Fərəc Kərimli: “Mənə qarşı ifadə verən şəxs indiyədək 180-ə yaxın insanın üzünə durub”
Aprelin 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat başqanının müavini Fərəc Kərimlinin məhkəmə prosesi davam etdirildi. Məhkəmədə başqan müavininə dəstək olmaq üçün çoxlu sayda partiya fəalı iştirak edirdi.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə proses 14:00-da şahidlərin ifadələri ilə başladı. İlk olaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyatçısı Hətəm Əliyev ifadə verdi: “Baş verən hadisədən sonra Fərəc Kərimlini tanımışam. İdarəyə iyulun 22-də onun barəsində məlumat daxil oldu. Ceyhun İmamverdiyev rəhbərliyə məruzə etdi. Rəhbərlik onun saxlanılması barədə qərar çıxardı. 23 iyulda əməliyyat qrupu yaratdıq. Hadisə yerində özümüzü ona təqdim etdik. Onu idarəyə dəvət etdik. Hal şahidləri və vəkilin iştirakı ilə üzərinə baxış keçirdik. Üzərindən telefon, pul və salafana bükülmüş heroin aşkar olundu. Fərəc Kərimli narkotiki 5 gün əvvəl yaşadığı binanın qarşısında yerdən tapdığını bildirdi. Vəkilin iştirakı ilə protokol tərtib olundu. Heç bir etiraz bildirmədi. Özü protokola qol çəkdi. Heç bir təzyiq olmadı. Onunla düşmənçiliyim olmayıb. Fərəc Kərimlini “Azadlıq” prospekti yaxınlığında yerləşən 114 saylı binanın qarşısında saxladıq. O, həbs olunarkən üzərindən çıxan heroinin satışı ilə məşğul, yaxud istifadəçisi olması ilə bağlı heç bir söz demədi”.
Şahidin ifadəsinin bu yerində hakim “Bəs, siz nə əcəb narkotiki nə məqsədlə üzərində gəzdirməsi barədə təqsirləndirilən şəxsə sual vermədiniz” sualını verdi. H.Əliyev verilən sualdan yayındı. Müdafiə tərəfi buna etiraz etdi.
Müdafiə tərəfinin vəkili Nemət Kərimlinin “Necə olur ki, ifadəniz əvvəlki şahid Ceyhun İmamverdiyevin ifadələri ilə hərf-hərf üst-üstə düşür” sualı qarşısında da şahid aciz durumda qaldı. Hakim verilən suala etirazını bildirdi. Ümumiyyətlə, şahid əksər suallardan yayınırdı.
Təqsirləndirilən şəxs həbs olunduğu zaman digərlərindən fərqli olaraq, yalnız Hətəm Əliyevin onunla mülayim davrandığını söylədi: “Heç bir sualım yoxdur. Yalnız Hətəm həbs olunduğum zaman özünü tərbiyəli aparırdı. Başqalarından bununla fərqlənirdi. Buna görə də ona sağol deyirəm. Təbii ki, verdiyi ifadələr yalandır. Heç biri ilə razı deyiləm”.
Məhkəmə hal şahidi Dərgah Quliyevin ifadəsi ilə davam etdi: “Nərimanov rayonu ərazisində yaşayıram. Ustayam. İlk dəfə Fərəc Kərimlini idarədə görmüşəm. İyulun 23-də günorta saatlarında bir polis mənə yaxınlaşaraq, məni yaxınlıqda yerləşən idarəyə dəvət etdi. Hal şahidi qismində bir işdə iştirakçı olmağımı istədi. İdarəyə gəldik. Otaqda 3-4 nəfər var idi. İştirakımızla bu oğlanın (F.Kərimli) üzərinə baxış keçirildi. Bir telefon, 52 manat pul və bir də narkotik maddə çıxdı. Özü etiraf etdi ki, yerdən tapıb. Protokol tərtib olundu. Onunla heç bir ədavətim yox idi. Könüllü olaraq, özü protokola qol çəkdi. Heç bir təzyiq olmadı”.
Şahidin ifadələri zalda gülüşlə qarşılanırdı. O, əksər suallara gülməli cavablar verirdi. Əməliyyatda iştirakçı olanların heç birinin adını çəkmir, yalnız “balacaboy, keçəl adam idi” kimi cavablarını verirdi. Hiss olunurdu ki, ad çəkməkdən çəkinirdi. Təqsirləndirilən şəxsin üzərinə baxışın gah birinci, gah da yuxarı mərtəbələrdə aparıldığını qeyd edirdi.
Fərəc Kərimli hal şahidinə suallar verərkən onunla bağlı şok faktlar açıqladı: “Bu insan Kürdəxanıda ad çıxarıb. Orada olan məhbusların 80 faizinin üzünə durub. Yalan ifadələrlə insanların taleyini bədbəxt edir. Prezidentin müşavirinin qarət edilən evinə görə həbs edilən şəxslərin də üzünə durub. Şah İsmayıl Xətai adına Azərbaycan Demokrat Partiyasının sədri Babək Ədalətlinin məhkəməsində də hal şahidi kimi iştirak edib. Təsadüfi deyil ki, idarədə bunun özünü döydülər. Ünvanına ağır söyüşlər işlətdilər. Atasının adını, soyadını deyə bilmirdi. Bu şəxs indiyə qədər 180-a yaxın insanın üzünə durub. 1 saylı Bakı İstintaq Təcridxanasında adı əzbərdir”.
Hakim Dərgah Quliyevə indiyə qədər başqa məhkəmə proseslərində hal şahidi kimi iştirak edib-etməməyi ilə bağlı sual verdi. O, 2-3 məhkəmədə hal şahidi kimi iştirak etdiyini etiraf etdi.
Bununla da şahidlərin ifadələri başa çatdı. Hakim təqsirləndirilən şəxsin ifadəsinin olacağını bildirdi.
Fərəc Kərimli hazırda özünü yaxşı hiss etmədiyini, növbəti prosesdə ifadə vermək istədiyini söylədi.
Hakim bu səbəbdən məhkəmənin 15 aprel saat 14:30-a qədər təxirə salındığını elan etdi.
Cavanşir ABBASLI






