Qaliblər arasında “Yeni Müsavat” Media Qrupunun nümayəndələri də var
Bu gün “Gəncəli” plazada Azərbaycan Diasporu İnformasiya Mərkəzi xaricdə Azərbaycanı uğurla təmsil edən fəal diaspor liderlərinin və Azərbaycan diasporunun fəaliyətini yaxından işıqlandıran KİV və media nümayəndələrinin mükafatlandırma mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan informasiya mərkəzinin rəhbəri Toğrul Allahverdili xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun gördüyü işləri xatırlatdı. O dedi ki, diaspor fəaliyyəti sahəsində yəhudilərdən örnək götürməliyik: “Amma İlham Əliyevin də sözləri ilə desək, Azərbaycan diasporası erməni diasporasına zərbələr endirməkdədir. Keçirilən tədbirlər öz gücünü göstərir. Biz bu işin bundan sonra da aktiv şəkildə həyata keçirilməsini istəyir və bunun üçün gücümüzü səfərbər edirik”.
Deputat Aydın Mirzəzadə isə bu gün hər bir xalqın dəyərinin həm də digər ölkələrdə yaşayan vətəndaşların uğuru ilə ölçüldüyünü bildirdi. Azərbaycanın “Qarabağ” brendi ilə dünyaya çıxdığını xatırladan millət vəkili son illər Azərbaycana gələnlərin sayının sürətlə artmasında da güclü təbliğatın rolunu qabartdı. “Bir dəfə Azərbaycana gələn bir daha gəlmək istəyir” deyən çıxışçının sözlərinə görə, bu ölkənin diasporu üçün iş görmək gerçəkdən böyük şərəfdir.
Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı Azərbaycan dövlətinin bu sahədə tutumunu, bunun dövlət proqramı olduğunu İ.Əliyevin dəfələrlə vurğuladığını deyib: “Dövlətin bu sahədə proqramları var. Amma yetərli deyil. Əl-ələ verib, bunu həyata keçirməli, dövlətə yardımçı olmalıyıq”.
“Biz bir-birimizin ayağından çəkmədikcə Azərbaycanı dünyada möhkəmləndirəcəyik” deyən T.Rüstəmxanlının sözlərinə görə, bəzi ölkəni tərk edən soydaşlarımız Azərbaycan əleyhinə ermənilərdən daha aktiv fəaliyyət göstərir.
Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı Hüseyn Büyükfırat isə Azərbaycan-Türkiyə dostluğunun dərin kökləri haqda danışıb. “Əgər vətən varsa, biz iş adamları da var” deyən H.Büyükfırat bu səbəbdən də “öncə vətən” şüarının vacib olduğunu vurğuladı.
Diaspor nümayəndələrindən İlham İsmayılov da xaricdə diasporu təmsil edənlərin daha çox əmək sərf etdiyini dedi. Onun fikrincə, effektiv nəticə üçün həmrəylik vacib şərtdir: “Dövlət səviyyəsində Azərbaycan diasporuna dəstək güclüdür. Gənclərin və daha geniş kütlənin bu işə cəlb olunması vacibdir”.
"Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də diasporun ürək işi olduğunu dedi. Onun sözlərinə görə, bu işi layiqincə həyata keçirənlər əslində dövlətə və millətə xidmət etmiş olurlar.
Tədbir daha sonra mükafatların təqdim edilməsi ilə davam etdi. Ən fəal diaspora rəhbərləri, habelə diasporanın fəaliyyətini işıqlandıran media orqanları, media nümayəndələri mükafatlandırıldı.
Mükafatçılar arasında “Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı, minval.info saytının rəhbəri Məhəmməd Türkmən də olub.
Sevinc, musavat.com






