İnsanlara hürriyət, millətlərə istiqlal!

Fuad Nağıyev: "Regional turizmin inkişafı məşğulluğun, sahibkarlığın  inkişafına təkan verəcək"

574 01.07.2021 12:41 İqtisadiyyat A A


"Regional İnnovativ Turizm Məhsulu” (“RİTM”) Azərbaycanda regional turizmə həsr olunmuş ilk startap proqramıdır".

Musavat.com bildirir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev iyulun 1-də “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) sahibkarlıq proqramının təqdimat mərasimində bildirib. Qurum sədri qeyd edib ki, proqramda kənd turizmi, e-ticarət, kulinariya, ümumilikdə bir çox turizm və qonaqpərvərlik sahələrinə aid olan startaplar təşviq olunacaq:

"Regional turizmi inkişaf etdirmək qarşıda duran əsas vəzifələrdən biridir. Sirr deyil ki, regional turizmin inkişafı məşğulluğun artması və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək. Bu səbəbdən “RİTM” proqramı xüsusi əhəmiyyət kəsb edir".

Fuad Nağıyev həmçinin vurğulayıb ki, proqram bölgələrdə xidmət keyfiyyətinin artırılması, turizm məhsullarının sayının və növünün çoxaldılması, həm də dayanıqlı turizmin inkişafına töhfə verəcək:

"Ölkəmizin, eləcə də ayrı-ayrı regionlarımızın turizm potensialı çox zəngindir. Hər bir regionumuzun özünəxas cəhətləri var. Bu fərqlilikləri nəzərə alaraq layihə şimalda Quba, Qusar, şimal-qərbdə Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Zaqatala, Qax, Balakən, Oğuz, cənubda Lənkəran, Lerik, Masallı, qərbdə Gəncə, Mingəçevir, Naftalan, həmçinin Naxçıvan və Bakını əhatə edəcək.

“RİTM" layihəsində ümumilikdə bir çox turizm və qonaqpərvərlik sahələrinə aid startaplar təşviq olunacaq. Proqramın hazırlanması və icrasında bir sıra dövlət və özəl təşkilatlar dəstək göstərir. Buna görə bütün tərəfdaşlarımıza və startaplar arasında keçiriləcək müsabiqənin qaliblərinə dəstək verəcək təşkilatlara təşəkkür edirəm. Tərəfdaşlarımızdan biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir. Bizim bir sıra layihələr üzrə qarşılıqlı, faydalı tərəfdaşlıq əlaqələrimiz mövcuddur.

İnanırıq ki, bu cür layihələr regionlarımızın turizm potensialının effektiv istifadəsinə, turizm imkanlarının tanıdılmasına, daha çox turistin cəlb edilməsinə öz müsbət təsirini göstərəcək”.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR