Fransa XİN rəhbəri “altılıq” və İran arasında razılaşmanın əldə olunmasına mane olub
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, noyabrın 8-də Cenevrədə danışıqlarda iştirak edən Fransa XİN rəhbəri Loran Fabius danışıqlarda razılaşmanın əldə olunacağına əmin olmadığını bəyan edib.
O “France Inter radio”ya müsahibəsində həmçinin qeyd edib ki, Paris “uğursuz razılaşma”nı qəbul etməyəcək. “Röyters” agentliyi qeyd edir ki, bu cür çıxışlar Qərb ölkələri sıralarında fikir ayrılığının olduğuna işarə edir. Danışıqlar prosesindəki mənbənin məlumatına görə, Fransa danışıqlar prosesində ön plana keçməyə çalışır.
“Amerikalılar, Avropa Birliyi və iranlılar bir neçə aydır ki bu təklifin üzərində çalışırlar və Fabiusun danışıqların son mərhələsinə bu cür çıxış etməsi özünü göstərməkdən başqa bir şey deyil”, deyə mənbə bildirib.
Qeyd edək ki, İran XİN rəhbərinin müavini Abbas Əraqçı “Mehr” agentliyinə müsahibəsində bildirib ki, “altılıq” ölkələri mövqelərini müəyyənləşdirmək üçün aralarında daim məsləhətləşmələr aparır.






