İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın BMT Təhlükəsizlik Şurasının təcili çağırılması tələbinə digər daimi üzvlər necə reaksiya verəcək?

875 19.09.2023 20:35 Siyasət A A

Xəbər verdiyimiz kimi, Fransa bəyanat yayaraq Azərbaycanın Qarabağda antiterror tədbirlərini aparmasını qəti şəkildə pislədiyini bildirib.

Həmçinin Birləşmiş Millətlər Təşkilatınıın Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib, adekvat cavab addımları üçün avropalı və amerikalı tərəfdaşları ilə təmasda olduğunu bildirib.

Bəs Fransanın Azərbaycanın antiterror tədbiri ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili çağırılması tələbinə digər daimi üzvlər necə reaksiya verəcək?

Musavat.com bildirir ki, politoloq Elxan Şahinoğlu məsələyə bu cür şərh bildirib:

"Rusiya Ukrayna müharibəsinə görə Fransa ilə ixtilaf içindədir. Ona görə də elə tək bu səbəbə görə Rusiya Fransa ilə eyni mövqedən çıxış etməyəcək. Çinin həm Azərbaycan, həm də Ermənistanla tərəfdaşlıq münasibətləri mövcuddur. Pekin bu səbəbdən Azərbaycan əleyhinə hər hansı sənədin qəbulunda iştirak etməz istəməz. Qalır digər iki daimi üzv – Böyük Britaniya və ABŞ.

Londonun Bakı ilə tərəfdaşlıq münasibətləri mövcuddur, Böyük Britaniyanın Azərbaycanda iqtisadi maraqları var. Ona görə London Azərbaycan əleyhinə sənədin qəbuluna da müsbət yanaşmaz, uzaqbaşı “bölgədə atəşkəs elan edilsin” kimi heç bir hüquqi çəkisi olmayan ümumi bəyanata qoşula bilər. Yerdə qalır Amerika Birləşmiş Ştatları. Ağ Ev və Dövlət Departamenti İkinci Qarabağ müharibəsi günlərində Azərbaycan əleyhinə bəyanat qəbul etmədilər, balanslı açıqlamalar verdilər. Bu sonrakı müddətdə Azərbaycan-ABŞ münasibətlərinin daha da yaxınlaşmasına şərait yaratdı. Vaşinqton enerji və təhlükəsizlik məsələlərinə görə Azərbaycanla əməkdaşlığa və dialoqa ehtiyac duyur, İran amilini də nəzərə alır. Ancaq Dövlət Departamenti rəsminin Konqresdəki son anti-Azərbaycan çıxışı bizdə məyusluq yaradıb. Bu o deməkdirmi ki, ABŞ Fransanın Azərbaycan əleyhinə hər hansı sənədin qəbuluna “yaşıl işıq” yandıracaq? Vaşinqton bilir ki, Parisin anti-Azərbaycan mövqeli sənədi Təhlükəsizlik Şurasında qəbul edilməyəcək".

Politoloq qeyd edib ki, belə olan halda Vaşinqton Fransanı dəstəkləməklə heç nə qazanmayacaq, əksinə Azərbaycanla münasibətlərinə kölgə salacaq.

"Bu, Amerikanın regional maraqlarına da ziddir", - deyə Elxan Şahinoğlu qeyd edib.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR