Bu gün (16.10.2020) bir qrup jurnalist işğaldan azad edilən Cəbrayıl rayonunda olub. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfərdə "Yeni Müsavat" qəzetinin reportyoru İlkin Muradov da olub.
Əməkdaşımız yol boyu gördüklərini qələmə alıb. Həmin yazını təqdim edirik:
Bu gün yolumuz çoxdandır arzu etdiyimiz Cəbrayıla düşdü. Oktyabrın 4-də azad edilən Cəbrayıla getmək, qəhrəman Azərbaycan əsgərinin ayaq basdığı, can qoyduğu torpağın qoxusunu hiss etmək... Sözlər adama necə də xoş gəlir...
Füzulidən üzü Cəbrayıla doğru...

Füzulinin Horadiz şəhərindən sonra işğaldan tam azad edilən Cocuq Mərcanlıya çatırıq. 2016-cı ildə Lələtəpə yüksəkliyinin azad edilməsi ilə yenidən doğulan, azadlığa qovuşan Cocuq Mərcanlı. Cocuq Mərcanlı solumuzda qalır və biz yola davam edirik...
Artıq bizim üçün düşmən tapdağından azad edilən yeni, tarixi, həsrət qoxan torpaqlarımız başlayır. Hər kolu, hər ağacı, hər daşı adama doğma olan Cəbrayıl...
Əyləşdiyimiz marşurutda əsasən yolun sol hissəsini müşahidə edə bilirəm. İlk gördüyümüz düşmənin çəkdiyi torpaq bəndin dağıdılması və Cəbrayıla açılan yoldur. Çala-çuxurlu bu yolları getmək çətindir. Həmin yoldur ha, 27 il əvvəlki yol...
Dağıdılan torpaq bənd həm də düşmənin ilk müdafiə səngəri idi. Azərbaycan ordusunun səngəri ilə bu səngər arasında ucsuz-bucaqsız, bir zaman üzüm bağları olan sahələr var. Məhv edilmiş, dağıdılmış üzüm bağlarından geriyə beton dirəklər qalıb.
Təxminən bir neçə yüz metr sonra yenidən düşmənin müdafiə səngərini görürük. Düşmən geri çəkilərkən bu səngərlərə sığınıb.

Getdiyimiz yolda toz-torpaqdan irəlini görmək çətinləşir. Amma diqqətlə baxan zaman ordumuzun möhkəmlənmə işlərinə davam etdiyinin şahidi oluruq.
Bizim solumuzda olan üzüm sahələrinin kənarlarındakı ağaclar da qırılıb, məhv edilib.
...Növbəti dəfə isə düşmənin üçüncü- daha möhkəm müdafiə xəttini görürük. Ardınca isə daha bir müdafiə xətti. Azərbaycan ordusu bizim gördüyümüz ən azı bu 4 müdafiə xəttini elə ilk gündəcə- sentyabrın 27-də yarmışdı.
Yol boyu gözüm əsgər axtarır. İllər sonra öz kəndinə qayıdan birinin girişdəcə yaxınını, əzizini, doğmasını axtardığı kimi. Görürəm... Dağların, təpələrin döşündə mərd, igid, cəsarətli əsgərlərə əl sallayıram. Onlar bizi həsrətdən qurtaran qardaşlardır...
Mənim 30 yaşım var. Uşaqlığımı məğlubiyyətlə böyümüşəm. Gəncliyim də məğlubiyyət xatirələri ilə doludur. Amma dağların başında, texnikanın arxasında olan 19 yaşlı əsgər məni yenidən dünyaya gətirən, bundan sonrakı ömrü qalib kimi yaşamağı nəsib edəndir...

Azərbaycan ordusu, əsgəri bizi yenidən dirildən, özümüzə qaytaran dəyərdir... Candılar, canımızdan bir parçadılar...
...Cəbrayıla doğru irəlilədikcə insan kövrəlir, qəhər adamı boğur, sözlər boğazda düyünlənir. Çünki yolboyu viran qalan kəndləri görürsən. Qapısı, pəncərəsi, taxtası oğurlanan evlərdən geri sadəcə daş qalaqları qalıb.
Elə bu daş qalaqlarını görəndə burada nə zamansa kənd olduğunu düşünə bilirsən. Həm də düşünürəm ki, bu xarabalıqlarda yüzlərlə, minlərlə azərbaycanlının arzuları, xatirələri qalaqlanıb...
Cəbrayılın məşhur "Dostluq bulağı"na çatana qədər bu cür bir neçə kənd gördüm. Ətrafda tək-tük əncir ağacları gözə dəyir. Həmin ağacların da, yol kənarlarındakı kolluqların da rəngi bozarıb, ağarıb... Yollarda hərəkət edən texnikanın havaya qaldırdığı toz-torpaqdan...
Bulağa çatana qədər erməni vəhşiliyini bir cümlə ilə də belə izah edə bilərəm: Daş üstündə daş qoymayan bu vəhşilər, bircə taxtaya da mismar vurmayıblar, bircə ağac belə əkməyiblər. Sadəcə bir neçə hissədə 1-2 hektarlıq ərazilərin şumlandığını görə bildim...

Hə, əsas məsələni az qala unutmuşdum. Siz də fikirləşirsiniz ki, nə əcəb yol boyu erməninin məhv edilən texnikasını görmədim? Gördüm. Tanklar, toplar, zirehli texnikalar. Hamısının istiqaməti də üzü Ermənistana tərəf. Yəni, geri çəkilərkən, qaçarkən vurulublar. Yol kənarlarında erməni əsgərinin, muzdlu döyüşçülərinin silah-sursat qalıqları, hərbi geyimləri, yemək-içmək qalıqlarını da gördüm. Hamısı da traktorla şumlanaraq yol kənarına atılıb...
1 saatdan artıq yolçuluqdan sonra nəhayət, yaşıllıqlar görünür. Yol kənarında otlayan bir neçə inək görürəm. Artıq düşünürəm ki, yaşayış olmuş ərazilərə, kəndlərə çatırıq. Bəli, elə 10 dəqiqə sonra marşurutumuz dayanır. "Dostluq bulağı"nın qarşısında...
Həyəcan bir az da artır. Çünki ilk dəfə ayağım Cəbrayıl torpağına dəyəcək. Heç zaman görmədiyim, amma şüurlu həyatımda həsrətini çəkdiyim Cəbrayıl torpağına ayaq basacam axı... Təsəvvür edirsiniz? İnsan necə kövrəlir, necə doluxsunur. Bir ay əvvəl mənə "Cəbrayıla gedəcəksən" desəydilər, inanmazdım. Amma indi inanmadığımı yaşayıram və bunun həyəcanı məni boğur...
Və o tarixini anı, möhtəşəm hissi yaşayıram. Ayağım Cəbrayıl torpağına dəyir!
Başımı qaldırdıqda tam qarşımda "Dostluq Bulağı" var.
...Günlərdir döyüşlərin getdiyi, ordumuzun şücaət göstərdiyi bu torpaqların havası, suyu bir başqadır. Dostluğuna xəyanət edilmiş bulağın ətrafı zibillənib, baxımsızlıqdan tarixi abidə məhv olub. Tarixi olmayan ermənilər, bulağın daşlarına qələmlə "tarix" yazmaq istəyiblər. Məsələn, Armenia... Cızma-qaraları ilə tarixi abidəni incidiblər, korlayıblar... Amma olsun, yenidən bərpa ediləcək...
Tarixi abidəyə baxanda adamı daha da ümidləndirən nəsə görürsən. Axan su... Su varsa, həyat var. Deməli, bulağa yenidən can veriləcək...
Bulağın sərin suyundan içirik, havasını, tozunu-torpağını uduruq. Toz-torpaq demişkən. Elə mənim də saçım və saqqalım yol kənarlarındakı ağaclar kimi bozarmışdı, ağarmışdı, tozlanmışdı... Amma ilk dəfə idi ki, toz olmağı, toz udmağı bu qədər sevirdim.
Bulaqdan bir neçə qurtum da su içib yolumuza davam edirik. Cəbrayılın bu hissəsi yaşıllıqdır. Ağaclar arasından 27 il əvvəl zəbt edilən evləri görürük. Bir çoxunda yaşayış olub. Ermənilər bizə məxsus evlərdə yaşayıblar, əkiblər, becəriblər. İndi isə qaçıblar. Malını, heyvanını, maşınını, əşyalarını qoyaraq.

Həyətlərdə donuz, inək, toyuqlar var...
Həyətlərdə bulaqlardan su axır...
Həyətlərdə ot tayaları var...
Həyətlərdə 27 il əvvəl cəbrayıllılara məxsus avtomobillərin qalıqları var...
Həyətlərdə 27 il əvvəl cəbrayıllıların xatirələri, izləri var...
Bir azərbaycanlı kimi bunu hiss edə bilirəm. Bura qayıdışınıza az qalıb, əziz cəbrayıllılar!!! Artıq Azərbaycan əsgərinin ayaq basdığı, bayraq sancdığı bu torpaqlar sizə qayıtdı, siz də ona qayıdacaqsınız...

...Cəbrayılda bir neçə dəqiqə də gəzirik. Bizim üçün ayrılan vaxt, çəkiliş etmək imkanları məhduddur. Bu da bizim təhlükəsizliyimiz üçündür. Amma adam qayıtmaq istəmir. 27 illik həsrəti 27 dəqiqəyə sığıdırmaq olar? Burda qalmaq, əsgərin yanında olmağı elə istərdim...
Amma qayıtmaq vaxtıdır. Bizi gəldiyimiz maşına səsləyirlər. Cəbrayılla vidalaşmaq çətindir. Olsun, 27 illik həsrət bitib və yenə də qayıdacağıq. Bu dəfə həmişəlik...
Əliboş getmək olmaz. Bir ovuc Cəbrayıl torpağı götürürəm. Bizim üçün verilən qoruyucu jiletin döş cibinə qoyuram. Qoxusu burnumun ucundan getməsin deyə...
Son olaraq bu torpaqdan - Cəbrayıldan bizə bu qüruru yaşadan Azərbaycan ordusuna salam olsun! Sizi verənə min şükür...
İlkin MURADOV
Füzuli-Cəbrayıl-Füzuli
Musavat.com






