Tanınmış iş adamı Fərhad Əhmədov Azərbaycana yeni investisiya və texnologiya gətirib. Bununla da onun yaratdığı “AZNAR” şirkəti ilk dəfə olaraq Azərbaycanda texnoloji sıçrayışa imza atıb.
Bu məlumat virtualaz.org saytına şirkətdən daxil olub. Qurumun yaydığı press-relizdə deyilir ki, şirkətin bir müddət əvvəl bütün dünyada məşhur olan Azərbaycan narının istehsalı ilə bağlı işə saldığı yeni texnoloji xətt tullantısız istehsala yol açır:
“Azərbaycanın adını beynəlxalq və regional səviyyələrdə daim ucaldan “AZNAR” yeni üsulla nar istehsalını həyata keçirən bütün MDB məkanında ilk şirkət olmaqla bu sahədə xeyli irəli getmiş İran və Türkiyə kimi ölkələrlə rəqabətdə də ölkəmizi yenidən irəli çıxardı. ABŞ-dan 2,5 milyon dollara alınaraq peşəkar xarici mütəxəssislər tərəfindən “AZNAR” şirkətinin Göycayda yerləşən nar zavodunda quraşdırılmış texnoloji xətt nar tumlarından təbii nar yağını hasil etməyə imkan verir.
İstehsal prosesini iqtisadi cəhətdən səmərəli etmək və itkiləri minimuma endirmək məqsədilə şirkətin mütəxəssisləri son üç il ərzində nar tumundan təbii yağın əldə olunmasının müasir üsullarını araşdırıblar.
1969-cu ildə Teymur Əhmədov tərəfindən yaradılmış “AZNAR” zavodu bu tədqiqatlara 4 milyon dollardan çox sərmayə yatırıb.
Tədqiqatların nəticəsi olaraq nar tumlarından təbii yağı karbon oksidindən istifadə etməklə hasil olunması qərara alınıb. Mütəxəssislər tərəfindən sübuta yetirilib ki, insan orqanizmi üçün tam zərərsiz, qida məhsullarında istifadəsinə icazəsi olan karbon oksidi nar tumlarından çəkilən yağın keyfiyyətinə qətiyyən mənfi təsir göstərmir. Onu da qeyd edək ki, nar məhsullarının istehsalı ilə məşhurlaşmış İran və Türkiyədə nar tumlarından təbii yağın çəkilməsi press, yəni sıxma yolu ilə həyata keçirilir ki, bu da lazımsız itkilərə gətirib çıxarır.
Beləliklə, “AZNAR”ın imza atdığı yeni uğur həm də Azərbaycanın iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini, ölkəmizdə ən son texnologiyaların tətbiq olunduğunu bir daha nümayiş etdirən tarixi hadisə kimi qiymətləndirilməlidir.
Şirkətin “Grante” brendi altında təbii nar yağının istehsalına başlaması ölkəmizi eyni zamanda daha bir strateji xammal məhsulunun əsas ixracatçılarından birinə və birincisinə çevirməkdədir. Məsələ burasındadır ki, təbii nar yağından bir çox sahələrdə istifadə olunur. Məsələn, dünyanın ən tanınmış aşpazları ən zərif yeməkləri hazırladıqları zaman bu yağdan istifadəyə üstünlük verir. Təbii nar yağı çox kiçik miqdarda qəbul olunduqda belə insanın immun sisteminin möhkəmlənməsinə müsbət təsir göstərir.
Təbii nar yağının xüsusiyyətləri dünyanın aparıcı kosmetoloqları və əczaçıları tərəfindən də çox yüksək qiymətləndirilir.
Lakin bütün bunlar “Grante” brendi ilə istehsalına başlanılan təbii nar yağının keyfiyyətlərinin yalnız cüzi hissəsidir.
“AZNAR” şirkətinin yaradıcısı və rəhbəri Fərhad Əhmədov tanınmış iş adamı olmaqla yanaşı böyük xeyriyyəçilik fəaliyyətini də həyata keçirir. O, Azərbaycanda və dünyada insanların sağlam gələcəyinin təmin olunması, qlobal problem sayılan xərçəng kimi təhlükəli xəstəliklərlə mübarizə missiyasında həmişə öndədir, onkoloji xəstəliklərin müalicə üsullarının tapılması istiqamətində aparılan tədqiqatlara böyük sərmayələr yatırır. Təkcə onu vurğulamaq kifayətdir ki, Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına görə, yaxın 20 il ərzində əsasən inkişafda olan və zəif inkişaf etmiş ölkələrdə xərçəng xəstəliklərinə tutulan insanların sayı sürətlə artacaq.
Bu baxımdan iş adamı Fərhad Əhmədovun ideyası və təşəbbüsü ilə Azərbaycanda təbii nar yağının istehsalının başlanması onun insanların sağlamlığı uğrunda apardığı mübarizəyə verdiyi mühüm töhfədir. Dünya alimləri sübuta yetirib ki, nar tumlarından hasil olunan təbii yağ xərçəng xəstəliyinin müalicəsi və profilaktikasında əvəzolunmazdır.
Bundan başqa, bu məhsuldan yüksək arterial təzyiqin və dəri xəstəliklərinin müalicəsində də geniş istifadə olunmaqdadır. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, “AZNAR”ın yeni üsulla nar tumundan hasil etdiyi təbii yağ ən yüksək keyfiyyətə malik yağlar sırasına aid edilir və beynəlxalq standartların bütün normalarına cavab verir.
Narın müalicəvi keyfiyyətlərini dərindən öyrənən və tədqiq edən şirkətin mütəxəssisləri nar qabığından kosmetologiyada geniş istifadə olunan tanin və insan səhhəti üçün xeyirli olan başqa maddələrin alınması istiqamətində araşdırmalarını davam etdirir. Yaxın gələcəkdə “AZNAR” bu sahədə də müsbət nəticələr əldə edəcəyinə əmindir.
Nəhayət, onu da qeyd edək ki, nar zavodunda tətbiq olunan yeni texnologiya iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı ekoloji problemləri də tam aradan qaldırır. Bu günə qədər narın istehsalından sonra artıq qalan nar tumları və qabıqları lazımsız tullantı kimi ətraf mühitə atılırdı. Bu, zavod üçün böyük iqtisadi itkilərə, ekologiya üçün isə ciddi ekoloji problemlərə gətirib çıxarırdı. Şirkətin gətirdiyi yeni texnologiya bu iki problemi birdəfəlik həll edir.
Beləliklə, “AZNAR” şirkətinin rəhbəri Fərhad Əhmədov Azərbaycanda ən son texnologiyanı tətbiq etmək yolu ilə təbii nar yağının istehsalına başlamaqla ilk növbədə Azərbaycan xalqının maraqlarını qoruyur və sağlam gələcəyin formalaşdırılması üçün möhkəm zəmin yaradır. Onun gördüyü işlər, həyata keçirdiyi xeyriyyəçilik missiyası insanlıq qarşısında böyük xidmətdir.
Ümumiyyətlə, 2005-ci ildən bu günə qədər 60 milyon dollar sərmayə yatırılan “AZNAR” şirkətinin istehsal etdiyi yüksək keyfiyyətli məhsulları ilə Azərbaycanı bütün dünyada ən uca zirvələrə qaldırıb. Şirkətin beynəlxalq aləmdə uğurları birinci növbədə Azərbaycanın qələbələridir.
“Grante” brendi ilə tanınan məhsullar ABŞ, bir sıra Avropa və ərəb ölkələrində məşhurlaşıb.
Lakin “AZNAR” əldə etdiyi uğurlarla kifayətlənmək niyyətində deyil. Şirkət bu günə qədər 1000 hektar sahədə 400 min ədəd nar ağacı əkib, hazırda isə 150 hektar sahədə torpağın münbitliyinin artırılması və yumşaldılması işlərini həyata keçirir. Hazırda narın yetişdirilməsi və keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə sərmayələrin artırılması planlaşdırılır, yeni nar növlərinin becərilməsi planları üzərində iş gedir, ölkəyə narın yeni, məhsuldar növləri gətirilir. Digər tərəfdən, Azərbaycanın kənd təsərrüfatı üçün nar çeşidlərini seçmək məqsədilə təcrübə sahəsi yaradılır.
Bütün bu işlər, layihələr və xeyriyyəçilik əməlləri Fərhad Əhmədovun başqa ölkələrdə qurduğu şəxsi biznesdən qazandığı vəsaitlər hesabına həyata keçirilir. Məhz onun Azərbaycana, doğma vətəninin uğurlu gələcəyinə yatırdığı bu sərmayələrin sayəsində ölkəmizdə daha bir qürur mənbəyi yaradılır. “AZNAR” şirkəti Azərbaycanda ilk dəfə olaraq nar becərilməsində yeni üsulları tətbiq etməklə bunun əsasında yeni aqrotexniki məktəbin təməlini formalaşdırır”.