Finlandiyada dünyanın ən gənc baş naziri seçilib. Bu postu 34 yaşlı Sanna Marin adlı xanım tutub. Buna kimi o, ölkənin nəqliyyat və rabitə naziri vəzifələrini icra edib. 34 yaşlı Marinin liderlik etdiyi Sosial Demokratlar beş partiyalı koalisiyanın ən böyük siyasi hərakatıdır.
Yeni nazir fəaliyyətə başlayanda Avropanın inkişaf etmiş dövləti sayılan Finlandiyada beş koalisiyanın bütün liderləri qadınlardan ibarət olacaq. “Heç bir zaman yaşımı və cinsiyyətimi düşünərək hərəkət etməmişəm. Mənim üçün önəmli olan siyasətə atılma səbəblərim və bizə olan etibardır”, - deyə yeni baş nazir bildirib.
Maraqlıdır ki, xanım baş nazirin qələbəsi ilə Finlandiya dünyada qadınların əsas siyasi postlarda təmsil olunduğu ölkəyə çevrilib. Belə ki, ölkənin 5 əsas siyasi partiyasının hər birinin başında qadın lider durur.
32 yaşlı Katri Kulmuni Mərkəzçi Partiyasının, 34 yaşlı Mariya Oxisalo Yaşıl Liqasına, 32 yaşlı Li Andresson - Sol Alyansına, 55 yaşlı Anna-Mayya Henrikson Finlandiyanın İsveç Xalq Partiyasına başçılıq edir. Beləliklə, 5 solçu xanım daxili işlər, müdafiə və digər nazir postlarını tutublar. 2014-2015-ci illərdə Finlandiyanın baş naziri olmuş Aleksandr Stub hökumətin başında 5 qadının dayanmasını Finlandiyanın müasir və proqressiv ölkə olmasının sübutu kimi dəyərləndirib.
Hökumətdə təmsil olunacaq qadınların 5-dən 4-nün 35 yaşa qədər olması isə, yerli media tərəfindən “siyasətdə artan qlobal gənclər hərəkatının həyata davamlılıq nümunəsi” adlandırılıb.
Bu ölkədə son illərdə rəhbər vəzifələrin 42 faizini qadınlar tutur, nazirlərin 36 faizi xanımlardır, diplomatlarının tən yarısı qadındır. Qadınlar prezident, parlament sədri, müdafiə naziri də olublar, olurlar və hiss olunur ki, yenə olacaqlar. Bunun iki səbəbi ola bilər: ya fin kişiləri çox genişürəkli və tolerantdırlar, ya da fin xanımlar çox fəaldırlar, kişilərin beyninin ətini yeyə-yeyə öz hüquqlarını əldə ediblər və hər kəsə göstəriblər ki, qadınlarla kişilərin hüququ bərabərdir.
Bəziləri bu siyasətin arxasında feminist hərəkatının dayandığını düşünür. Hesab olunur ki, onların gücü və təbliğatı sayəsində qadınlar Finlandiyada hakimiyyətə gəliblər.
Xatırladaq ki, keçmiş baş nazir Antti Rinne ötən həftə artan etirazlar fonunda istefa verib. Rinne tətil edən poçt isçilərinin tələblərini dinləməməkdə ittiham edilirdi.

Əli Əkbər: “Koalisiyada xanımların olması bir proqramdır və 2035-ci ilədək...”
İsveçrədə yaşayan yazıçı Əli Əkbərin sözlərinə görə, Qərbdə siyasətçilərin proqramına baxılır. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, Avropada siyasətçilərin proqramı ilə görülən işlər üst-üstə düşür: “Yanılma payı 3-4 faizdir. Koalisiyada xanımların olması bir proqramdır. Finlandiyanın yaxın gələcəkdə infrastrukturunun yaxşılaşması, sosial təminatının gücləndirilməsi hədəf götürülüb. Onlar 2035-ci ilə qədər neftdən tam azad olmaq istəyirlər. Ona görə burada digər qeyd etdiyiniz amillərə yox, proqrama əsas baxılır. Avropada normal qəbul olunan hallardır”.

Elmir Mirzəyev: “Qadınları zəncirləyən cəmiyyətin axırı bərbad olacaq”
Almaniyada yaşayan bəstəkar, kulturoloq Elmir Mirzəyev isə bildirdi ki, qadın gücündən, enerjisindən, bacarığından, hətta iddiasından bir cəmiyyət məhrumdursa, orada tərəqqi mümkün deyil: “Qadınları zəncirləyən cəmiyyətin axırı bərbad olacaq. Necə ola bilər ki, cəmiyyətin enerjisinin yarısını cilovlayasan və deyəsən ki, sənin yerin mətbəxdir. Təbii ki, orada baş verənləri müsbət qarşılamaq lazımdır və mənə elə gəlir ki, Azərbaycana da təsir edəcək. Könül istərdi ki, Azərbaycanda da qadınların böyük bir faizi idarəçilikdə yer tutsunlar. Elə təkcə parlament seçkisinə baxırsan, total şəkildə kişilər mübarizəyə qatılır, qadınlar azlıq təşkil edir. Bu baxımdan Finlandiya yaxşı örnəkdir”.

Qeyd edək ki, dövlət idarəçilik formasına görə, Finlandiya respublikadır. Ölkədə ali icraedici hakimiyyət prezidentə və Dövlət Şurasına məxsusdur. Konstitusiyaya müvafiq olaraq prezident 6 il müddətinə, amma iki dəfədən çox olmayaraq seçilir. Finlandiya parlamentli respublika olduğu üçün burada dövlətin ali orqanı Eduskuntadır (parlament).
Prezidentin funksiyası daha çox ölkənin xarici siyasətində özünü büruzə verir. Əlbəttə, prezident Finlandiyanın silahlı qüvvələrinin Ali baş komandanıdır. Amma hərbi-strateji planlaşdırma və silahlı qüvvələrlə bağlı digər mühüm məsələləri Müdafiə Nazirliyi və Baş Qərargah həll edir. Prezident baş naziri təyin edir. Lakin parlamentin təsdiqindən sonra. Hətta Avropa Birliyinin sammitlərində belə, artıq Finlandiyanı baş nazir təmsil edir.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”






