Qabil Abbasoğlu: “Oxucularımızı geri qaytarmaq gücündəyik və zənn edirəm ki, bu, uzun çəkməyəcək”
Ötən ilin avqust ayından bağlanan Lent.az saytının fəaliyyəti, bu həftədən etibarən bərpa olunub. Sayt demək olar ki, əvvəlki kollektivlə öz işinə davam etdirir. Bəs oxucular Lent.az saytında hansı yenilikləri görəcəklər?
Saytın kollektivi kimlərdən ibarətdir? Bu və ya digər suallara cavab tapmaq üçün “Yeni Müsavat”ın reportyor qrupu olaraq Lent.az-ın redaksiyasına yollandıq. Müşahidə etdik ki, saytın əməkdaşları qızğın iş başındadırlar. Söhbətimizə Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu ilə başladıq. Q. Abbasoğlu bildirdi ki, bu həftənin ilk günündən etibarən sayt, oxucularına açıqdır. Baş redaktor köhnə heyətin necə yenidən bir araya gətirilməsi barəsində də danışdı:
“Lent.az-ın fəaliyyətində fasilə yaranan zaman əməkdaşlar 1 ay müddətində gözləmə mövqeyində qaldılar. Lakin baxdılar ki, həm texniki həm də digər planda olan məsələlər uzanır və məcburən iş axtarmalı oldular. Xeyli müddət gözləyəndən sonra mənim özüm də iş tapmışdım. Saytın bərpası ilə bağlı şirkət rəhbərindən məlumat alandan sonra keçmiş əməkdaşlarımıza da xəbər etdik. Demək olar ki, hər kəs tam tərkibdə işinin başına döndü”.

Qabil Abbasoğlu bildirdi ki, prosesi Lent.az-ın fəaliyyətində təzə mövsüm hesab etmək olmasa da, yeni layihələr planlaşdırırlar:
“İlk növbədə deyim ki, texniki planda da yeniliklər gözlənilir. Saytın özünün texniki təminatı və görünüşündən tutmuş, digər problemli məsələlərinə qədər fərqlilik olacaq. Eyni zamanda keyfiyyət və məzmunca da yeni layihələrimiz var. İki-üç layihəmizin yeni yazıları demək olar ki, hazırdır. Ancaq mövsüm məsələsinə gəlincə isə deyim ki, sanki iş dünən dayanmışdı və bu gün də fəaliyyətimizi davam etdiririk. Lent.az-ın xəttinin qorunması baxımından da eyni günün davamı kimi işləyirik. Ancaq təbii ki, dövrün trendlərini, çağırışları və aktual məsələləri nəzərə almaqla dəyişiklikləri də edəcəyik. Lent.az boyda tarixi olan internet media nümunəsi üçün mövsüm anlayışı artıq köhnəlib. Artıq fəaliyyətimiz 11-ci ilə doğru gedir. Saytımız Azərbaycanda ən qədim internet media resurslarındandır. Ona görə də bir-birilərini əvəz edən mövsümlər mərhələsini adlamışıq. İndi isə biz tarix mərhələsindəyik, özümüzü Azərbaycan mətbuatının yeni dövr tarixinin bir parçası hesab edirik. Bunu qətiyyən də böyük bir iddia kimi saymıram. Bu, bizim peşə borcumuzdur. Sanki dünən işdən ayrılıb gedib, bu gün yenidən qayıtmışıq. Hətta elə əməkdaşlarımız var ki, iş yeni başlayanda məndən soruşdu ki, sonuncu dəfə filan mövzunu araşdırırdım, davam edimmi? Dedim ki, davam edin. Böyük bir hadisə yoxdur. Sadəcə olaraq şirkət rəhbərliyinin qərarı ilə fasilə yarandı, işlər yoluna qoyulandan sonra da davam edirik. Hər bir şirkətin, müəssisənin tarixində belə şeylər olur. Səbrimiz yetdi. Saytın arxivinə gəlincə isə bu da tam şəkildə bərpa olundu. Ola bilər ki, kiminsə hansısa materialı axtarıb tapmasında müəyyən çətinlik yaşanar. Bu problemlərin də üzərində işləyirik”.

Qabil Abbasoğlu yeni yaranan ONA agentliyi ilə münasibətlərindən də danışdı:
“Əslində ONA ilə o baxımdan eyni müəssisə sayılırıq ki, komandamız ayrı deyil. Hətta ONA ilə kadr mübadilələrimiz də olur. Lent.az bizim üçün laboratoriya rolunu oynayır. ONA-da işləyən əməkdaşlarımızın bir çoxu Lent.az-dan gediblər. Bu cütlük qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətlərini davam etdirəcək. Sayt fəaliyyətə başladıqdan sonra oxucularımızda geridönmələr var. Biz bu statistikanı da, İP-lərin geri dönüşünü də izləyirik. Bərpa prosesindəyik. Oxucularımızı geri qaytarmaq gücündəyik və zənn edirəm ki, bu, uzun çəkməyəcək. Lent.az-da hər zaman olduğu kimi Azərbaycan mətbuatının tanınmış imzalarını görəcəyik. Hətta yeni imzalar da var. İndiyə qədər bizimlə əməkdaşlıq etməyən peşəkar jurnalistlərimiz var ki, hazırda bizimlədirlər. Məsələn, Qalib İbrahimoğlu bizdə redaktor kimi fəaliyyətə başlayıb”.

Lent.az-ın daha çox kriminal xəbərlər verməsini iddia edən sosial şəbəkə istifadəçiləri, bununla bağlı saytı tez-tez qınayırdılar. Qabil Abbasoğludan bu məsələ ilə bağlı da münasibət aldıq:
“Bir dəfə bununla bağlı bir bum yaşandı, kampaniya getdi. Məni bir neçə sayt rəhbəri ilə birlikdə televiziyaya da dəvət etmişdilər. Açıq şəkildə sual verdilər ki, kriminal xəbərlər niyə çox oxunur? Sonra monitorinq apardım və məlum oldu ki, saytın sosial, dünya, idman, maqazin və siyasət kateqoriyasına kriminaldan ən azı iki dəfə artıq xəbər yerləşdirilir. Adamlar daha çox kriminal xəbərini oxuyur. Biz nə edək? Bütün problemlərə eyni dərəcədə yer ayırırıq, oxucu isə kriminalı çox oxuyur. “Kriminalı niyə çox verirsiniz” deyən adamların özü də elə kriminal xəbərini açıb, oxuyurlar. Bu, təkcə Azərbaycanda deyil, dünyada da belədir və insanın təməl hisləri ilə bağlıdır. Lent.az-ın top 10-da birinci yerlərdə duran materiallar arasında kriminal mövzu da olub, digərləri də. Türkiyə-Ermənistan sərhədlərinin açılması zamanında birinci yerdə olub və elə rəqəm toplayıb ki, ona hələ çatan olmayıb”.
Oxunma sayınız realdırmı? Sualına isə baş redaktor belə cavab verib:
“Əlbəttə ki, realdır. İnternet mediasına xas olan “F5 xəstəliyi”ndən uzağıq. Biz sayt yaranandan demişik ki, özümüz-özümüzü aldatmayacağıq. Oxucu ilə aramızda heç bir yalan yoxdur”.

Daha sonra saytın redaktoru Səbinə Əvəzqızı ilə həmsöhbət olduq. S. Əvəzqızı bildirdi ki, Lent.az fəaliyyətini dayandırdıqdan sonra Vüsalə Mahirqızının “e-tibb.az” saytında fəaliyyət göstərib:
“Bir gün məlum oldu ki, Lent.az saytı açılır. Bu saytın demək olar ki, hər gün həsrətini çəkirdim. Axtarış sistemlərinə bəzən çaşıb saytın adını yazırdım. Digər saytlarda yazıları oxuduqca düşünürdüm ki, bu mövzuya Lent.az-ın yanaşması necə olardı? Lent.az-ın qayıtması xəbərini alanda elə sevinc yaşadım ki, 24 ildir sözlə işləməyimə baxmayaraq, bu sevinci tam açıqlaya bilən ifadə tapmadım. Gözləyirdik və bu, baş verdi. Sevindirici haldır ki, Lent.az qaldığı yerdən davam edir”.
Saytın yeni redaktoru Qalib İbrahimoğlu isə aşağıdakıları söylədi:
“Ekspress” qəzeti bağlandıqdan sonra Lent.az-a dəvət olundum. Təbii ki, online media ilə çap mediası arasında fərq var. Ancaq mənim üçün heç bir çətinlik yoxdur.

Saytın əməkdaşı Səlçuq Elçin də Lent.az fəaliyyətini bərpa etdikdən sonra işlədiyi media orqanından çıxıb, geri dönənlərdəndir:
“4 il Lent.az-da çalışdığımdan sonra sayt fəaliyyətini bir müddət dayandırdı. Həmin müddət ərzində open.az saytında çalışdım. 5 aydan artıq orada çalışdıqdan sonra Lent.az-ın fəaliyyəti bərpa olundu və mənə bura qayıtmağım təklif olundu. Doğmalıq məni çəkdi, öz doğma yerimə geri döndüm”.

Ayxan Ayvaz da kulis.lent.az-da 2 il yarım çalışıb, sayt fəaliyyətini dayandırdıqdan sonra o, “Ədalət” qəzetində işləyib. İki gündür ki, yenidən Lent.az-da fəaliyyətinə davam edir. Eyni zamanda sayta yeni əməkdaşlar da cəlb ediliblər.
Lent.az-da “Əsir düşərgəsi” , “Əbədi tələbələr”, “İnternat dramı” “50 +”, “Qız-qıza” layihələrinin müəllifi Vüsalə Məmmədova da saytın redaksiyasında idi. Onunla da həmsöhbət olub, fikirlərini aldıq:
“Lent.az-ın yoxluğu dönəmində öz manşetində Qarabağla bağlı mövzuya yer ayıran heç bir sayt görmədim. Hamı deyir ki, xəbər oxumağa yer tapmırdım və sairə. Düşünürəm ki, bütün bunlar şablon ifadələrdir.

Mən deyərdim ki, həyatımda enerji azalmışdı. Başqa işlərlə də məşğulam. Ancaq hər hansı bir mövzunu araşdırmaq, üç-dörd cümlə üçün uzaq bir rayona, kəndə getmək, materialları diktofondan çıxarmaq həzzini başqa heç nə də tapmırdım. Lent.az-da istədiyim mövzunu rahat araşdıra bilirdim. Lent.az bağlanan zaman yarımçıq qalan layihəm “Əbədi tələbələr” idi. Əbədi tələbələr təhsillərini yarımçıq qoyub, könüllü olaraq Qarabağa yollanan, döyüşən, şəhid olan uşaqlardır. Onların həyatlarını, haqlarında məlumatları araşdırıb, yazırdım. Qarabağla bağlı heç bir sayt maraqlı olmadığı üçün digər saytlarda bu kimi layihələri davam edə bilmədim. Lent.az-ın prioritetləri içərisində Qarabağ mövzusu həmişə birinci olub. Digər saytlarda isə bunu görmədim. “Əsir düşərgəsi”ni bərpa etməyi düşünürəm. İki ildir ki, bu layihə dayanmışdı. “İnternat dramı”nın da üzərində işləyirik. Hansı layihələr dayanmışdısa, davam edəcək.
Əli Rais,
“Yeni Müsavat”
Fotolar: Elçin Əkbərov






