“Yeni Müsavat” qəzetinin reportyoru Fərahim İlqaroğluna sui-qəsd edilməsindən düz bir ay ötdü. Aprelin 25-də yaşadığı binanın qarşısında əməkdaşımızı vəhşicəsinə döyən Feyruz Termişi adlı şəxs həbs edilib. Lakin bu işdə iştirak edən qara gödəkcəli naməlum şəxs və döyülmə əmrini verən kikboksinq üzrə tanınmış döyüşçü Tural Bayramovun həbsi ilə bağlı heç bir rəsmi məlumat yoxdur.
|
“Görüntü bundan ibarətdir ki, istintaqın gücü yalnız F. Termişini həbs etməyə yetir; bundan o tərəfə irəliləmək mümkün olmur. Ziya Məmmədovun, milyardlarla parası olan korrupsioner bir oliqarxın qardaşı oğlunun ifşasına, nazirin özünün də karyerasının bitməsinə səbəb ola biləcək bir prosesə imkan verilmir...” |
Mövzu ilə bağlı hər gün yazı hazırladığımız üçün təkrarlara yol verməyəcəyik. Sadəcə, bunu bir daha qeyd edək ki, müxbirimizə qarşı sui-qəsd anının aydın video-görüntüləri var, ona 100 minlərlə insan baxıb. Həmin görüntülər istintaqa da təqdim olunub. Daha sonra isə “Yeni Müsavat” Fərahim İlqaroğlunu döyən F.Termişinin və döyülmə zamanı guya Fərahimi idmançının əlindən alan qara gödəkcəli şəxsin bir yerdə qaçmasını, bununla da onların eyni dəstənin üzvləri olmasını təsdiqləyən video-görüntülər əldə edə bilib.
|
“İndi hörmətli prezident üçün də sınaq anıdır - o, və başında durduğu dövlət kimin babası olacaq? Fərahiminmi, Aynarınmı?... Traktorçu, zəhmətkeş İlqar Qasımovunmu; oliqarx, həm də deputat Elton Məmmədovunmu?” |
Ortada olan və artıq ictimaiyyətin də məlumat bankına daxil edilən mötəbər sübutlar onu diqtə edir ki, istintaq birdən artıq həbs həyata keçirməli idi. Doğrudur, “Yeni Müsavat”da məlumat var idi ki. F.Termişini bu işə sövq edən Tural Bayramov da yaxalanıb və ona 20 sutka həbs verilib.
Lakin o da məlum idi ki, istintaq onun həbsini başqa maddə ilə sənədləşdirib. Lakin ondan “lazım olan ifadə-etirafı” alıblar. İndi Tural Bayramovu jurnalistə qarşı sui-qəsdin sifariş verilməsi işinə qatmaq üçün siyasi qərar lazımdır. Çünki onunla bərabər olaraq ölkənin ən odioz nazirlərindən birinin qardaşı oğlu həbsə alınmalıdır. Artıq ictimaiyyət də, ölkənin siyasi rəhbərliyi də, hətta öz atası və nazir əmisi də bilir ki, Fərahim İlqaroğlunun döyülməsni Aynar sifariş verib. Onun həbsi o dərəcədə ciddi hadisədir ki, bu qərar ancaq prezident tərəfindən verilməlidir.
20 gün hüdudsuz bir zaman vahidi deyil; artıq Tural Bayramovun inzibati cəzası da bitib. İndi onun Facebook sosial şəbəkəsində məşq zamanı çəkdirdiyi fotosu da yayılıb.
Görüntü bundan ibarətdir ki, istintaqın gücü yalnız F.Termişini həbs etməyə yetir; bundan o tərəfə irəliləmək mümkün olmur. Ziya Məmmədovun, milyardlarla parası olan korrupsioner bir oliqarxın qardaşı oğlunun ifşasına, nazirin özünün də karyerasının bitməsinə səbəb ola biləcək bir prosesə imkan verilmir.
|
““Yeni Müsavat" qəzeti bu çirkin cinayəti demək olar ki, açıb və jurnalistlərin gözünü qorxutmaq istəyən bir klanın özünün gözünü qıpıq edib. Ölkənin tarixində ilk dəfədir ki, jurnalistə qarşı əl qaldıran birisi həbsə alınıb; digərləri ictimai qınağa, üstəlik, istintaqın sanksiyalarına tuş gəliblər. Məmmədovlar klanı ölkədə və dünyada növbəti dəfə biabır olub" |
Ortada cəmiyyətin tipik təmsilçiləri ilə - zəhmətkeş, halal çörəklə ailə saxlayan Fərahimin atası İlqar Qasımovla “yeni azərbaycanlı”, milyarder məmmədovların, Aynarın atası Elton Məmmədovun savaşı var. Azərbaycan kimi dövlətdə bu işin məlum gedişini ancaq prezident poza bilər. Ondan başqa təbii ki, kimsənin Ziya Məmmədova gücü çatmayacaq və “ədalətin anası ağlayacaq”. F.İlqaroğlu da bunu bildiyi üçün bir başa ölkə prezidentinə - İlham Əliyevə müraciət edib. İndi hörmətli prezident üçün də sınaq anıdır - o, və başında durduğu dövlət kimin babası olacaq? Fərahiminmi Aynarınmı... Traktorçu, zəhmətkeş İlqar Qasımovunmu, oliqarx, həm də deputat Elton Məmmədovunmu?
Vəkilimiz Elçin Sadıqovsa proseslərə sırf hüquqi aspektdən yanaşır və gedişatdan razı deyil. O, istintaqın gedişi ilə bağlı “Yeni Müsavat”a deyib ki, bu işi araşdıran Daxili İşlər Nazirliyinin müstəntiqi Mikayıl Qüdrətovla görüşüb. Müstəntiq vəkilə deyib ki, hazırda onların göstərdiyi xüsusatları araşdırır.
Vəkilin sözlərinə görə, müstəntiq əsl sifarişçini istintaqa çağırmaq niyyətində görünmür: “Onun sözündən belə başa düşdüm ki, Fərahimin döyülməsində iştirak edən nə qara gödəkçəli naməlum şəxsi, nə sifariş verən Tural Bayramovu, nə də bu işdə adı keçən Aynar Məmmədovu istintaqa cəlb etmək fikri var. Belə məlum oldu ki, bu adamları istintaqa çağırmaq istəyi yoxdur”.
Lakin dövlətin müəyyən pillələrindən məlumat almaq imkanı olan media quruluşları iddia edirlər ki, istintaq, ya da ondan yuxarıdakı instansiyalar Aynar Məmmədovdan ifadə alıblar. Ondan əvvəlsə Tural Bayramov da dindirilib - hər şeyi etiraf edib! Bu məlumatları “Yeni Müsavat”ın qaynaqları da təsdiq edirlər. Lakin görünən budur ki, həmin ifadələrin işə daxil edilməsi üçün siyasi “sanksiya” lazımdır.
Bu barədə “Yeni Müsavat”a danışan Rauf Arifoğlu qəribə bir paralel də gətirdi: “2003-ün oktyabr hadisələri zamanı istintaq məndən bir neçə dəfə fərqli məsələlərə dair ifadə almışdı. Hazırda Türkiyənin millət vəkili olan Atilla Qaya, Türkiyədən gələn fəallar, dostlarımızla bağlı xüsusi epizod açmışdılar və istintaq aparırdılar. Guya Türkiyədən gələn dostlar bizimlə birlikdə silahlı dövlət çevrilişi hazırlayırmışlar... Guya 200-dən artıq xüsusi təyinatlı zabitlər də, mülki şəxs adları ilə bu məqsədlə Bakıya gəliblər və mən də Müsavat Partiyasında bu işə koordinatoram...
Lakin istintaq yekunlaşdı, cinayət dosyesi oxunmaq üçün bizə verildi; gördüm ki, orada məndən həmin epizod üzrə alınan ifadələr yoxdur. Müstəntiqdən soruşdum, dedi ki, bu epizodu böyütmək, məhkəməyə çıxartmaq üçün siyasi qərar verilmədi. Buna görə də epizoda aid nə var idisə, hamısı dosyedən çıxarıldı... İndi bu iş də belədir... İfadələr də alınır, saxlanmalar da var, tam hazırlıq görülür; lakin siyasi qərar necə olsa, istintaqın da yönü o səmtə dəyişəcək . Fikir verirsinizsə, istintaq medianın ortaya atdığı ciddi iddialara dair heç bir təkziblə çıxış etmir. Çünki qərar yoxdur”.
Jurnalist Fərahim İlqaroğlu isə hələ də ümidlidir. Lakin ona qarşı sui-qəsdin üstündən 1 ayın keçməsi jurnalisti narahat edir: “Artıq bir ay keçib və işimdə heç bir yenilik yoxdur. Təkcə Feyruz tutulub. Fakt göstərir ki, Bayramov və Termişiyə kömək edən digər şəxs istintaqdan qorunur. Günaşırı müstəntiqlə əlaqə saxlayıram. Yenilik olacağı halda məlumat veriləcəyini deyir”.
Beləliklə, bir ay ərzində müxbirimizə qarşı olan hücumun əsl sifarişçisi və göstəriş verəni barəsində heç bir tədbir görülmədi. Lakin əsas olan budur ki, ölkə ictimaiyyəti “Yeni Müsavat” qəzetinin Ziya Məmmədovun oliqarxik klanına qarşı necə bir savaş verməsinə, əllərində bu qədər imkan olan klanın informasiya müdafiəsini büsbütün darmadağın etməsinə şahid oldu. Üstəlik, qəzet istintaqdan belə çevik davranaraq, ortaya mötəbər faktlar qoydu. “Yeni Müsavat” qəzeti bu çirkin cinayəti demək olar ki, açıb və jurnalistlərin gözünü qorxutmaq istəyən bir klanın özünün gözünü qıpıq edib. Ölkənin tarixində ilk dəfədir ki, jurnalistə qarşı əl qaldıran birisi həbsə alınıb; digərləri ictimai qınağa, üstəlik, istintaqın sanksiyalarına tuş gəliblər.
Məmmədovlar klanı ölkədə və dünyada növbəti dəfə biabır olublar. Bütün cəmiyyət daha bir dəfə azad medianın gücünü gördü; bunu özlərindən razı olan məmmədovlar, onların “ictimai” dəstəkçiləri də gördülər. Bu, böyük dərsdir. Bundan belə bu cür “papalarının” gül və “ziyalı” balaları onlardan yazan jurnalistlərə cəza kəsmək istəyəndə, hər dəfə bu dərsi xatırlayacaqlar...
Emil SALAMOĞLU,
T.TURANÇI