Mirvari Fətəliyeva: “Artıq bir neçə senator Azərbaycana qarşı qətnaməyə verdikləri səsi geri çəkir”
Fransa Senatının Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı qərəzli qərarından sonra bu ölkə ilə münasibətlərimizin xarakteri müzakirə olunur.
Ölkə vətəndaşları haqlı olaraq Fransanın Vətən Müharibəsinin ilk günlərindən həmsədrlik statusunun əksinə gedərək birtərəfli qaydada Ermənistanı dəstəkləməsini əsas gətirərək, bu ölkə ilə əlaqələrin dayandırılmasını tələb edirlər.
Azərbaycanın Fransa ilə əlaqələrinin tarixinə baxanda tanınmış soydaşımız Əhmədiyyə Cəbrayılovun bu ölkənin prezidenti olmuş general Şarl de Qolla dostluğu diqqəti cəlb edir. Fransa ərazisinin alman faşistlərindən azad olunmasında böyük qəhrəmanlıqlar göstərən Ə.Cəbrayılov Şarl de Qollun həyatını xilas edib. 1968-ci ildə Moskvaya səfər edən Fransanın əfsanəvi lideri məhz buna görə şəxsən onunla görüşmək istəyib.
O, sovet rəhbərlərinə "Mən bu Azərbaycan oğluna görə SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim"- deyib. Əhmədiyyə Cəbrayılov Azərbaycanı Fransaya sevdirən böyük bir amil olub. Ondan sonra da, yeni dövrdə də Fransa - Azərbaycan münasibətləri hər zaman isti olub.
Azərbaycan hakimiyyəti Fransa ilə əlaqələrin genişləndirilməsində daim maraqlı olub. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə 2006-cı ildən başlayaraq Fransada çoxsaylı mədəni-təbliğat xarakterli tədbirlər təşkil edilib.
Eyni zamanda, adıçəkilən Fond Fransa tarixi-mədəni abidələrinin bərpası layihələrinin maliyyələşməsində iştirak edib. 2007-ci ildə Fond Parisdə yerləşən və 1979-cu ildən etibarən Dünya İrsi Siyahısına salınmış Versal Sarayının parkındakı, zamanın və iqlim şəraitinin təsiri nəticəsində zədələnmiş qədim, ümumbəşər abidələrin – “Amazonka”(1685-1693, müəllif Jak Buirret) və “Qulpları favn başları ilə bəzədilmiş vaza”nın (1687-1705, müəllif Klod Berten) bərpa işlərini həyata keçirib.
Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsini bərpa edib. Bu məqsədlə 2009-cu ilin iyun ayında Heydər Əliyev Fondu kilsəyə maliyyə yardımı ayırıb. 1320-1340-cı illərdə salınmış vitraj şüşələrinin üzərində Müqəddəs Məryəmin və İsa peyğəmbərin həyatı əks olunub.
2013-cü ildə Heydər Əliyev Fondu Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edib.
Həmin il Fransanın çoxsaylı şəhərlərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində sərgi və konsert proqramları təşkil olunub.
Fransada Azərbaycanın təbliği işinin daha da gücləndirilməsi, vahid mərkəzdən idarə olunması və daha səmərəli fəaliyyətin qurulması məqsədilə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə 2012-ci ildə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. 2012-ci il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin açılışında iştirak ediblər.

Heydər Əliyev Fondu Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların yaradılmasında iştirak edib.
2012-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa Prezidenti Fransua Olland muzeydəki İslam incəsənəti bölməsinin açılış mərasimində iştirak ediblər. Bununla bağlı məlumatda bildirilir ki, muzeydəki İslam incəsənəti bölməsində şüşədən, keramikadan və metaldan hazırlanmış müxtəlif dulusçuluq əşyaları, xalçalar, geyimlər, miniatürlər də daxil olmaqla 5 mindən çox bütöv incəsənət nümunələri, mindən artıq natamam və zədələnmiş yaradıcılıq işləri sərgilənir. Muzeyin bölməsində İslam tarixinin müxtəlif dövrlərində mövcud olmuş dövlətlərə aid sənət əsərləri də saxlanılır.
Bundan əlavə, Azərbaycanın Fransada tanıdılması üçün Fond tərəfindən çoxsaylı layihələr həyata keçirilib, Fransa və Azərbaycanın müxtəlif şəhərləri arasında əlaqələr genişləndirilib.
Qeyd edək ki, Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələr kifayət qədər inkişaf edib. Ötən əsrin 90-cı illərindən başlayaraq Fransız şirkətləri Azərbaycanın enerji layihələrində yaxından iştirak edir. "Suez”, "Total”, "Thales” kimi şirkətlər neft-qaz sektorunda dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrin iştirakçılarıdır.
Bu layihələrin dəyəri təqribən 2 milyard avroya yaxındır. Rəsmi məlumatlara görə, ümumilikdə Azərbaycanın sənaye, xidmət, rabitə, ticarət, bank və sığorta, kənd təsərrüfatı sahələrində 45 Fransa kapitallı şirkət fəaliyyət göstərir. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində də iştirak ediblər.
Azərbaycan həm də Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. 2018-ci ildə Fransanın Cənubi Qafqazın 3 ölkəsi ilə ümumi dövriyyəsinin 62,4 faizi Azərbaycanın payına
Azərbaycan tərəfindən Fransaya 2,6 milyard dollar, Fransa tərəfindən isə Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollardan çox investisiya yatırıldığı bildirilir.
Azərbaycan hökuməti yaxın gələcəkdə ölkədə icra olunacaq mühüm layihələrdə Fransa şirkətlərinin iştirakına şərait yaratmaq niyyətindəndir. Məsələn, bu ildən Ələt Azad İqtisadi Zonasında Fransa şirkətlərinin fəaliyyətə başlaması nəzərdə tutulurdu.
Fransız şirkətləri Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən layihələrdə də fəal iştirak edirlər. Bu günədək nəqliyyat infrastrukturu, energetika, meliorasiya, tullantıların idarə edilməsi, telekommunikasiya, hava nəqliyyatı, metropoliten, şəhər nəqliyyatı, neft emalı və digər sahələrdə 40-dək layihəyə Fransa şirkətləri cəlb olunub.
Azərbaycanın müxtəlif qurumları Fransa banklarından irihəcmli kreditlər cəlb edirlər. Məsələn, Azərbaycan Dəmir Yolları QSC 2019-cu ildə Fransa İnkişaf Agentliyindən “Dəmir yolu sektorunun inkişafı” layihəsi uzrə 67,3 milyon avro (128,0 milyon manat); Fransa İnkişaf Agentliyindən “Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması” layihəsi üzrə 93,2 milyon avro (178,0 milyon manat) kredit alıb.
Bu qurum 2015-ci ildə BNP Paribas bankından 180 milyon dollar, 2016-cı ildə Societe Generale Bankından 100 milyon avro kredit götürüb.
Qarşılıqlı ticarət dövriyyəsinə gəlincə, ötən il bu göstərici 787 milyon 366,61 min dollar təşkil edib. Bunun 250 milyon 727,34 min dolları Fransadan aldığımız, 536 milyon 639,27 min dolları isə onlara satdığımız məhsulların payıdır. Yəni bu ticarət 285 milyon 911,93 min dollar bizim xeyrimizə müsbət saldo deməkdir.
Biz Fransaya əsasən neft və neft məhsulları satırıq. Ötən il bu ölkəyə 536 milyon 639,27 min dollar təşkil edən ixracatımızın 528 milyon dollarını məhz bu məhsullar təşkil edib.
Fransadan isə əsasən ətirlər, kosmetik, qulluq vasitələri, ötən ilədək isə qaz və elektrik enerjisi sayğacları idxal edirik. Bu ildən qaz və elektrik enerjisi sayğaclarını Çin və Türkiyədən idxal etməyə başlamışıq.
Bu ilin 8 ayında Fransadan 113 milyon 895,99 dollarlıq məhsul idxal, oraya isə 55 milyon 56,69 min dollarlıq məhsul ixrac etmişik.
İqtisadi-siyasi-mədəni əlaqələrin geniş olmasına baxmayaraq, təəssüf ki, Fransa siyasi elitası hər zaman o ölkədəki erməni lobbisinin təsiri altında olub. Anti Türkiyə, anti-İslam təmayülləri imkan verməyib ki, Fransa dövləti Azərbaycana və Türkiyəyə münasibətdə obyektiv mövqe tutsun.

Parisdəki Azərbaycan evinin rəhbəri Mirvari Fətəliyevanın “Yeni Müsavat”a dediyinə görə, Senatın qərarı Fransa vətəndaşı kimi onu çox utandırıb: “Bir azərbaycanlı kimi isə bu qərar məni məyus etdi. Düşünürəm ki, belə qərarlar siyasi və diplomatik baxımdan çox qərəzlidir. Bu, sadəcə, burada məskunlaşmış ermənilərin, erməni lobbisinin marağına cavab verən qərardır. Senatın qətnaməsi heç də Fransanın rəsmi mövqeyi deyil, bu sənədin heç bir hüquqi əsası yoxdur. Fransa Konstitusiyasına əsasən bu kimi qətnamələrin icrası məcburi deyil, tövsiyə xarakteri daşıyır. Fransa Minsk Qrupunun həmsədri kimi BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad olunmasına dair 4 qətnaməsinə səs vermiş ölkədir. İndiki qərəzli qətnamə, nümayiş etdirilən birtərəfli münasibət Fransanın həmsədr kimi bitərəf mövqeyinə zərbə vurmuş olur. Çox təəssüf ki, Fransa Minsk Qrupunun həmsədri olsa da, BMT-nin qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxmasını tələb etdiyi halda belə qərəzli mövqe tutur”.
M.Fətəliyeva qeyd edir ki, Fransa prezidenti və xarici işlər naziri bir neçə gün əvvəl Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bildiriblər: “Bu, Fransanın rəsmi mövqeyidir. Lakin Fransada qərəzli yanaşmanın təzahürü olan qərarlar yenə olacaq. Üzümüzə gələn günlərdə müxtəlif partiyaların qondarma “DQR”-in tanınmasına dair təklifləri də Fransa parlamentində səsə qoyulacaq. Belə təkliflərin parlamentdə keçməsi bizim üçün təəccüblü və ya gözlənilməz deyil. Erməni əsilli siyasətçilər partiyalarda, parlamentdə təmsil olunurlar. Senatda qərara səs verən bir çox senatorlar əslində Türkiyəyə qarşı mənfi münasibətlərindən dolayı bu addımı atıblar. Onlar Türkiyənin Azərbaycanı dəstəkləməsinə görə qərara səs veriblər. Və bunu öz “Tvitter” səhifələrində açıq bəyan edirlər. Sanki Türkiyənin acığını Azərbaycandan alırlar”.
Azərbaycan Evinin rəhbəri maraqlı bir məlumat açıqlayaraq bildirir ki, artıq bir neçə senator qərarın lehinə verdikləri səsi geri götürürlər: “Bu gün məlumat verildi ki, bir neçə senator bununla bağlı Senata müraciət edib. Eyni zamanda senator xanım Natali Gulenin əleyhinə verdiyi səs lehinə kimi qeyd olunub, bu yanlışlığı da düzəldəcəklər. Burada fəaliyyət göstərən diaspor təşkilatlarımız səsvermədə iştirak edən senatorların hər birinə Azərbaycanın mövqeyini və öz narazılıqlarını ifadə edən məktublar göndərirlər. COVID-ə görə heç bir aksiya keçirmək mümkün deyil, buna görə də biz mövqeyimizi yazılı şəkildə onlara çatdırmağa çalışırıq”.
Dünya SAKİT,
“Yeni Müsavat”






