İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa prezidentinin Qarabağ açıqlamasına politoloqlardan reaksiyalar

2421 24.01.2018 21:51 Siyasət A A

Elxan Şahinoğlu: “Bu, münaqişənin həllinə təsir etmir”; Əhəd Məmmədli: “Makronun bu çıxışını protokol qaydası bir çıxış hesab edirəm”

Azvision bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron Ermənistan prezidenti Serj Sərkisyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Makron bildirib ki, Fransa münaqişənin həlli istiqamətində ABŞ və Rusiya ilə birlikdə səylər göstərməyə hazırdır.
"Mən Ermənistan prezidentinə bildirdim ki, Fransa münaqişə tərəfləri arasında qərəzsiz vasitəçiliyə sadiqdir. Biz rusiyalı və amerikalı müttəfiqlərimizlə birlikdə münaqişənin həllinə kömək edə biləcək istənilən təşəbbüslərə hazırıq", - deyə Fransa prezidenti vurğulayıb.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransanın dövlət başçısının dedikləri ölkəmizdə müzakirələrə yol açıb. Məlumdur ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində neytral mövqe tutmalı olan dövlətlərdən biri sayılsa da, hər zaman tərəf tutub, yəni xristian təəssübkeşliyindən çıxış edərək, təcavüzkar Ermənistana müxtəlif yollarla dəstəyini ifadə edib. Bu baxımdan Makronun dediklərində təəccüblü heç nəyin olmadığı deyilir. Makrondan əvvəl Fransaya rəhbərlik edənlərin bu tipli açıqlamalarına az rast gəlməmişik. Belə açıqlamaların heç bir əhəmiyyətinin olmadığı göz önündədir. Bu baxımdan Makronun dedikləri ilə bağlı siyasi ekspertlərin mövqeləri birmənalı deyil.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Fransa prezidentinin Qarabağla bağlı fikir növbətçi sözlərdir: “Fransa Minsk qrupu həmsədrlərindəndir. Rusiya vasitəçi olaraq fəaldır. Doğrudur, bu münaqişənin həllinə təsir etmir. Ancaq Rusiyanın təkbaşına vasitəçiliyi Parisi də nəsə hərəkətə məcbur etməlidir. Ona görə də Fransada prezidentlərin kimliyindən asılı olmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli vasitəsilə ara-sıra açıqlamalar verirlər. Münaqişə isə yalnız quru açıqlamalarla həll olunmur”.

Əhəd Məmmədli ile ilgili görsel sonucu

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bu cür çıxışların dəfələrlə olduğunu söylədi: “Bu cür çıxışlar çox olub. Bunu əvvəlki Fransa prezidentləri də deyib, nəticə isə eyni olub. BMT-nin qətnamələrinə, beynəlxalq hüquqa rəğmən Azərbaycan ərazilərinin bir hissəsi yenə işğal altında qalır. Bunun belə olmasının ilk günahkarı Minsk qrupunun həmsədrləridir. Çünki 25 ildir Rusiya-ABŞ-Fransa üçlüyü Azərbaycana torpaqlarını azad etməyə imkan vermirlər. Ona görə Makronun bu çıxışını protokol qaydası bir çıxış hesab edirəm. Fransa Avropada, Rusiya isə dünyada Ermənistanın ən yaxın müttəfiqidir. ABŞ-a gəldikdə isə bu ölkədə erməni lobbisinin gücü hamımıza yaxşı məlumdur. Ona görə hesab edirəm ki, Azərbaycan Minsk qrupu çərçivəsində danışıqlardan ümumiyyətlə imtina etməlidir və yaxud qardaş Türkiyənin həmsədr kimi iştirakına nail olmalıdır. Paralel olaraq Azərbaycan-Türkiyə-Pakistan siyasi-hərbi ittifaqı yönündə hər üç qardaş dövlət rəsmiləri artıq ciddi addımlar atmalıdır. Bunun ilk addımı olaraq Abşeron yarımadasında Türkiyənin hərbi bazasının qurulmasına start verilməlidir. Qardaş Türkiyənin ildən ilə güclənən, qüdrətlənən dövründə Azərbaycan maksimum dərəcədə öz xeyrinə və ələlxüsus da Qarabağın azad edilməsi yönündə istifadə etməlidir”.

Politoloq Nəzakət Məmmədova ile ilgili görsel sonucu

Politoloq Nəzakət Məmmədova Minsk qrupunun həmsədr ölkələri arasında ziddiyyətlərin yarandığına toxundu: “Sərkisyanla görüşdə çox ehtimal ki, Qarabağ məsələsi müzakirə olunub. Çünki Ermənistan hər fürsətdə Qarabağ münaqişəsinin xalqların öz müqəddəratını təyinetmə prinsipi əsasında həlli və qondarma soyqırımın məsələsini gündəmə gətirməyə çalışır. Uydurma "soyqırım" məsələsi artıq Fransa tərəfindən tanındığı üçün əsas diqqətin Qarabağ probleminə yönəldiyini ehtimal etmək olar. Lakin Fransa prezidentinin fikirləri daha çox həmsədr ölkənin ənənəvi bəyanatlarından biridir. Fransa 23 ildir ki, həmsədr ölkədir və bu müddətdə həmin ölkədə bir neçə prezident dəyişib, amma münaqişə həllini tapmayıb. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi Fransanın həm özünün imzası olan 4 qətnamənin yerinə yetirilməsi məsuliyyəti, həm də Minsk qrupu həmsədri kimi üzərinə götürdüyü öhdəliyi var. Lakin tək Fransanın mövqeyi nəyisə dəyişmir. Burada 3 həmsədr ölkə və münaqişə tərəflərinin qarşılıqlı razılığa gəlməsi lazımdır. Hazırda isə münaqişə bir qədər də mürəkkəb beynəlxalq dövrə təsadüf etdiyindən həmsədrlərin öz aralarında olan ziddiyyətlərin kəskinləşməsi müşahidə olunur. Yaxın Şərq münaqişəsində ABŞ və Rusiya münasibətlərində ziddiyyətlərin kəskinləşməsi onların bir sıra regional məsələlərə baxış müxtəlifliyini də ortaya qoyub.

Eləcə də, hazırda ABŞ və NATO müttəfiqləri, o cümlədən Fransa arasında bir sıra fikir ayrılıqları var. Fransa Avroatlantizm cərəyanında əsas Avrosentrist ölkədir. De Qoll dövründəki NATO əsgərlərinin Fransa torpağını tərk etməsi ultimatumunu xatırlayaq. Bu gün də Fransa Avropanın daxili məsələlərinə ABŞ-ın müdaxiləsinə qarşıdır. Avropa Birliyinin möhkəmlənməsi tərəfdarıdır.

Rusiya ilə Fransanın da münasibətində fikir ayrılıqları var. Ən azından Makron Putinlə Fransada seçkiöncəsi radikal Le Penə dəstək verməklə onun əliylə Fransanı Avropa Birliyindən çıxarmaq istədiyini yaxşı bilir. Ukrayna məsələsində də fikir ayrılıqları qalır. Belə bir şəraitdə Qarabağ məsələsində həmsədrlərin razılığa gəlməsi çətindir. Onlar Qarabağ məsələsinə öz maraqları baxımından yanaşır, nəinki beynəlxalq hüququn aliliyi tərəfindən. Üstəlik, Fransa erməni lobbisinin təsirində olmaqdan başqa, həm də Ermənistanın Avropa Biliyi ilə saziş imzalaması səbəbindən onunla bir qədər də yaxınlaşmış hesab olunur. Digər tərəfdən isə İspaniyadakı separatizm dalğası Fransanı da qorxudur.

Çünki tarixən Kataloniyanın bir hissəsi Fransa ərazisinə düşür. Odur ki, Fransa Avropa Birliyinin Şərq Tərəfdaşlığı sammitində münaqişələrin dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllinə imza atmış dövlətdir. Yəni, nəticə olaraq Fransa hüquqi baxımdan həm BMT Təhlükəsizlik​ Şurasında 4 qətnaməyə və Avropa Birliyinin bəyanatına imza atmaqla Azərbaycanın haqlı mövqeyinin tərəfində olduğunu göstərsə də, əməli fəaliyyətində daha çox Ermənistanın yanındadır. Üstəlik də, həm Azərbaycanda, həm Ermənistanda, həm də Rusiyada bu il seçki ilidir. Odur ki, Makronun bəyanatının münaqişənin həllində dəyişikliyə səbəb olacağı inandırıcı görünmür”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR