Xəbər verdiyimiz kimi, 30 iyul tarixindən başlayaraq X Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalın bədii rəhbəri, xalq artisti Fərhad Bədəlbəyli festivalla bağlı təəssüratlarını musavat.com ilə bölüşüb.
Xalq artisti qeyd edib ki, builki festivalın proqramı daha rəngarəngdir: “Burada nəinki klassik musiqilər, muğam ifaları, musiqinin hər bir janrı öz yerini tapır. Ən əsası isə bu festival kommersiya xarakteri daşımır. Yəni, heç kim bilet alıb konsertə gəlmir. Həmçinin maarifçilik işi də aparılır, belə ki, konsertlərdən əvvəl təqdim olunan əsərlər, onların bəstəkarları haqqında məlumatlar verilir. Bu çox vacibdir”.
Festivalda iştirak edən müxbirimizin “İnsanların klassik musiqiyə marağı sizi qane edirmi” sualına isə F.Bədəlbəyli bu cür cavab verib: “Onları bir az “itələmək” lazımdır. Həmçinin təbliğat işləri artırılmalıdır. Əlbəttə ki, klassik əsərləri dinləmək çətindir. İnsanlar adət ediblər ki, hər gün televiziya kanallarında ucuz mahnıları dinləsin. Bunun üçün də klassik əsərləri çətinliklə qəbul edirlər. Biz də çalışırıq ki, insanların zövq daha da inkişaf etsin, yaxşı olsun”.
Qeyd edək ki, festival avqustun 7-dək davam edəcək.
Xalidə Gəray,
Musavat.com






