Fırıldaqla milyonlar qazanan vəzifəli şəxslər mühakimə olunurlar
Bakıda və əksər bölgələrdə minlərlə vətəndaşı aldadaraq onlardan işə düzəltmək adı ilə pul alan şəxslər hakim qarşısına çıxarılır. Onlar “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləridirlər.
Xatırladaq ki, ötən ilin müxtəif aylarında paytaxt Bakı ilə yanaşı, bir çox rayonlarda etiraz aksiyaları keçirilmişdi. Aksiyaların keçirilməsinə səbəb adı çəkilən şirkətlərin bölgələrdə və Bakıda vətəndaşlardan onları işə düzəltmək adı ilə pul almaları, ancaq verilən vədə əməl etməmələri idi.
Musavat.com-un məlumatına görə, ilk olaraq Bakıda yüzlərlə zərərçəkmiş əvvəlcə Prezident Administrasiyasının qarşısında akiya keçirmişdilər. Narazı kütlə “Qala BTX” MMC-nin rəhbərliyinə işə düzəlmək üçün minimum 2-3 min manat depozit ödədiklərini deyiridlər. Onlar arasında işə düzəldikdən sonra 2-3 ay maaş alanlar olduğu kimi, depoziti ödədikdən sonra ümumiyyətlə maaş almayan şəxslər də çoxluq təşkil edirdi.
Bakıda başlayan aksiyaların davamı olaraq bölgələrdə - Tərtər, Bərdə, Goranboy, Ağcabədi, Mingəçevir və bir çox şəhərlərdə zərərçəkmişlər aksiyalar keçirməyə başladılar. Onlar ödədikləri depozitlərin qaytarılmasını, işlədikləri müddətdə onlara verilməli olan maaşların ödənilməsini tələb edirdilər.
Etiraz aksiyalarından sonra prokurorluğa dəvət edilən və problemləri dinlənilən şəxslər musavat.com-a bildirmişdilər ki, Bakı və bölgələr də daxil olmaqla şirkətlərin ümumilikdə 10 mindən çox işçisi olub. Və hər kəs də depozit qoymaqla işə düzəlib. Zərərçəkmişlər arasında 100 min manat depozit qoyanlar belə olub. Qoyulan depozitin məbləği şirkətin vəd etdiyi vəzifəyə uyğun olaraq dəyişirmiş.
Vətəndaşlardan minimum olaraq 2-3 min manat depozit alan şirkət 2-3 aylıq həmin şəxslərə 600-700 manat aylıq əmək haqqı verib. Maaşların verilməsi 3 ay gecikəndən sonra etiraz aksiyaları başlayıb. Bu zaman məlum olub ki, minlərlə zərərçkmiş şəxs var və onların əksəriyyəti depozit qoysalar da heç bir işlə təmin edilməyiblər.
Bir neçə gün ölkə mətbuatında gündəm mövzularından olan bu hadisədən sonra hüquq-mühafizə orqanları hərəkətə keçdi.
Minlərlə vətəndaşı aldadan şirkət əməkdaşları barədə rəsmi məlumat yayan Daxili İşlər Nazirliyindən (DİN) bildirilmişdi ki, “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.
Rəsmi məlumatda qeyd edilir ki, aparılan araşdırmalar zamanı müəyyən olunub ki, “General” MMC, daha sonra “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru V.Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb.
Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.
Həmin faktlar üzrə cinayət işi başlanılıb, V.Hüseynov, M. Cəfərov, K.Bayramov, A.Həsənov və F.Babayev barələrində 2015-ci ilin fevral ayında həbs qətimkan tədbiri seçilib.
Həmin şəxslər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Qeyd edək ki, adı çəkilən şəxslərinhəbsindən sonra zərərçəkmişlər növbəti dəfə bir araya toplaşaraq aksiya keçirmişdilər. Onlar adı çəkilən şəxslərin həbsinin təqdirə layiq hal olduğunu, lakin belə olan halda onlara pullarının qaytarılmayacağını deyirdilər. Zərərçəkmişlər tələb edirdilər ki, şirkət rəhbərliyinin şəxsi əmlakı, şirkətə məxsus ofislər satılsın və onlara dəymiş ziyan ödənilsin.
Əldə etdiyimiz məlumata görə, adı çəkilən şəxslər həbs edildikdən sonra onların əmlakına həbs qoyulub. Lakin bu günə qədər narazı vətəndaşlardan alınan məbləğin geri qaytarılıb-qaytarılmaması haqda dəqiq məlumat yoxdur.
Yeni məlumat ondan ibarətdir ki, “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov və daha 23 nəfər şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.
Ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəyə göndərilib.
İşə yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. İlkin məlumata görə, iş üzrə mindən çox zərərçəkmiş var. Onların sayının artacağı da gözlənilir. Ümumilikdə dəymiş ziyanın 100 milyon manatdan çox olduğu deyilir.
İlkin Muradov,
Musavat.com






