Milli Məclisin plenar iclasında “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarıldı və üçüncü oxunuşda qəbul olundu. Müzakirələrin gedişində “Diqlas” ticarət mərkəzində baş verən yanğın hadisəsi və prezidentin sahibkarlara dəstək verməsindən danışıldı.
Deputat Fəzail Ağamalı dövlət başçısnın hər zaman olduğu kimi vətəndaşın yanında olmasını çox mühüm hadisə adlandırdı. Ancaq qeyd etdi ki, bundan sonra vətəndaşların maarifləndirilməsi istiqamətində iş aparılmalıdır: “Ticarət mərkəzində yanğın baş verməsi nəticəsində dəyən ziyanı dövlət üzərinə götürdü. Amma bu, həmişəlik belə ola bilməz. İnkişaf etmiş ölkələrdə olduğu kimi, sığorta sistemi işə salınmalıdır, institut kimi formalaşmalıdır”.
Deputat sığorta şirkətlərinin fəaliyyətinə də tənqidi yanaşdı: “Ölkədə sığorta şirkətləri var, amma onlar işlərinin öhdəsindən layiqincə gəlmirlər. Xalqın bu şirkətlərə inamı azdır. Çünki sığorta olunan əmlaklara dəyən ziyanın ödənilməsi ilə bağlı problemlər yaradırlar. Təklif edirəm ki, dünyanın sığorta şirkətlərinin mütəxəssisləri ölkəyə dəvət olunsun, onların təcrübəsindən istifadə edilsin”.
E.Paşasoy,
Musavat.com






