Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın dili açılıb. Kimsə də ona başa salmaq istəmir ki, adam, indi şərtləri qalib Azərbaycan dövləti diktə edir, nə nə cərət edib ortaya dörd şərt qoyursan?! Bu zavallı Azərbaycana qarşı 7 şərt irəli sürən Nikol Paşinyanın düşdüyü vəziyyətdən də özü üçün dərs çıxartmır.
Bundan əvvəlki xarici işlər naziri Zoqrab Mnatsakanyan da Qarabağ müharibəsinədək yekə-yekə danışırdı, amma elə ki, erməni ordusu sarsıdıcı zərbələr almağa başladı, keçmiş nazir “heç bir ilkin şərt olmadan danışıqlara hazırıq”, deyərək ötməyə başladı. İndi Ara Ayvazyan başından böyük danışmağa başlayıb. Ermənistan XİN başçısı anlaqsız vəziyyətdədirmi? Bəlkə situasiyanı doğru-düzgün təhlil edə bilmir? Ya diplomatiyadan bixəbərdir? Məncə, bunların heç biri deyil. Sadəcə Ayvazyanın avazını tənzimləyən, kəsəsi, onu danışdıranlar var. Özü də dirijor çubuğu daxildə deyil, xaricdədir.
Fransa senatı Qarabağdakı bir ovuc erməninin “müstəqilliyi”nin tanınması barədə hökumətə müraciət edəndən sonra Ayvazyanın dilli açılıb. Rəsmi Paris guya ədalətli mövqe nümayiş etdirdi, “tanıya bilmərik” dedi. Amma bunun ardınca Fransa Milli Assambleyası anoloji addım ataraq Qarabağ terrorçularının yanında olduğunu nümayiş etdirdi. Fransa xarici işlər nazirliyi guya bu dəfə də beynəlxalq hüquqa istinad edib “ikinci erməni dövləti”nin tanınmasına qarşı çıxdı. Fransada böyük bir oyun oynanıldığını hər birimiz görürük. Rəsmi Paris hələlik “ədalətli dövlət” görüntüsü yaratmaqla məşğuldur, amma daxildə ictimai rəyin hazırlanması prosesi gedir. Həm də məğlubiyyətdən sonra sarsılmış Ermənistanın toparlanması üçün əllərindən gələni edirlər. Dekabrın 6-9-da Azərbaycan ərazilərinin bölüşdürülməsini qarşılarına məqsəd qoymuş Fransa parlamentinin üzvləri Ermənistana və Qarabağa səfər edəcəklər. Bu da işğalçı ölkənin, Qarabağdakı terrorçu rejimin himayəsi istiqamətində növbəti addımdır. Odur ki, rəsmi Bakı Fransa Milli Assambleyasının anti-Azərbaycan qərarına nota ilə cavab verilməsilə kifayətlənməməli, fransız deputatlar Qarabağa icazəsiz səfər edəcəkləri halda məsuliyyətə cəlb olunacaqları barədə Parisə qərti xəbərdarlıq etməlidir.
Artıq hər kəs anlamalıdır ki, Qarabağın dağı da, aranı da Azərbaycana məxsusdur və oranı “su yolu”na döndərməyə kimsəyə icazə verilməyəcək! Bir düşünək, Azərbaycan vətəndaşları Fransaya səfər etməkdən ötrü neçə ay səfirliyə ayaq döyür, viza almaq üçün əziyyətlər çəkir! Belə olan halda Fransa vətəndaşı nə haqla mənim ölkəmin sərhədlərini qanunları tapdayaraq pozur, istədiyi vaxt, istədiyi şəxslə - özü də barəsində cinayət işi qaldırılmış, axtarış elan olunmuş cinayətkarla – görüşə gəlir?! Bunun cavabı mütləq verilməlidir, ən sərt şəkildə!
Əgər fransız deputatlar kefləri istədiyi kimi Azərbaycan ərazilərinə gəlib-getsələr, bu, Ermənistanı və Qarabağdakı erməni tör-töküntülərini şirnikləndirəcək. Odur ki, erməni işğalının, separatizminin qan damarını kəsmək lazımdır!
Fransa Milli Assambleyası “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnamə qəbul edib. Azərbaycan XİN bəyan edib ki, Fransa Parlamentinin növbəti tamamilə əsassız, qeyri-dost və təxribatçı fəaliyyətidir. Bildirilib ki, Senatın ardınca Aşağı Palatanın qərəzli qətnamə qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı kampaniyadan xəbər verir. Fransızların məqsədi aydındır... Təsəvvür edin, Kəlbəcərdəki alban kilsəsində şəhidlərimizin ruhuna dualar oxunur, Azərbaycan tarixinin bir parçası kimi müqəddəs ünvanlar qorunur, ancaq ermənisifət fransızlar Qarabağdakı dini ibadətgahları bizdən qorumaq istəyirlər. İkiüzlülükdür, özlərini korluğa, karlığa qoymaqdır! Ermənilər Qarabağı tar-mar edib, salamaq qalan binaları, evləri də son gedişlərində yandırdılar, məzarlarımızı dağıtdılar – təkcə Ağdamda 1200 şəhidin məzarı darmadağın edilib - ancaq fransalı deputatlardan kimsə bu alçaqlığa reaksiya vermədi. Məhz belələridir Qarabağdakı gərginliyi tətikləyənlər...Onlara Qarabağda əbədi sülh lazım deyil, status-kvonun saxlanması lazımdır.
Bu arada Fransanın üzv olduğu Minsk Qrupunun həmsədrləri də xortlayıb. Utanmaz-utanmaz bəyanat veriblər ki, Dağlıq Qarabağın statusu məsələsi həll olunmalıdır. Əvvəla, Azərbaycanın dövlət başçısı Minsk Qrupu ilə bağlı qəti mövqeyini dəfələrlə bəyan edib. Bundan sonra həmsədrlər üzərinə düşən missiyanın öhdəsindən gələ bilmədikləri üçün Azərbaycan xalqından üzr istəmək və fəaliyyətlərinə xitam vermək yerinə, yenə də “turistik səfər”lərini davam etdirmək niyyətlərini ortaya qoyublar. Azərbaycanın Qarabağda verdiyi şəhidlərə görə məhz bu həmsədrlər də günahkardır! Bərdədə, Tərtərdə, Gəncədə həlak olan dinc sakinlərimizə görə həm də vasitəçilər məsuliyyət daşıyır! Onlar 30 ilə yaxın müddətdə öz işlərinin öhdəsindən layiqincə gəlsəydilər, işğalçı ilə təcavüzə məruz qalan arasında bərabərlik işarəsi qoymasaydılar, erməni separatçılarla məclislər qurmasaydılar, fəlakətin miqyası bu qədər genişlənməzdi.
Hətta rusiyalı siyasi ekspert Qriqori Trofimçuk də “ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır. Onların heç bir faydası yoxdur”, deyir. Azərbaycan dövlətinin rəhbəri bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur, status məsələsi cəhənnəmə getdi! İndi həmsədrlər köhnə havaları səsləndirməklə sadəcə ürək bulandırırlar, həm də Qarabağda sabitliyin olmasında maraqlı olmadıqlarını nümayiş etdirirlər. Azərbaycan dövləti bunca düşmənçiliyə rəğmən, qanunlarımıza hörmət edəcək ermənilərə qucaq açıb, Fransa və eləcə də həmsədrlər bu mövqeyi alqışlamaq, Bakıya təşəkkür etmək əvəzinə, yenidən qaşınmayan yerdən qan çıxartmağa çalışır.
Rusiya prezidentinin köməkçisi Dmitri Peskov deyib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Fransa belə açıqlamalardan narahatdır. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov isə bildirib ki, Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətlə bağlı birgə mərkəz barədə razılığa gəlib. Üstəlik, Türk ordusu Qarabağ yolçuluğundadır. Fransadakılar isə dəli olurlar belə xəbərlərə görə...Əks təqdirdə daxildəki problemlərini həll etmək əvəzinə, Qarabağda katalizatorluq etmək istəməzdilər.
Rəsmi Bakı bəyan edib ki, Ermənistan xarici işlər naziri, xəyal dünyasından nə qədər acı olsa da, reallığa dönməlidir. Ancaq çətin. Ayvazyanın avazı Fransadan gəlir, dirijor çubuğu imkan verməyəcək onun normal mövqe ortaya qoymasına. Deyəsən, ermənilər üçün növbəti cəhənnəm odunu çatmaqdır məqsədləri. Olsun! O halda “Zəngəzur Azərbaycandır”, hədəfi gündəmə gələ bilər...






