İnsanlara hürriyət, millətlərə istiqlal!

FİRUDİN SƏMƏNDƏROV İŞDƏN ÖZ ƏRİZƏSİ İLƏ ÇIXIB

7557 28.02.2011 09:05 Ölkə A A
Bu məsələdə ziddiyyətli fikirlər olduğunu nəzərə alaraq hüquq elmləri namizədi, millət vəkili Çingiz Qənizadədən münasibət öyrəndik. Məlum oldu ki, F.Səməndərov həm də onun elmi rəhbərli olub. Ç.Qənizadə mətbuatda bu cür materialların getməsini təəccüb və təəssüflə qarşıladığını bildirdi. Onun sözlərinə görə, F.Səməndərov bu gün cinayət hüququnun atası sayılacaq şəxslərdəndir: “Düzdür, cinayət hüququ sahəsində xeyli müəllim və professorlar olub və var, amma Firudin müəllimin yeri xüsusidir. Universitetdə bir neçə qocaman müəllim və professor qalıb ki, onların adı həmişə xoş xatirələrlə anılacaq. Onlardan biri də Firudin Səməndərovdur”.
Mətbuatda məsələnin bu cür işıqlandırılmasına gəlincə, Ç.Qənizadə bildirdi ki, həmin xəbərləri oxuyanda ortada hansısa qaranlıq məqamların olduğundan şübhələnib və BDU-nun rektoru, həmkarı Abel Məhərrəmovla əlaqə saxlayıb: “Abel müəllim bildirdi ki, işdən çıxarılan adamlar arasında Firudin Səməndərovun adının hallandırılması mətbuatın məsələni düzgün işıqlandırmamasından irəli gəlib. Rektor qeyd etdi ki, korrupsiya və rüşvətə qarşı mübarizəni Firudin müəllimə qətiyyən şamil etmək olmaz. Firudin müəllim 4 ilə yaxın idi ki, hüquq fakültəsinin dekanı vəzifəsini icra edirdi. Bu müddətdə o, rəsmi ərizə ilə 4 dəfə rektora müraciət edib ki, onu tutduğu vəzifədən azad etsinlər. Əvvəla, Firudin müəllimin səhhətində problemlər var. Bundan başqa, o, uzun illərdir ki, hüquq fakültəsində cinayət hüququ kafedrasının müdiridir. Dekan otağında demək olar ki, oturmurdu, müəllimləri də, tələbələri də kafedrada qəbul edirdi. Yəni onun dekan əvəzi vəzifəsindən çıxmasını başa düşmək mümkündür. Mənə bildirildi ki, aparılan mübarizə çərçivəsində bəzi məsələlərə baxılan ərəfədə Füruddin müəllimin də ərizəsinə baxılması bu mübarizənin tərkib hissəsi kimi başa düşülüb. Universitet rəhbərliyi ilə söhbətlərim zamanı deyildi ki, yaxın bir-iki gündə bu məsələyə dair rəsmi mövqe açıqlanacaq. Demək istədiyim odur ki, Firudin müəllimin işdən çıxarılması yox, işdən çıxması xəbərini işıqlandırmaq lazım idi”. Ç.Qənizadə F.Səməndərovun universitetdə və onu tanıyanlar arasında sevilən bir insan olduğunu dedi. Onun sözlərinə görə, F.Səməndərovun adını rüşvətlə, pulla bağlamaq mümkün deyil: “Universitetin hüquq fakültəsində təhsil alan tələbələr də bunu çox gözəl bilirlər. Burada mətbuatın günahı var ki, dəqiqləşməmiş informasiyanı işıqlandırıblar. Firudin müəllimin özü ilə görüşdüm və o, təəccüb hissi keçirməklə bağlı gülürdü ki, hansısa bir jurnalistin, əməkdaşın məsuliyyətsizliyi ucbatından 70 ildə yol vermədiyi əməllə birgə adı hallanır. Mən hesab edirəm ki, o, kafedra müdiri olaraq daha böyük işlər görməkdə davam edəcək”.
Qeyd etməyi vacib sayırıq ki, F.Səməndərovun işdən çıxarılması ilə bağlı xəbərin ilkin qaynağı BDU-nun mətbuat xidməti olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR