“Freedom House” Obmanı Putinə qarşı daha sərt olmağa çağırdı
Nüfuzlu “Freedom House” beynəlxalq insan haqları təşkilatının prezidenti Devid Kramer ABŞ prezidenti Barak Obamaya müraciət edərək ondan Ukraynadakı separatçı hərəkətlərdə əli olan Rusiya və Krım liderlərinə qarşı sanksiyaları genişləndirməyi xahiş edib.
Musavat.com-un “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, “Washington Post” qəzetindəki məqaləsində Kramer bundan əlavə, Obamanın Avropalı tərəfdaşlarının da sərt qərarlar qəbul eləməsinə nail olmalı olduğunu yazıb: “Çünki Rusiya AB-yə, onun maliyyə strukturlarına daha güclü inteqrasiya olunub, nəinki Amerikaya”.
Qurum rəhbərinə görə, “qara siyahı”ya Rusiyanın Təhlükəsizlik Şurasının bütün üzvləri və bir sıra oliqarxlar, Putin administrasiyasının başçısı Sergey İvanov, FTX-nın (FSB) direktoru Aleksandr Bortnikov, müdafiə naziri Sergey Şoyqu, Dövlət Dumasının spikeri və Putinin ən yaxın silahdaşlarından olan Sergey Narışkin də salınmalıdır. Kramer həmçinin Ukraynaya qarşı güc tətbiqinə səs vermiş Federasiya Şurasının bütün üzvlərinə sanksiya tətbiq olunmasını təklif edib.
“Başa düşürəm ki, diplomatik kanalların açıq qalması üçün xarici işlər naziri Sergey Lavrova “qara siyahı”ya daxil edilməyib. Hərçənd o, Rusiyanın planları barədə dövlət katibi Keriyə dəfələrlə yalan danışıb. Necə ki, Putin Obamaya belə yalanlar satıb. Bu mənada Lavrovla bundan sonrakı danışıqların səmərəliliyi də sualı yaradır”, - deyə təşkilat rəhbəri qeyd edib.
“Freedom House”un direktoru ABŞ və AB-nin Putinin əsas “pul kisələri” olan şəxslərə qarşı da sanksiyalar təklif edib. Bunlar “Rosneft” və “Qazprom”un başçıları – İqor Seçin və Aleksey Miller, “LUKoyl” prezidentdi Vahid Ələkbərov, “Volga Group”un başçısı Gennadi Timçenko, “Rossiya” bankının səhmdarları Yuri Kovalçuk və Nikolay Şamalov, “Rosoboroneksport”un başçısı Sergey Çemezovdur.
“Bu adamlar Putinə çox yaxındılar və onun üçün mühüm şəxslərdir. Onların və onların şirkətlərinin Qərbdə çox böyük səhmləri var. Bu səbəbdən onlar bu səhmlərin dondurulmasına həssasdılar. Həmin adamlara təzyiq Putinin həyatını mürəkkəbləşdirəcək. Putin Qərb şirkətlərinə qarşı cavab tədbirlər görə bilər. Ancaq Rusiya iqtisadiyyatının kövrək durumunu nəzərə alsaq, bu, Rusiya bazarına ciddi zərbə vura bilər”.
Musavat.com






