında bu xəbəri təkzib etdi. Onlar bildirdilər ki, hazırda ərazidə gölün qurudulması işləri aparılır: “Bu ilin may ayında stadionun tikintisinə başlanılacaq. Avropa Olimpiya Oyunları ilə bağlı Olimpiya kəndi salınır. Bu məqsədlə Heydər Əliyev prospektində ”Koroğlu" metrosunun yaxınlığında yerləşən binaların olimpiya oyunları üçün təmir olunaraq idmançıların ixtiyarına verilməsi nəzərdə tutulur. Kənddə müxtəlif avadanlıqlar, yeməkxanalar, istirahət mərkəzləri olacaq. Qurğuların əksəriyyəti müvəqqəti tikiləcək və olimpiya oyunlarından sonra ya söküləcək, ya da icarəyə veriləcək".
Bir müddət əvvəl Gənclər və İdman Nazirliyi tikintini aparan şirkətlərlə də danışıqlar aparıb. Bakıda Avropa Yay Olimpiya Oyunları çərçivəsində 20-dək idman növündə yarışların keçirilməsi gözlənilir. Bakıda keçiriləcək yarışlarla bağlı yeni təhlükəsizlik sistemi qurulacaq, nəqliyyat sistemi yeniləşdiriləcək.
Qeyd edək ki, Heydər Əliyev prospektinin kənarında “Koroğlu” metrosunun yaxınlığındakı Milli Gimnastika Arenasının da (MGA) tikintisi sürətlənib. Orada olarkən öyrəndik ki, əsasən bədii gimnastika yarışlarının keçirilməsi üçün nəzərdə tutulan arenanın azarkeş tutumu 6-7 min nəfər olacaq. MGA əsasən müsabiqə səviyyəsində ritmik və bədii gimnastika yarışlarına, tədbirlərinə ev sahibliyi etmək üçün layihələşdirilib. MGA beynəlxalq yarışlar üçün gimnastların təlim keçmələri məqsədilə də nəzərdə tutulur. Gimnastların təlim keçməsi üçün imkanlara yardımçı otaqlar, təlim zalları, auditoriyalar, yeməkxanalar, idman zalları aiddir. Arenanın imkanlarına gəldikdə, məişət əşyaları, qida və içki bölmələrindən ibarət iki əsas şöbə, onlardan yuxarıda isə VİP şəxslər üçün müxtəlif ölçülü dəbdəbəli lojalar yerləşəcək. Həmçinin arena meydançasına baxma imkanı yaradan ikimərtəbəli restoran üçün geniş yer ayrılacaq.
MGA beynəlxalq yarışlara ev sahibliyi edərkən beynəlxalq media və sponsorlar üçün müsahibə otaqları, media nəzarəti mərkəzi və sponsor otaqlarından başlamış mətbuat otaqlarına qədər müasir dünya standartlarına uyğun idman məkanlarına qoyulan bütün tələblərə cavab verəcək.
Arenanı tamamlamaq üçün 24000 kvadratmetr ətraf landşaft layihələşdirilir ki, bu da 300 maşının saxlanması üçün yeraltı avtomobil dayanacağı olacaq. Layihəni işləyib hazırlayan “PASHA Construction” LLC-dir. Layihə-inşaat rəhbəri kimi “Mace İnternational” şirkəti nəzərdə tutulub. Layihənin memarı Brodvey Malyandır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR