İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbolçuları dörd gün hava limanında saxlayan nazir – Brejnevin SSRİ yığmasına “təyin etmək” istədiyi marşal

3247 04.06.2023 14:00 Yaxın tarix A A

 

Sovet dövrünün yüksək vəzifəli hərbçiləri, o cümlədən müdafiə nazirləri  peşəkarlıqlarından, böyük səlahiyyətlərə malik olmalarından asılı olmayaraq bütün dövrlərdə partiya rəhbərləri qarşısında itaətkarlıq göstəriblər. Hətta sovet-alman müharibəsi illərində tanınmış sərkərdələr belə Kreml dəhlizlərində müti görünüblər...

İosif Stalindən başlamış Mixail Qorbaçova qədər, sovet liderləri marşal və generallara heç vaxt “sərbəstlik” verməyiblər, onları ciddi nəzarət altında saxlamağa çalışıblar. Düzdür, bəzən ötkəm hərbçilər birincilər qarşısında öz sözlərini deməyə cürət tapıblar. Amma sonda onların aqibəti heç də yaxşı olmayıb. Məsələn, Georgi Jukov zaman-zaman öz irad və tənqidlərini Stalinə bildirib, son nəticədə isə onu Moskvadan uzaqlaşdırıblar. Marşal 1957-ci ildə Nikita Xruşşovu devirmək istəyərkən onu xilas edənlərdən biri olub. Xruşşov isə bunun müqabilində Jukovu nazir vəzifəsindən kənarlaşdırıb.

SSRİ-nin ötkəm marşallarından biri də Andrey Qreçko olub ki, o, özündən əvvəlki və sonrakı müdafiə nazirlərindən son dərəcə sərtliyi və ciddiliyi ilə fərqlənib. Qreçko ilə Brejnev arasında ailəvi dostluq hökm sürüb. Buna baxmayaraq 1976-cı ildə, Brejnevin 70 illik yubileyinə hazırlıq gedərkən baş katibə marşal rütbəsinin verilməsi müzakirə olunanda Andrey Qreçko açıq şəkildə bu məsələyə öz etirazını bildirməkdən çəkinməyib.

Qreçkonun bu cür sərt etirazlarını Kreml məmurları tez-tez eşidib. 1969-cu ildə isə marşal daha “maraqlı” bir hadisəyə imza atıb.

Həmin il futbol üzrə SSRİ Kubokunun matçları keçirilib. Yarımfinala Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu (MOİK) da çıxıb. Qreçko bu komandanın xəstəlik dərəcəsində ən qatı azarkeşlərindən biri olub.  MOİK 29 iyulda Rostovda bu şəhərin Ordu İdman Klubu (OİK) ilə görüşüb. Matçdan dörd gün əvvəl müdafiə naziri Qreçko komandanın heyətini qəbul edib, onların qayğı və problemləri ilə maraqlanıb, bir sıra məsələlər elə yerindəcə həllini tapıb. Sonda marşal futbolçulara müraciət edib:

  • Qarşıda sizi çətin bir matç gözləyir. Yarımfinalda qələbə çalmalısınız ki, finala vəsiqə qazanasınız. Sizi əvvəlcədən xəbərdarlıq edirəm, məğlub olsanız Moskvaya qayıtmayın. Rahatlığınızı təmin etmək üçün sizi Rostova mənim xidməti təyyarəm aparacaq.

Moskvalı futbolçular nə qədər çalışsalar da, Rostov komandasını məğlub edə bilməyiblər. Oyun 1-0 hesabı ilə rostovluların xeyrinə qurtarıb. Matçı Moskvada kabinetində izləyən Qreçko oyundan beş dəqiqə sonra Rostovla əlaqə saxlayıb, təyyarəsinin pilotuna heç kimi gözləmədən dərhal Moskvaya uçmağı göstəriş verib.

“OMİK”in oyunçuları Rostovun hava limanına gələndə məlumat verilib ki,  onları heç bir təyyarə gözləmir. Futbolçular bir neçə gün hava limanında qalmalı olublar. Rostov-Moskva reyslerinə biletlər əvvəlcədən satıldığından komandanın işi müşkülə düşüb. Komandanın inzibatçısı Sergey Suslov bütün əlaqələrini işə salsa da, futbolçular yalnız dörd gündən sonra Moskvaya uça biliblər.

Futbolçuların Moskvaya enməsi haqqında marşala da məlumat verilib. Təyyarə Moskvanın “Vnukovo” aeroportuna enəndə trapın qarşısında qara rəngli “Qaz-24” görünüb. Hərbi mundirli bir nəfər təyyarədən düşən sərnişinləri bir-bir nəzərdən keçirib. “OMİK”in baş məşqçisi Vsevolod Bobrov  trapdan enəndə həmin şəxs ona yaxınlaşıb:

  • Siz bizimlə gedəcəksiniz.

Bobrov qara “Volqa”nın kim tərəfindən göndərildiyini dərhal anlayıb. “Qaz-24” hava limanından Müdafiə Nazirliyinin inzibati binasına istiqamət alıb.

Bobrov Qreçkonun kabinetinə daxil olanda bir cümlə belə deməyə, özünü doğrultmağa imkan tapmayıb. Qreçko düz 35 dəqiqə qapının ağzında heykəl kimi dayanan məşqçini ürəyi boşalana qədər danlayıb. Sonda yenə də Bobrova danışmağa imkan verməyərək ona qapını göstərib.

Qreçkonun qatı futbol azarkeşliyi haqqında Siyasi Büronun bütün üzvləri məlumatlı olublar. Heç kim onunla bu mövzu ilə bağlı mübahisə etməyə cürət tapmayıb. Hətta Brejnev də Qreçko ilə birlikdə bağ evində istirahət edərkən futboldan söhbət düşəndə baş katib mövzunu bir cümlə ilə qapayıb:

  • Andrey, səninlə futbol mövzusunda danışmaq mənasızdır. Biz az cavan olsaydın səni futbol üzrə SSRİ yığmasına məşqçi təyin edərdik. Sən SSRİ-yə məşqçi kimi dana çox xeyir verə bilərdin.

Qeyd edək ki, Andrey Qreçko 1967-ci ildən 1976-cı ilə qədər SSRİ-nin müdafiə naziri vəzifəsini tutub. O, eyni zamanda Siyasi Büronun üzvü olub. Brejnevin komandasında əsas söz sahiblərində biri sayılıb. Marşal elə nazir vəzifəsində olarkən, 26 aprel 1976-cı ildə 72 yaşında vəfat edib. Nazir son dərəcə sağlam və gümrah olduğundan onun vəfatı ilə bağlı bir sıra müəmmalar ortaya çıxıb. Ölümün rəsmi səbəbi qəfil ürəktutma göstərilsə də, bəzi versiyalara görə Qreçkonu qəsdən zəhərləyərək öldürüblər.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR