Fevralın 5-də saat 15:00-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Şpartı adlanan ərazisində 1 ədəd top mərmisinin və 4 ədəd partlamamış minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Musavat.com-a verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat və kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) və 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub. Minaatan mərmiləri daşınması mümkün olduğuna görə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, top mərmisinin partladıcısı üzərində olduğuna görə işarələnərək Füzuli rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib və növbəti iş günü yerində partlayış yolu ilə zərərsizləşdirilməsi məqsədəuyğun hesab edilib.
Partlamamış hərbi sursatların (PHS) ətrafında 300 kv.m əraziyə yerüstü, 80 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.










