“Freedom House”un hesabatı iqtidar mətbuatının rəhbərlərini qəzəbləndirdi
Hikmət Babaoğlu: “Azərbaycan ictimaiyyəti bilir ki, “Freedom House” həmişə qeyri-obyektiv qiymətləndirmə aparıb, bizə münasibətdə həmişə qərəzli olub”
Bəxtiyar Sadıqov: “Yeni Müsavat” qəzetinin mövcudluğu Azərbaycanda mətbuat azadlığının mövcudluğuna ən böyük sübutdur”
“Freedom House” təşkilatı aprelin 29-da yaydığı “Mətbuat Azadlığı-2015” adlı hesabatında Azərbaycanı mətbuat azadlığına görə "qeyri-azad" ölkə adlandırıb.
199 ölkəni və ərazini əhatə edən illik hesabatda qeyd olunur ki, 2014-cü ildə dünyada mətbuat azadlığı son 10 ildə ən aşağı həddə düşüb. 199 ölkə və ərazidən 63-ü (32%) "azad", 71-i (36%) "qismən azad", 65-i (32%) "qeyri-azad" hesab olunub.
Azərbaycan 199 ölkə içində 188-ci yerdədir. Ermənistan da "qeyri-azad"dır, 136-cı yerdə qərarlaşıb. Gürcüstan isə mətbuat azadlığına görə "qismən azad"dır, 93-cü yeri tutub.
Dünyanın mətbuat azadlığına görə ən pis durumda olan 10 ölkəsi və ərazisi isə Belarus, Krım, Kuba, Ekvatorial Qvineya, Eritrea, İran, Şimali Koreya, Suriya, Türkmənistan və Özbəkistandır. Onlar 90-100 bal arası toplayıblar.
Hesabatda qeyd olunub ki, Azərbaycan mətbuat azadlığını ən çox pozan ölkələr sırasındadır: “Dekabrın 1-dək həbsdə 9 jurnalist var. Hakimiyyət tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılovanı saxlayıb, ABŞ-ın maliyyələşdirdiyi AzadlıqRadiosunun Bakı bürosunda axtarış aparıb və büronu bağlayıb, radio əməkdaşlarını dindirib. Ötən il bir neçə tanınmış media təşkilatı da bağlanmağa məcbur olub. Hökumət Azərbaycanda müstəqil mediaya böyük təzyiq göstərib, hədələr, basqınlar, məhdudlaşdırıcı qanunlar və təqiblərdən istifadə edib. Jurnalistlər və bloqqerlər saxta ittihamlarla üzləşib, qanunsuz olaraq saxlanıb, ilin sonunadək azı 8 jurnalist həbsdə qalıb və Azərbaycan Avrasiyada jurnalistlərin ən çox həbsə atıldığı ölkəyə çevrilib. İqtisadi və siyasi təzyiqlər – bank hesablarının dondurulması və qorxudulma jurnalistlərin hüquqlarını dəstəkləyən çoxsaylı təşkilatların bağlanmasına gətirib. Onların içində Media Hüquqları İnstitutu və ABŞ-ın İREX təşkilatı da var”.
Bu il Azərbaycanın balı 84-dən 87-yə düşüb, yəni geriləyib.
Musavat.com-a açıqlamasında “Freedom House”un hesabatına münasibət bildirən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd etdi ki, bu təşkilatın verdiyi bütün bəyanatlar Azərbaycan ictimaiyyətində gülüş doğurur: “Çünki, “Freedom House”un qiymətləndirmələri heç bir obyektivliyə sığımır. Azərbaycan ictimaiyyəti bilir ki, “Freedom House” siyasiləşmiş bir qeyri-hökumət təşkilatdır və hansısa sifarişləri həyata keçirir. Sadəcə, bu fəaliyyətini demokratiya, insan hüquqları, söz və mətbuat azadlığı kimi qlobal dəyərlərlə monipulyasiya edir. Nəticə etibarilə həmin dəyərlər gözdən düşür. Problem bundan ibarətdir. Azərbaycanın mətbuat nümayəndələri də, ictimaiyyət də bilir ki, “Freedom House” qeyri-obyektiv qiymətləndirmə aparıb, Azərbaycana münasibətdə həmişə qərəzli olub. Bu da həmin təşkilatın növbəti qərəzli qiymətləndirmələrindən biridir. Mən əminəm ki, ölkə ictimaiyyəti bunu ciddiyə almır. Bunun arxasında kimlərin dayandığı da artıq bizim üçün sirr deyil. Anti-azərbaycançı mərkəzlərin, ermənipərəst dairələrin sifarişi ilə belə hesabatlar hazırlayırlar”.
H.Babaoğlu qeyd etdi ki, jurnalistlərin həbs olunmasını mətbuat azadlığnın boğulması kimi qiymətləndirmək düzgün deyil: “Əgər dövlət varsa, onun hüquq sistemi də var, bu dövlətin vətəndaşları da həmin sistemin qanunlarına uyğun olaraq fəaliyyət göstərməlidirlər. Peşəsi nə olursa olsun, kimsə qanunu pozursa, məsuliyyət daşımalıdır. Xədicə İsmayılovanın hansı maddələrlə ittiham olunduğunu, nəyə görə həbs edildiyini hamı bilir. Qanun hamı üçün eynidir. Azadlıq Radiosunun bağlanılması da qanunvericiliyin tələbi idi. Ancaq bu media qurumu hələ də fəaliyyətini davam etdirir. Bütün bunlar göstərir ki, “Freedom House” Azərbaycana qarşı qərəzli yanaşır”.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da musavat.com-a açıqlamasında bildirdi ki, “Freedom House” təşkilatının qiymətləndirməsini obyektiv hesab etmir: “Mən buna çox sadə və adi bir açıqlama kimi baxıram. Bu təşkilat əgər müstəqillik dövründə mətbuat sahəsində bizim atdığımız addımları müsbət qiymətləndirsəydi, həyata keçirilən bu qədər işlərə obyektiv qiymət versəydi, mən o zaman təccüblənərdim. Biz heç vaxt bu təşkilatın obyektiv bəyənatına rast gəlməmişik. Məsələn, sizin “Yeni Müsavat” qəzeti müxalif mövqedə olan qəzetdir. “Yeni Müsavat” qəzetinin mövcudluğu Azərbaycanda mətbuat azadlığının mövcudluğuna ən böyük sübutdur. Müstəqillik illərində senzura ləğv olunub, ölkədə qəzet təsis etmək, sayt açmaq üçün heç bir hüquqi əngəl yoxdur. Jurnalistika sahəsində qadağan olunmuş mövzu yoxdur, kim nədən istəyirsə, ondan da yazır. Ölkə başçısının dəstəyi ilə 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və bu fond müstəqil mətbuata kömək edir. Bu fond iqtidara bağlı olan mətbuata kömək etmir, biz “Azərbaycan” qəzeti olaraq bu fondun qrant layihələrində iştirak edə bilmirik. Ancaq müstəqil qəzet olan “Yeni Müsavat” qəzeti iştirak edir və layihəsi bəyəniləndə qrant alır. Ancaq dövlət o işə qarışmır ki, bu layihə çərçivəsində nə yazılsın və necə yazılsın. Dövlət yardım edəndə belə, mətbuatın işinə qarışmır. Azərbaycanda son 10 ildə heç bir jurnalist yazdığı yazıya görə həbs olunmayıb. Adını jurnalist qoyub, digər fəaliyyətlə məşğul olanlar, vergidən yayınanlar həbs olunub. Niyə Amerikada vergidən yayınanın cəzalandırılması normal haldır, Azərbaycanda isə söz azadlığına qəsddir?”
Bəxtiyar Sadıqov bildirdi ki, əgər “Freedom House” mətbuat azadlığını dəyərləndirmək istəyirsə, Dağlıq Qarabağdan qaçqın düşən jurnalistlərdən, bağlanan qəzetlərdən yazsın: “Ağdam rayonunda 100-dən artıq jurnalist işləyirdi, onlar orada qəzet çıxarırdılar. Hamısı yurd-yuvasından didərgin düşdü. Mən hələ onların yaşamaq hüququnun, mülkiyyət hüququnun pozulmasını demirəm. Onlar jurnalsitika ilə məşğul olmaqdan məhrum olublar. Niyə bir dəfə heç bir xarici təşkilat bunu tənqid etmir? Mən “Freedom House”un açıqlamalarına əhəmiyyət vermirəm. Onlar heç zaman gəlib, burada araşdırma aparmayıblar. O hesabat ki, qərəzlidir, həqiqətə uyğun deyil, bu peşə davranışı qaydalarına da zidd sayılır”.
Nərgiz Liftiyeva






