İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstində 3-cü intifada başlana bilər

1469 25.07.2014 19:15 Son xəbər A A

Qeyd edək ki, iki gün əvvəl İsrail təhlükəsizlik qüvvələri Qədr gecəsində Qüdsdəki Məscidi Əqsaya gələn fələstinlilərin qarşısını almağa çalışıb. Yaranan qarşıdurmada iki nəfər öldürülüb, çoxlu sayda fələstinli isə yaralanıb. İsrail ordusu Məscid Əqsada namaz qılan dindarlara atəş açıb. Eyni zamanda məscidin bütün giriş-çıxışları qapadan İsrail ordusu fələstinlilərin məscidə gəlməsinin qarşısını alıb. Bu zaman məscidə daxil olmağa çalışan 39 fələstinli həbs olunub. 

Qətərin “əl-Cəzirə” telekanalının məlumatına görə, Qədr gecəsi baş verənlərdən sonra Fələstin administrasiyasının yerləşdiyi Ramallah şəhəri və bütövlükdə Qərbi Şəriə ərazisində etiraz aksiyaları başlayıb. Ötən gün Kalandiya ərazisində Qəzzaya dəstək yürüşünə çıxan bir qrup etirazçı Ramallahdan Qüdsə daxil olmaq istəməsi toqquşmalara səbəb olub. Məscidi Əqsaya dəstək yürüşü “48 min insan” şüarı ilə keçirilib. Bundan başqa Tul Kərim, Beyt-Ləhim, əl-Xəlil, Halhul qəsəbələrində də İsrail ordusu ilə fələstinlilər arasında qarşıdurmalar baş verib. Nabuls şəhərində baş verən aksiya zamanı 3 fələstinli yaralanıb. Baş verən qarşıdurmalarda yaralananların sayı 250 nəfərə çatıb. Fələstin dövlətinin rəhbəri Mahmud Abbas xalq müraciət edərək yaralılara qan verməyə çağırıb. 

Qarşıdurmaların bu şəkildə davam etməsi 3-cü intifadanın başlanmasına səbəb ola bilər. İntifadanın başlanması İsrailə qarşı böyük bir xalq ayaqlanması olacaq. Qeyd edək ki, buna qədər Fəlsətində iki dəfə intifada hərəkatı baş verib. “İntifada” sözü ərəbcədən ayaqlanmaq, partlayış kimi mənaları daşıyır. Fələstin müqavimətinin bir nümunəsi olaraq kütləvi xalq müqaviməti, etiraz dalğası mənasını daşıyır. 

Fələstində birinci intifada 1987-ci ildə başlayıb və 4 il davam edib. Yalnız 1993-cü ildə Oslo razılaşmasının imzalanması ilə dayandırılıb. İntifada hərəkatı 1987-ci ildə İsrail-Fələstin münaqişəsində gərginliyin artması fonunda baş verib. Həmin il dekabrın 9-da Cəbaliyə qaçqın düşərgəsində başlayıb. Bunun ardınca etirazlar Qəzza, Qərbi Şəriə və Qüdsə yayılıb. Fələstinlilər İsrail hökumət qanunlarına tabe olmur, dövlət qurumları boykot edilir, ordunun əmrləri icra olunmur, kütləvi itaətsizlik, İsrail məhsullarının boykot edilməsi, eyni zamanda Fələstin ərazilərindəki İsrail ordusuna məxsus hərbi obyektlərə hücumlar edirdilər. İsrail hökuməti fələstinlilərin etirazlarını dayandırmaq üçün 80 min nəfərlik ordunu səfərbər etsə də, nəticə əldə olunmur. İsrail ordusu intifada zamanı 1087 fələstinlini öldürür, eyni zamanda İsraillə əməkdaşlıq etdiyi üçün 822 fələstinli qətlə yetirilir. İntifada zamanı 100 nəfər mülki İsrail vətəndaşı və 60 əsgər öldürülür. 1400 nəfərdən artıq mülki yəhudi, 1700 nəfər əsgər isə yaralanıb. 

İkinci və daha şiddətli intifada hərəkatı isə 2000-ci ildə başlayaraq 5 il davam edib. Bu dəfə Fələstin tərəfdən 3000, İsrail tərəfdən isə 100 nəfərə yaxın insan öldürüldü. Öldürülənlərdən 64 nəfəri xarici ölkə vətəndaşı idi. hesablamalara görə, öldürülən fələstinlilərin 46 faizi təsadüfi güllələrə tuş gələn, yanlışlıqla öldürülənlər idi. İsrail tərəfdən isə öldürülənlərin 31 faizi təhlükəsizlik qüvvələri və ordu üzvləri, 68 faizi isə mülki insanlar olub. 

İndi isə üçüncü intifadanın başlanması hər iki tərəfin silahlı olması və şərtlərin dəyişməsi səbəbindən daha böyük təlafata və qırğınlara səbəb ola bilər. Artıq bu təhlükəni nəzərə alaraq region ölkələri hərəkətə keçərək tərəflər arasında sülh əldə edilməsi üçün danışıqlara başlayıblar. 

Kənan

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR