İnsanlara hürriyət, millətlərə istiqlal!

Füzulidə imza verənləri çörək pulu ilə təhdid edirlər

1347 05.10.2015 08:15 Siyasət A A

Noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı günlərlə davam edən imzatoplama kampaniyası oktyabrın 2-də saat 18:00-da başa çatdı. Bu ayın 9-na qədər iddiaçıların sənədlərinə baxılma və qeydə alınma prosesi həyata keçiriləcək. 

Oktyabrın 9-dan etibarən isə təbliğat-təşviqat kampaniyasına start veriləcək. Bu proses oktyabrın 31-də saat 8:00-da başa çatacaq. Artıq qeydə alınan namizədlərin sayı 900-ü ötüb. 

Oktyabrın 3-də 33 saylı Xətai birinci seçki dairəsindən Müsavat başqanı Arif Hacılının namizədliyini DSK qeydə alıb. 

Xatırladaq ki, bundan öncə Müsavatın daha 8 namizədi qeydə alınıb. Qeydə alınan namizədlər İsa Qəmbər (Yasamal), İsgəndər Həmidov (Kəlbəcər), Razim Əmiraslanlı (Cəbrayıl), Xasay Fərzulla (Masallı), Söhrab Əmrahov (Xaçmaz),  Niyaz Nəsir (Xəzər), Valeh Hümmətoğlu və Mirzağa Axunddur (Salyan).


Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyubun namizədliyi 30 saylı Suraxanı birinci seçki dairəsindən qeydə alınıb. Həmin dairədən YAP hazırda deputat olan Sevinc Fətəliyevanın namizədliyini növbəti dəfə irəli sürüb.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Yeni Müsavat”a son durumla bağlı bunları dedi: “Hazırda Müsavatın 9 namizədi qeydə alınıb. 7 namizədimizin qeydə alınmasından imtina olunub. Qalan məsələlərlə bağlı proses davam edir. Qanun pozuntuları kifayət qədər çoxdur. Müsavat Partiyası bununla bağlı oktyabrın 6-da mətbuat konfransı keçirəcək. Həmin konfransda qanun pozuntuları mətbuat vasitəsilə geniş şəkildə yayılacaq”.
G.Aslanlı vətəndaşlara imzalarından imtina etmələri üçün olunan təzyiqlərdən də söz açdı: “Seçki Məcəlləsində yazılıb ki, seçici imzasından məhkəmə yolu ilə imtina edə bilər. Onun aldadılması, bu yolla ondan imza alınması yalnız məhkəmə yolu ilə sübut oluna bilər. DSK-lar imza vərəqələrini icra hakimiyyətinə ötürürlər. İcra hakimiyyətinin işçiləri isə kəndbəkənd, evbəev gəzərək, insanlardan imzalarından imtina etmələri ilə bağlı ərizələr toplayırlar. Bunun üçün onlara müxtəlif təzyiqlər edilir. Ən dəhşətlisi  Füzulidə baş verən hadisədir. Füzuli camaatına verilən 17 manat çörək pulu ilə bağlı deyiblər ki, bu pulu kəsəcəyik, imzalarınızdan imtina edin”.


Müsavat funksioneri qanun pozuntuları şəklində keçən seçki kampaniyasından sonra seçkiləri boykot edib-etməyəcəkləri barədə də danışdı: “Namizədlərin qeydə alınması prosesi ayın 9-da bitir. Bu tarixdən sonra məsələləri müzakirə edib, ona uyğun qərar qəbul edəcəyik. Amma hələ ki boykot məsələsini ortaya atmağımıza ehtiyac yoxdur”.

G.Aslanlı namizədlərin maliyyə məsələlərinə və pullu efir vaxtına da toxundu: “Maliyyə məsələsində böyük problemlərimiz var. Müsavat Partiyası dövlət büdcəsindən maliyyələşmir. Bu vaxta qədər vahid seçki hesabı idi. Amma göründüyü kimi, hakimiyyət bizim 60 namizədimizi qeydə almayacaq. Hər bir namizəd özü üçün seçki hesabı açmaq məcburiyyətində qalacaq. Maliyyə məsələsini isə hər bir namizədin özü həll etməlidir. Başqa yol yoxdur. Pullu efir vaxtından istifadə edib-etməyəcəyimiz məsələsinə gəlincə, bu barədə ayın 9-dan sonra fikir bildirmək olar”.


“Azadlıq 2015" seçki blokundan 5 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə qurumun seçki qərargahının rəhbəri Bəybala Əbilov məlumat verdi: ”Seçkilərdə 72 namizədlə iştirak edirik. Onlardan 63-ü namizədlik üçün müraciət edə bilib. 59 iddiaçımız bank hesabı açıb. İmza vərəqəsini 58 nəfər götürüb. İmza vərəqələrini 58 nəfər qaytarıb. Hazırda onlardan 5 nəfər qeydiyyatdan keçib. Qalan namizədlərimiz barədə əlimizdə konkret məlumat yoxdur. Bu günlərdə son məlumat olacaq. Biz də qeydiyyatdan keçənlər barədə rəsmi qərar var".


“AĞ blok” seçki blokundan iki nəfər qeydiyyatdan keçə bilib. Blokun təsisçilərindən olan Tural Abbaslı bildirdi ki, digər namizədlər də imza vərəqələrini təqdim ediblər: “Seçkilərə 8 namizədlə qatılırdıq. Bu günə qədər iki namizədimiz Zəka Sahib Ağsudan, Xanlar Abbas isə Nərimanovdan qeydiyyata alınıb. Digər namizədlər, mən də daxil olmaqla, imza vərəqələrini oktyabrın 1-dən təqdim etmişik. 7 gün müddətində cavab verilməlidir. 550-dən çox imza təqdim etmişik. Minlərlə evdən bu qədər imza yığmışıq. İnanmıram ki, namizədlərin əksəriyyəti bu qədər imza yığsın. Bu proseslər yekunlaşandan  sonra təbliğata start verəcəyik,şüarlar, plakatlar hazırlayacağıq”.


125-lər Siyasi Klubundan 17 nəfər qeydiyyata alınıb. Bu barədə qurumun sədri İlhamiyyə Rza məlumat verib. 125-lərdən indiyə qədər qeydiyyata alınmayan yeganə namizəd 95 saylı Tərtər seçki dairəsindən Tamilla Qulamidir. Xanım namizəd DSK-nın qərarından MSK-ya şikayət etsə də, iddiası təmin olunmayıb. T.Qulami qərardan apelyasiya şikayəti verib. Bu günlərdə şikayətə baxılacaq. 

Qeyd edək ki, namizədlərin qeydiyyat prosesi yekunlaşandan sonra pullu efir vaxtına da start veriləcək. Pullu efir vaxtının bir saniyəsi 30-50 manat arasında dəyişir. Pulsuz efir vaxtı isə çox güman ki olmayacaq. Çünki 60-dan çox namizədi qeydə alınan YAP bundan imtina edib. Müxalif qurumlardan isə 60-dan çox namizədin olacağı gözlənilmir. 

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR