Avstraliyanın futbol üzrə ölkə çempionatının (A Liqası) finalını azarkeşlər çətin ki, unudalar.
Qeyd edək ki, Melburn şəhərində oynanılan final matçında yerli "Melburn"la "Sidney" qarşılaşıb. Meydan sahibləri görüşü 3:0 hesablı qələbə ilə başa vuraraq Avstraliya çempionu titulunu qazanıblar.
ABC bildirir ki, matçdan sonrakı mükafatın təqdimat mərasiminə Avstraliya Futbol Federasiyasının (FFA) prezidenti Frenk Loui başçılıq edib.
84 yaşlı multimilyarder, "Westfield" marketlər şəbəkəsinin sahibi və Avstraliya futbolunun "babası" sayılan Frenk Loui kuboku götürərək "Melburn"un kapitanı Mark Milliqana vermək istəyəndə platformadan kəlləmayallaq yıxılıb.
Xoş təsadüfdən F.Loui ağır travmalar almayıb və ayağa duraraq çempionları təbrik edib.
"AAMI Park" stadionunun arenasında baş vermiş olayın videosu sosial şəbəkələrdə "virus"a çevrilib.