Fransada “İrəli” hərəkatının namizədi Emmanuel Makron və “Milli cəbhə” partiyasının namizədi Marin Le Penin prezident seçkilərinin ikinci turuna keçməsi ilə razılaşmayan yuxarı sinif şagirdləri Parisin küçələrinə çıxıblar.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “Nə Marin, nə Makron” şüarları səsləndirən yüzlərlə məktəbli paytaxtın mərkəzindəki “Respublika” meydanına toplaşıb. Sonra onların bəziləri “Bastiliya” meydanına doğru hərəkət edib.
Paris KİV-lərinin məlumatına əsasən məktəblilər polis əməkdaşlarına daş və şüşə qablar atıblar. Buna cavab olaraq qanun keşikçiləri nümayiş iştirakçılarına qarşı gözyaşardıcı qaz işlədib.
Xatırladaq ki, aprelin 23-də Fransada prezident seçkilərinin ilk turu keçirilib. Səsvermənin nəticəsinə görə ilk iki yeri tutan Makron və Le Pen mayın 7-də baş tutacaq ikinci tura adlayıb.






