İnsanlara hürriyət, millətlərə istiqlal!

“FÖVQƏLNAZİR”in YAXIN ŞƏRQ PROJESİ

1473 09.04.2010 08:46 Yazarlar A A
Bizsə iş-güc adamlarıyıq, bu dəqiqə dünyanın taleyini həll eləyirik. İnqilab-zad kimi xırda şeylərə vaxtımız haradadır?! Yenə deyirəm, məni bu dəqiqə qırğızlar, Orta Asiya yox, Ön Asiya daha çox maraqlandırır. Avropa heç - nə onlar bizlikdir, nə də biz onlarlıq. Bizimki problemli, münaqişəli yerlərdir, tarix üstümüzə oralara da adam kimi yaşamaqda kömək etmək kimi yekə bir missiya qoyub. Nə dedin? Bəs rayonlarımız niyə it günündə yaşayır, kənddə camaat evini hələ də təzək yapmaqla qızdırır? Noolsun?! Belə gic-gic suallar vermə. Elə Qarabağ da heç, xırda şeydir, onunla qoy QAT başını qatsın.
Geopolitik haqq-hesablar olan yerdə xırda məsələlər arxa plana keçib əl-ayağa dolaşmamalıdır. Deyirlər Kəmaləddin Heydərov yoldaş Yaxın Şərqə - İsrailə səfərə hazırlaşır. Yolu pambıq olsun. Bu dəqiqə çox lazımlı səfərdir. Asiyanın cənub-şərqini abıra salmışdıq, qalmışdı önü. Orada çoxlu fövqəladə problemlər var. Bu isə dünya siyasətində ulduz kimi parlayan, sözünün çəkisi-sanbalı olan bizim kimi lider ölkənin ad-sanına əsla yaraşmaz. Amerikanın bizi sayıb səfir göndərməməsi, Gürcüstana göstərdiyi münasibəti göstərməməsi kimi sarsaq faktları burada yada salıb kövrəlmə. Bu da boş şeydir. Başa düş, biz Qərblə daha dost deyilik. Onlar sarsaqlayıb bizim Şərqlə qardaşlıq, dostluq əlaqələrimizi qısqanır, aramızda nə varsa, neçə milyonluq sövdələşmə olubsa, hamısını açıb tökürlər.
Hə, Cənub-Şərqi Asiyaya - Sinqapura, Malayziyaya uğurlu səfərdən təzəcə qayıdan “fövqəlnazir”ə bu səfərində də başarılar diləyirəm. İnanıram ki, Kəmaləddin bəyin səfəri nəinki ərəb-İsrail münaqişəsinin həllinə, ümumiyyətlə, rəsmən 1947-ci ildən, qeyri-rəsmi isə əsrlərdir uzanan Yaxın Şərq məsələsinin tezliklə çözülməsinə layiqli töhfəsini verəcəkdir. Nöşün ki, bəy hansı sahəyə girişirsə, orada fövrən dirçəliş başlayır, hamı yaxşı dolanır. Hər iki mənada - həm maddi, həm də siyasi baxımdan.
Baxarsınız, Fələstin Azadlıq Təşkilatının radikal liderləri beş-on günə Kamal müəllimin zavoduna məxsus “fövqəlşirə”dən - “Jalə”dən hortdada-hortdada İsrail militanları ilə doğma qardaş, minimum əmioğlu kimi deyə-gülə söhbət eləməsə, day siyasətdən bir şey qanmıram. Şərq incə məsələdir, bəstəkar Kamal müəllim isə incəsənət adamı. Yəni bu səfərdə uğur hesab elə ki, indidən cibindədir. Yaxın Şərq məsələsi də belə getdimi? Dünyanı bu problemin ağır yükündən də belə xilas elədikmi? Novruz Məmmədov durub Azərbaycanın dünya siyasətindəki rol və çəkisindən danışanda daha dodaq büzmə.
Özü də təkcə Asiya deyil. Biz sırf Şimali Amerikanın acığına Cənubi Amerikanı da fəth etməyə başlamışıq. Odur ha, Misir Mərdanov yoldaş Təhsil Nazirliyinin nümayəndə heyətini Latın Amerikasının ən iri dövləti olan Braziliyaya yola salıb. Yox əşşi, “Santos”un oyununa baxmağa, Peledən avtoqraf almağa, ya da xalis Braziliya kofesi gətirib satmağa yox. Oranın təhsil sistemini öyrənməyə, islahatlar barədə fikir mübadiləsi aparmağa, təcrübəni paylaşmağa. Axı Braziliya dünyada təhsilin lap güclü inkişaf elədiyi yerdir, orada çoxlu lazımlı şeylər öyrənmək olar. 188 milyon əhalisi olan bu ölkədə camaatın 63 faizə yaxını adını da yaza bilmir. Yəni əsl Mərdanovun arzularının ölkəsidir - savadsız, kor, sürü halında bir camaatı olan yer. Təhsil məmurları çalışıb oradan elə ideyalarla gəlməlidir ki, bizdə də elə olsun. Savadsızlarımızın sayı hələlik cəmi 20-25 faizdir. Kişilər əziyyət çəkib təhsili tamam dağıtmağa çalışır. Amma heç cür alınmır. Görək bu səfərdən sonra nə olur...
Polad Alemdarın Qəbələyə gətirilməsinin “fövqəlnazir”in Yaxın Şərq səfəri ilə əlaqəsi olmamış olmaz. Görünür, Polad israillilərlə yola getməyən Fellerin planlarının uc-qulağından bizimkilərə nəsə danışıb. Yoxsa belə qəfil səfər nəyə lazım idi?!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR