İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərid Səfərlinin İranda məcburi “qonaqlığı” - Girov gənc bu həftə buraxılacaq?

1204 23.08.2023 15:35 Gündəm A A

Dilarə Əsgərova: “Tərcüməçi tutmuşuq, yaxın günlərdə...”

Xəbər verdiyimiz kimi, İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə  iki il həbs cəzası verilib. F.Səfərli haqda məhkəmə qərarından bir gün sonra isə mart ayından İranda tutularaq saxlanılan Naxçıvan Muxtar Respublikasının Şərur rayonun iki sakini sərbəst buraxılıblar.

Bu barədə onların ataları məlumat verib. Bildirilib ki, rayon sakinləri - Vüsal Quliyev və Rövşən Seyidov 5 aylıq  həbsxana həyatından sonra sərbəst buraxılıb. Həmin şəxslər artıq Vətənə qayıdıblar.

Bundan daha öncə isə İranda iki ildir qanunsuz şəkildə saxlanılan və psixoloji təzyiqlərə məruz qalan azərbaycanlı gənc xanım Validə Yusifova azadlığa buraxılmışdı.

Müşahidəçilərə görə, son baş verənlər rəsmi Tehranın Bakı ilə diplomatik münasibətləri düzəltməyə yönəlik jestləridir. Hansı ki, bu ilin yanvarında İrandakı səfirliyimizə xain terror hücumu nəticəsində ən aşağı səviyyəyə enib. Hərçənd günahsız bir gənci buraxmaq əvəzinə 2 illik həbsə məhkum eləməyin özü də böyük haqsızlıqdır və əlaqələri normallaşdırmaq istəyi  kimi anlamaq olmur.

“İran məhkəməsinin Fərid Səfərliyə iki il həbs hökmü çıxarması vətəndaşımızın yaxın günlərdə azad olunacağından xəbər verir, əks halda ”casus" iddiasıyla daha uzun müddətə həbsə məhkum etməliydilər".

Bu ehtimalı politoloq Elxan Şahinoğlu irəli sürüb.

Politoloq bunun İranın münasibətləri normallaşdırmaq üçün atdığı ilk addım kimi dəyərləndirilə biləcəyini qeyd edib: “Əslində Tehran Fəridi Azərbaycanda İran kəşfiyyatı ilə əlaqəli olmaqda ittiham edilənlərə cavab olaraq həbs edib. Tehranın Fəridi azad etməyə hazırlaşmasını Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi kimi qəbul etmək olarmı? Bu ilk addım sayıla bilər, ancaq Azərbaycan səfirliyinə edilən terror hücumunun araşdırılmasının nəticəsini də görməliyik”.

Bəs məhkəmə artıq qərar çıxarıbsa, Fərid yaxın günlərdə necə azad oluna bilər? İran qanunvericiliyində bu xüsusda istisnalar varmı, yoxsa apelyasiya şikayəti olacaq? Fəridin cəzasının ləğvi və ya əfvi mümkünmü? Yoxsa kəsilmiş “cəzanı” sonadək yatmalı, İranda 2 il məcburi “qonaq” qalmalı olacaq? Dəyişdirilməsi necə, mümkünmü?

İranda həbs olunan Fərid Səfərli danışdı: "Heç bir günahım yoxdur" - ÖZƏL

Fərid Səfərli

 

Məsələ ilə bağlı Fərid Səfərlinin anası Dilarə Əsgərova “Yeni Müsavat”a dedi ki, İran qanunlarına görə, müttəhim ilk məhkumluğun üçdəbirini çəkəndən sonra qalan hissəsindən azad edilə bilər: “Vəkilin sözlərinə görə, bu qərarı yalnız hakim verə bilər. Biz buna da ümid edirik. Vəkil apelyasiya məhkəməsinə şikayət ərizəsi hazırlayır. Eyni zamanda biz tərcüməçi tutmuşuq. Tərcüməçi Fəridin qaldığı evdə beş gün ərzində (İrandan çıxmağa 5 gün qalmış evinə gizli kamera quraşdırılıb) kameranın səs yazılarını yenidən tərcümə edəcək. Çünki ciddi təhriflər var. Fəridin demədiyi sözlər təhrif olunub. Ona görə də tərcüməçi səs yazısını ingilis dilində yazı şəklində köçürəcək, onu fars dilinə tərcümə edib təqdim edəcək. Çünki məhkəmədə qulaq asanda onun fars dilində tərcüməsi tamamilə başqa bir məna kəsb edir. Ona görə Fəridlə qərara aldıq ki, tərcüməçi tutaq. Yaxın günlərdə tərcüməçi səs yazısının tərcüməsinə başlamalıdır”.

Ana onu da əlavə edib ki, cəzanın ləğvi mümkün kimi görünmür: “Səs yazısı düzgün tərcümə olunsa, heç bir sübut qalmır. Bu zaman cəzanı ləğv edə bilərlər. Amma 3-də bir hissəsini çəkməlidir, sonra əfv oluna bilər, hakim istəyərsə”.

Vəkil Turan Abdullazadə ilə müsahibə

Turan Abdullazadə

Vəkil Turan Abdullazadə mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, İran hüquq sistemindən və qanunvericiliyindən məlumatlı olmasa da, hüququn ümumi prinsipləri nəzərə alınır: “Şəxsin barəsində məhkəmənin ittiham hökmü ilə 2 il müddətinə azadlıq məhrumetmə cəzası təyin edilibsə, yaxın zamanda onun buraxılmasını gözləmək ağlabatan deyil. Lakin bu o demək deyil ki, o, vaxtından əvvəl azadlığa buraxıla bilməz. O, şərti olaraq vaxtından əvvəl azadlığa buraxıla, barəsində əfv sərəncamı və ya amnistiya aktı da qəbul edilə bilər. Habelə məhkəmənin hökmündən apelyasiya və kasasiya qaydasında şikayət verildiyi təqdirdə İran İslam Respublikası birinci instansiya məhkəməsinin hökmü apelyasiya və ya kasasiya qaydasında ləğv edilə, hökm dəyişdirilə, cəzanın müddəti azaldıla, yüngülləşdirilə və başqa cəza növü ilə əvəz oluna bilər. Təbii ki, bu qeyd etdiklərim, sadəcə, ehtimallardır. Hesab edirəm ki, Fərid Səfərli barəsində ən yaxşı nəticəni dövlət səviyyəsində, konservativ diplomatik səylərimiz və əlaqələrimiz göstərə bilər”.

Dairəsi ləğv edilən Qənizadə həqiqəti danışdı - VİDEO

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Fəridin İranda həbs edilməsi, ümumiyyətlə, onun bir müddət gizli saxlanılması tam qanunvericiliyə və beynəlxalq hüquq normalarına ziddir. Hesab edirəm ki, İran bir müddət azərbaycanlıların ”ovu"na çıxıb. Bir neçə gün öncə bir azərbaycanlı qadını azad etdilər. Sonra Naxçıvandan olan iki nəfəri azad etdilər. Fəridlə bağlı da yüngülləşirici ittiham tərtib edərək ona iki il həbs cəzası verdilər. Bütün bunlar hamısı ona hesablanmışdı ki, Azərbaycan vətəndaşları burada saxlanılsın. İranın marağında olan adamlar burada həbs edilirlərsə, onda onların dəyişdirilməsi istiqamətində bazar açsınlar. Fərid də belələrindədir.

Fəridin heç bir günahı yoxdur. Saf bir niyyətlə İrana gedib, İran Xüsusi Xidmət orqanları tərəfindən əsassız olaraq saxlanılıb. İranın Azərbaycanla diplomatik münasibətləri normallaşdırmaq istiqamətində gedən proseslər fonunda Fəridin ittihamı yüngülləşdirildi. Amma bundan öncə də demişdim, Fəridin Azərbaycana qaytarılması mümkündür. Düzdür, apelyasiya şikayəti veriləcək. Hökm qanunu qüvvəyə minəndən sonra Azərbaycanla İran arasında məhkumların qaytarılması istiqamətində addım həmişə atılıb. İranda həbs edilib saxlanmış xeyli məhbuslar öz ölkələrinə təhvil verilib. Hər iki dövlət aralarında müəyyən anlaşma imzalayıblar. O baxımdan belə hesab edirəm ki, Fəridin hökmü İranda qanun qüvvəyə mindikdən sonra Azərbaycan tərəfi Fəridi tələb edə bilər. Fərid də, yəqin ki Azərbaycanda cəza çəkmək adı ilə vətənə gəlməyə razılıq verəcək. Ola bilər ki, İranda apelyasiya məhkəməsi zamanı həbsdə olduğu müddətlə onun cəzası əvəzlənsin və dərhal azad olunsun. Demək istədiyim odur ki, Fərid istənilən halda ailəsinə və vətəninə qovuşacaq".

Qeyd edək ki, ötən gün Dünya Azərbaycanlıları Konqresi də (DAK) İranda azərbaycanlı tələbə Fərid Səfərli barəsində çıxarılmış məhkəmə hökmünü pisləyib. DAK-dan verilən məlumata görə, bununla bağlı Konqresin yaydığı bəyanatda bildirilir. Bəyanatda deyilir: “Bu ilin fevralında İranda itkin düşən və sonradan casusluq ittihamı ilə həbs olunduğu bildirilən Azərbaycan vətəndaşı Fərid Səfərli məhkəmə belə keçirilmədən 2 il müddətinə azadlıqdan məhrum edilib. İran tərəfinə məhkəmə iclaslarının keçirilmə tarixləri və Baş konsulluğumuzun rəsmilərinin iclaslarda iştirakı barədə sorğu ünvanlansa da, müraciətlər İran tərəfindən cavablandırılmayıb və məhkəmə iclaslarında iştirak mümkün olmayıb. Bununla yanaşı, təqsirləndirilən şəxs tərcüməçi ilə də təmin olunmayıb”.

Qeyd edilir ki, bu hadisə, eləcə də digər olaylar Tehran rejiminin Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı düşmənçilik niyyətini bir daha ortaya qoyub: “Bu, Azərbaycan vətəndaşlarının İran hakimiyyətinə etibarını hədsiz şəkildə azaldıb. Fərid Səfərliyə bəraət verilib Azərbaycana təhvil verilməsini təmin etməzsə, Tehran terrorçu rejim olması ilə bağlı ünvanına deyilənləri bir daha təsdiqləmiş olacaq. Çünki insan oğurluğu, xarici ölkə vətəndaşını girov götürmək kimi əməllər terrorçuya, cinayətkara xasdır. İran hazırda bu ölkəyə müalicə, təhsil, ticarət, turist səfəri edən Azərbaycan vətəndaşlarına potensial casus kimi baxır. SEPAH-a bağlı xüsusi şəxslər bu insanlarla müxtəlif yollarla təmasa keçib onlara sonda casusluq təklif edir, rədd cavabı aldıqda isə ”azərbaycanlı casus" yaradıb, onu həbs etmək yoluna baş vurur".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR