İnsanlara hürriyət, millətlərə istiqlal!

Film kimi cinayət törədən biznesmen hakim qarşısında

1337 21.12.2022 18:36 Kriminal A A

Borcluların əlindən qurtarmaq məqsədilə öldüyü görüntüsünü yaratmaq üçün maşına heyvan sümükləri qoyub yandıran biznesmenin cinayət dosyesi məhkəməyə göndərildi

Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Kaspian İnşaat MB” MTK-nın direktoru olmuş 1980-ci il təvəllüdlü Rafət Rafik oğlu Qəniyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Musavat.com xəbər verir ki, cinayət işi üzrə 12 zərərçəkən var.

Zərərçəkənlərin siyahısı belədir: Afər Murtuz oğlu Ələkbərov, Ağasəməd Veyis oğlu Əfəndiyev, Teymur Səttar oğlu Hüseynov, Rəhman Rəsul oğlu Rəhmanov, Süleyman Murad oğlu İsmayılov, Günay Bahadur qızı Ələkbərova, Firudin Nuru oğlu Əhmədli, Tofiq Fazil oğlu Hacızadə, Əsəd Vaqif oğlu Qurbanzadə, Aysel Məmməd qızı Dünyamaliyeva, Rövşən Ağamməd oğlu İbişov və Lalə Sədəddin qızı Əlizadə.

12 nəfərə qarşı dələduzluq etmiş Rafət Qəniyev törətdiyi cinayətə görə cəzadan yayınmaq üçün film ssenarisinə bənzəyən üsula əl atıb. 

2021-ci il noyabrın 25-də Sabirabadın Ətcələr kəndi ərazisində Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobil yanmış vəziyyətdə aşkarlanıb. Hüquq mühafizə orqanları yanmış avtomobilə baxış keçirərkən sürücü oturacağında yanmış, əsasən külə çevrilmiş cəsədin qalıqlarını aşkar ediblər.

Rafət Qəniyevin avtomobilinin çox qısa müddətdə yanaraq kül olması istintaqçılarda əsaslı şübhələr yaradıb. Avtomobildə aşkar olunan sümüklər götürülərək məhkəmə tibb ekspertizasına təqdim olunub. Ekspertiza aparılan Rafət Qəniyevin yaxınları onun öldüyünü düşünüb, yas saxlayıblar.

Məhkəmə tibbi-ekspertizanın rəyindən sonra isə sümüklərin Rafət Qəniyevə aid olmadığı, mənşəyi bilinmədiyi ortaya çıxıb. Bundan sonra əməliyyat-istintaq qrupu araşdırmalara başlayıb.

 Üstündən bir il keçdikdən sonra isə Rafət Qəniyev onu ələ verən çox ciddi səhv edib. O, Yasamal rayonunda yerləşən mağazalardan birinə gəlib, özünə məxsus şəxsiyyət vəsiqəsini verməklə televizor alıb. Qeydiyyat aparılan zaman isə məlum olub ki, vəsiqə sahibi axtarışdadır. Məlumat hüquq mühafizə orqanlarına veriləndən dərhal sonra Yasamal rayonu ərazisində Rafət Qəniyev axtarışlarına başlanıb və o, müəyyən edilərək tutulub. İlkin dindirmə zamanı Rafət Qəniyev maşında yanıb külə dönməsi səhnəsini həyata keçirdiyini etiraf edib.

Onun məkan olaraq Sabirabadın Ətcələr kəndinin ərazisini seçməsi də təsadüfi olmayıb. “Yeni Müsavat”a daxil olan məlumatda bildirilir ki, Rafət Qəniyevin həyat yoldaşı Sabirabadın Qaragüney kəndindəndir, ora yol isə Ətcələr kəndi ərazisindədir. Rafət Qəniyev qəzada ölməsi görüntüsünü yaratmaq üçün xırda detalları belə diqqətdən qaçırmayıb. Hadisədən əvvəl həyat yoldaşına zəng edib və Sabirabad ərazisində olduğunu deyib. Bildirib ki,  maşında texniki problem yaranıb. Bundan sonra isə telefonu söndürərək maşına tullayıb. Həyət yoldaşının davamlı zənglərini də təbii ki, cavabsız buraxıb.

Bundan narahat olan ailə üzvləri onu axtarmağa başlayıblar və Ətcələr kəndi ərazisində maşınını yanmış vəziyyətdə aşkarlayıblar. 2021-ci ilin noyabrında baş vermiş olaydan sonra maşından tapılan qalıqlar Rafət Qəniyevin cəsədi kimi doğulduğu Sarvan kəndində torpağa tapşırılıb. Adət-ənənəyə uyğun yas mərasimi təşkil olunub. Həmin zaman maşında aşkar edilmiş qalıqların ekspertizasının cavabları dəqiqləşib. Bəlli olub ki, Rafət Qəniyevin maşınındakı sürücü oturacağında aşkarlanan sümüklər insana məxsus deyil.

Məhkəmə tibb ekspertizasının cavabı peşəkar hüquq mühafizə orqanı əməkdaşlarını da əməlli təəccübləndirib.

Aşkarlanan sümüklər insana məxsus deyilsə, deməli Rafət Qəniyev maşında yanıb ölməyib və ortada bir ssenari var! Və araşdırmalar başlanıb, Rafət Qəniyevin kimliyi, son vaxtlar fəaliyyəti haqda məlumatlar toplanıb. 

Aydın olub ki, Rafət Qəniyev “Kaspian İnşaat MB” MTK-da fəhlə kimi işə başlayıb. Sonradan isə şirkətin faktiki rəhbərliyi MTK-nı onun adına sənədləşdirib.

Rafət Qəniyevin imzası və adı ilə MTK-nın inşa etdiyi mənzillər satılıb. İstintaqa dəvət olunan Rafət Qəniyevin qardaşı bildirib ki, onun rəsmi qeydiyyat ünvanı Sarvan kəndindəki ata evləridir deyə, evlərinə məhkəmələrdən  bildirişlər, sənədlər gəlib.

Aydın olub ki, Rafət Qəniyevin imzası ilə MTK-nın inşa etdiyi bir mənzil bir neçə nəfərə satılıb və buna görə də Rafət Qəniyev axtarışda verilib. Belə bir vaxtda R.Qəniyev Yasamalda öz şəxsiyyət vəsiqəsi ilə televizor almaqla “xortlayıb” və ələ keçib.

Daxili İşlər Nazirliyinin bu olayla bağlı yaydığı məlumatda bildirilirdi ki, 2021-ci ilin 25 noyabrında “KİA” markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə Rafət Qəniyevin direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.

2022-ci ilin yayında Rafət Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR