İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN-çilər JURNALİSTLƏR ÜÇÜN TİKİLƏCƏK BİNANIN ƏRAZİSİNİ YOXLAMAĞA GEDİB

937 02.10.2010 08:58 Media A A
İyulun 22-də prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. Bina üçün Bayıl qəsəbəsində, Bibiheybət məscidi yaxınlığında 70 sot ərazi ayrılıb. Fond ilk mərhələ üçün sözügedən ərazidə bir bina tikməyi planlaşdırır. Növbəti illərdə hökumət vəsait ayırmaqda davam edərsə, ərazidə yeni binalar inşa edilməklə jurnalist şəhərciyi salınacaq.
V.Səfərli bildirdi ki, bina ilə bağlı hər gün bir yeni addım atılır. Onun sözlərinə görə, hazırda sənədləşmə üzərində iş gedir. Dövlət Neft Şirkətindən binanın ərazisi ilə bağlı razılıq alınıb, üstəgəl binanın eskizləri də hazırdır.
Müsahibimizdən binanın tikiləcəyi ərazidəki torpağın keyfiyyəti barədə soruşduq. Xatırladaq ki, ərazidən hazırladığımız reportaj zamanı yerli əhali oranın çoxmərtəbəli binanın tikintisi üçün yararlı olmadığını demişdi. V.Səfərli bu iddiaların həqiqəti əks etdirmədiyini dedi: “Biz elə-belə yerdə gedib ev tikə bilərik? Özü də orda Dövlət Neft Şirkətinin əməkdaşları üçün də bina tikiləcək. Ərazi şirkətin balansındadır. Torpaq tikinti üçün yararsız olsa kim başını ətəyinə qoyub belə bir riskə gedər? Fövqəladə Hallar Nazirliyinin Geoloji Kəşfiyyatlar İdarəsinin nümayəndələri bu gün (dünən-S.T) ərazidəki vəziyyəti öyrəniblər. Ərazinin geoloji analizi aparılacaq. Hərtəfli yoxlanılmamış orada heç kim elə risk edib bina tikməz. Bizimlə eyni vaxtda Dövlət Neft Şirkəti də tikintiyə başlayacaq. Hər şeydən əvvəl ərazi yararlı olmasa, onu bizə ayırardılarmı? Camaat bataqlıqları qurudub ev tikir. Kimsə o cür ərazinin yararsız olduğunu deyə bilərmi? Hələ yaxşı ki, bizə o cür mənzərəli yerdən sahə ayırdılar. Mən deyirdim, yəqin Yasamalda, şəhərdən kənarda torpaq verərlər”.
Müsahibimiz dedi ki, binanın inşa olunacağı konkret yeri də dəqiqləşdiriblər. Onun sözlərinə görə, ərazinin qıraq tərəfində, Bibiheybət məscidinə gedən yerdə 70 sotluq torpaq ərazisi artıq tikinti üçün dəqiqləşdirilib: “Əvvəl ərazinin sahəsi 50 sot idi, danışıqlardan sonra 70 sot oldu. Müzakirələrimiz davam edir. Fikirləşirik ki, orda 3 bina tikmək olar, yoxsa 4".
V.Səfərli daha öncə qəzetimizə açıqlamasında binanın təməlinin dekabr ayında atılacağını demişdi. Fond sədri dünənki açıqlamasında bildirdi ki, əgər sənədləşmə işləri sürətlə getsə, hətta noyabr ayında da binanın təməli atıla bilər. Müsahibimiz hələ ki, işlərin qaydasında getdiyini açıqladı: “Biz istəyirik ki, maksimum dərəcədə təmirli, şəraitli evlərin açarlarını jurnalistlərə təqdim edək. Bina üçün təkmil istilik sistemi, su rezervi, su baseyni düşünürük. Mən hər detal barədə günbəgün açıqlama verə bilmirəm. İnşallah, təməlatma mərasimində bütün məlumatları öyrənə biləcəksiniz”.
Bu arada fond sədri bu məsələdə bəzi jurnalistlərin, təşkilatların tutduğu mövqeni pislədi. V.Səfərli dedi ki, bir qisim insanlar bu binada ev ala bilməyəcəklərindən əmin olduqları üçün indidən qarayaxma kampaniyasına başlayıblar: “Biri deyir, o pula daha çox bina tikmək olar. Bir başqası iddia edir ki, başqa ərazidə hazır evlər almaq olar. Hesab edək ki, olar. Hansı layihə ilə, necə? Hamısı bizim işimizə qulp qoymaq istəyir. Amma ortaya real təkliflə çıxan yoxdur. Yanıma jurnalistlər gəlir. Başlayırlar ki, Vüqar müəllim, deyirlər, evlər bölünüb. Olmayan ev necə bölünə bilər axı? Ortada bina yoxdursa, kim və hansı parametrlərlə onu böləcək? Bu cür şayiələrə əhəmiyyət vermək lazım deyil. Sizi əmin edirəm ki, jurnalistlər üçün ən ideal variantı düşünüb, layiqli bir bina tikəcəyik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR