İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada seçkilərin ilginc nəticələri - Makronun iflası...

747 02.07.2024 08:38 Siyasət A A

Le Penin lideri olduğu Milli Birlik Partiyası və müttəfiqləri parlament seçkilərinin ilk turunda qalib gəlib; Elnur Məcidli: “Radikal sağın hakimiyyətə gəlməsi Makronun istefası ilə nəticələnəcək”

Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilər üçün səsvermənin ilkin nəticələri bəlli olub. Birinci turda seçilmək üçün namizəd yaşadığı bölgədəki seçicilərin yarıdan çoxunun dəstəyini almalıdır. Birinci turda azı 12,5 % səs toplayan namizədlər iyulun 7-də keçiriləcək ikinci turda iştiraka buraxıla bilər. Marin Le Penin lideri olduğu Milli Birlik Partiyası və müttəfiqləri Fransada keçirilən parlament seçkilərinin ilk turunda 33.4 faiz səslə qalib gəlib. Fransa Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub. Məlumata görə, solçu Yeni Xalq Cəbhəsi 27.98 faiz səslə ikinci yerdə qərarlaşıb. Fransa prezidenti Emmanuel Makronun koalisiyası isə 20.76 faiz səslə üçüncü olub. Seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.

“Yeni Müsavat” qeyd edir ki, növbədənkənar seçkiləri Fransa prezidenti Emmanuel Makron iyunun 9-da prezident koalisiyasının Avropa Parlamentinə seçkilərdə ciddi məğlubiyyəti fonunda təyin edib. Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilərin birinci turu Yeni Kaledoniyanın Uailou kommunasında seçki məntəqələrində pozulub. “Outre-mer La Premiere” telekanalının məlumatına görə, naməlum şəxslər şəhər meriyasının girişini avtomobillə bağlayıb və onu yandırıblar. Hadisə Avropa vaxtı ilə iyunun 30-a keçən gecə, meriya binasında seçki məntəqələri açılmazdan əvvəl baş verib. Yanan avtomobillə yanaşı, naməlum şəxslər girişdə ağır beton blok və ağacdan baryerlər qoyublar. Nəticədə nə seçicilər, nə də kommunanın meri binaya daxil ola bilməyib, seçki qutuları da quraşdırılmayıb. Səsvermə pozulub.

Yeni Kaledoniyada da seçkilər xüsusilə gərgin ab-havada keçirilir, çünki hökumətin başlatdığı seçki islahatına etirazlar hələ də tam səngiməyib. İslahata əsasən, yerli xalqlarla yanaşı, Yeni Kaledoniyada 10 ildən artıq yaşayan vətəndaşlara da səsvermə hüququ verilir. May iğtişaşlarından sonra adaya əlavə polis və jandarm dəstələri göndərilib. Onlar dövlət qurumlarının fəaliyyətini təmin edir, etirazçıların yollarda qurduqları barrikadaları aradan qaldırırlar. Seçkinin ilkin nəticələrindən sonra Fransada iğtişaşlar başlayacağı haqda da proqnozlar var. 

“ABŞ prezidenti Co Bayden, Fransa lideri Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts dünyada sabitliyi pozmaq üçün hər şeyi edir. Lakin onların ölkələrinin vətəndaşları liderlərinin kursunu dəstəkləməkdən imtina edirlər”. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Telegram kanalında yazıb. “Bayden və Makronun uğursuzluqları ona gətirib çıxarıb ki, amerikalılar və fransızlar fərqli siyasət lehinə seçim etməyə başlayıblar. ABŞ və Fransa vətəndaşları öz seçimlərini milliyönümlü siyasət yeritmək, iqtisadiyyatlarının inkişafı və qlobal təhlükəsizlik məsələlərinin həlli zərurətindən yana edirlər. Böyük Britaniyanın mühafizəkarlarını da uğursuzluq gözləyir. Səbəbi özlərində axtarmalıdırlar”, - o bildirib.

Diasporumuz gücləndikcə, erməni təbliğatı iflasa uğrayacaq- Elnur Məcidli

Elnur Məcidli

Fransada yaşayan azərbaycanlı hüquqşünas Elnur Məcidlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Avropada radikal milliyyətçilərin səsinin artması ilə bağlı son illər həyəcan təbilləri çalınsa da, milliyyətçilərin qarşısıalınmaz yüksəlişinin davam etməsində əsas faktorlar qanunsuz miqrasiya və COVİD pandemiyasından sonra başlayan yüksək inflyasiyanın Rusiya-Ukrayna müharibəsi fonunda daha da artaraq davam etməsidir: “Xüsusən 6-9 iyun tarixləri arasında keçirilən Avropa Birliyinin parlament seçkiləri, birliyə üzv olan ölkələrin əksəriyyətində radikal sağ, yaxud milliyyətçilərin qələbəsi ilə yekunlaşdı. Artıq Avropa Birliyi Parlament Assambleyasının böyük əksəriyyətinin milliyyətçi deputatlardan formalaşması yaxın 5 ildə Avropa Birliyinin fəaliyyət mexanizmlərinin hansı yöndə dəyişməsi ilə bağlı ilkin konturları bizə verməkdədir. AB Parlament seçkilərində milliyyətçilərin zəfəri, Belçika baş naziri De Croonun istefası ilə nəticələndi, Fransada isə ölkə prezidenti Emmanuel Makron çox ciddi siyasi risk alaraq ölkə parlamentini buraxdı və Fransada keçiriləcək Olimpiya oyunları ərəfəsində yeni parlament seçkilərinin keçirilməsinə qərar verdi”.

E.Məcidlinin sözlərinə görə, Fransada keçirilən parlament seçkilərinin ilk turunda radikal milliyyətçi Marine Le Penin liderlik etdiyi Milli Birlik Partiyası 34 faiz səslə 1-ci olub, 2-ci yerdə radikal sol partiyaların ittifaqı sayılan Xalq Cəbhəsi 28 faiz toplayıb, ölkə prezidenti Makronun sağ mərkəz ittifaqı isə 20 faiz səslə 3-cü yerdə qərarlaşıb: “Bu həftəsonu isə parlament seçkilərinin 2-ci turu keçiriləcək və hər şey yekun nəticələrdən asılı olacaq. Əgər 2-ci turda da Milli Birlik Partiyası 1-ci yeri tutarsa, 577 yerlik Milli Assambleyada, radikal milliyyətçilərin 255-295 arası yer əldə edəcəyini söyləmək olar, belə olan halda radikal milliyyətçilər bir çox qanun layihəsini parlamentdən rahatlıqla çıxara biləcəklər. Parlament seçkiləri öncəsindəki teledebatlarda Milli Birlik Partiyasının baş nazir namizədi, 28 yaşlı Jordan Bardellanın çıxışlarından belə qənaətə gəlmək olar ki, radikal milliyyətçilər hakimiyyətə gəldikləri təqdirdə, ilk addım olaraq, miqrasiya axını durdulacaq, yeni məscidlərin inşasına icazə verilməyəcək, xaricilərə verilən sosial yardımlar kəsiləcək, başörtüsü universitetlərdə və ictimai yerlərdə yasaqlanacaq. Radikal milliyyətçilərin hakimiyyətə gəlməsi, Fransada cəmiyyəti iki yerə bölmə ehtimalı böyükdür, xarici-yerli qarşıdurması yaranarsa, bu prosesin Fransanı vətəndaş müharibəsinə aparma təhlükəsi yarana bilər”.

E.Məcidlinin fikrincə, xarici siyasətdə isə radikal milliyyətçilərin zəfəri ilə Fransanın Avropa Birliyini tərk etməsi, Rusiya ilə yaxınlaşması labüd görsənir: “Hər şey 2-ci turun nəticələrindən asılı olacaq və belə görünür ki, fransız xalqı radikal sol ilə radikal sağ arasında seçim etməli olacaq. Fikrimcə, radikal sağın hakimiyyətə gəlməsi, çox güman ki, Makronun istefası ilə nəticələnəcək və yaxın aylarda Fransa növbədənkənar prezident seçkisi keçirməli olacaq”.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova Makronun ikinci ağır zərbə aldığını düşünür. Onun fikrincə, Avroparlamentə seçkiləri uduzan Makronun partiyası isterika vəziyyətinə düşdüyü üçün daxili seçkilərə getmək qərarı verməklə növbəti məğlubiyyətə imza atmış oldu. Ekspert Makronun vabank getdiyini müşahidə edir: “Bu, qumar masasında məğlubiyyətə bənzəyir. Makron uduzduqca aqressivləşir. Lakin Le Pen də mütərəqqi ideyaları olan siyasətçi deyil. Əvvəla, ifrat sağçıdır, ikincisi, ermənipərəstdir. Ona görə çox da sevinməyə dəyməz. Bununla belə, Makron ciddi seçki zərbələri alıb və nokaut vəziyyətinə yaxındır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR