İnsanlara hürriyət, millətlərə istiqlal!

FBİ sizi izləyir

1289 24.06.2019 10:40 Yazarlar A A

Xalq olaraq qonşuda baş verən siyasi olaylar sarıdan şanslıyıq. Bir tərəfimizdə seçkilər, o biri tərəfimizdə mitinqlər, lap o biri tərəfimizdə digər qonşuya barmaq silkələyənlər. Açırsan saytları, Azərbaycanda yaşamadığını bilsən, Türkiyə, Gürcüstan, ya da Rusiya vətəndaşı olduğunu düşünərsən.

Hərdən Tramp xəbərlərinin də lentləri bəzəyib-düzədiyinə aldansan, lap ağ edib, Manhattan sakini olduğunu düşünərsən. Əslində nə fərqi var ki? Ya “Həzi Aslanov”dakı çoxmərtəbələrin arasında yaşadın, ya da ki Manhattandakı göydələnlərin. Bina binadı, oksigen azlığı hər iki məkanda eynidi və sair və ilaxır. Digər paralellərə keçməyək, təhlükəlidir.

Amma gerçəkdən də iki-üç həftədir sağımız Binəli Yıldırım, solumuz İmamoğludu. Debatları qalmayıb, seçicilərlə görüşləri qalmayıb, hamısını saniyə-saniyə izləyirik. Yıldırım seçkiöncəsi hansı tok şoulara çıxdı, hansı zarafatları etdi, İmamoğlu ilə vali arasında hansı dava çıxdı, hansı söyüş ifadəsi işlədildi? Tiflis olayları da onun kimi. Hər detalına bələdik, hətta mitinqə çıxan gözəl gürcü qızların əlində plakat tutan şəkillərinə də. Niyə? Mövzumuz yoxdur? “Qonşu qonşu olsa, kor qız ərə gedər” söhbətidir, yoxsa? Sadəcə, xalq, cəmiyyət olaraq bu cür demokratik proseslərə təşnəyik. Biz jurnalistlər də, cəmiyyət də imitasiya ilə məşğuluq. Bəndəniz kimi əli qələm tutan qəriblər “Sabiq baş nazir canlı yayında jurnalistlərin sualını cavabladı” başlığını yazmaqla gözümüzün qurdunu, eqomuzu öldürürük mümkün qədər. Oxucu yazının içini oxuyana qədər yalançı bir sevinc hissi yaşayır bir neçə dəqiqə. Düzdü, oxuyandan sonra tez yazı müəllifinin imzasına baxıb, onun nəsil-nəcabətini çox nəcib şəkildə yad edir, amma nə olsun? Keçmiş ola! Çünki biz o başlığı yazmağa o qədər həsrətik ki. Hakim partiyanın bir funksionerini canlı yayına çıxaranda forsumuz redaksiyanı bürüyür. Nazir, nazir müavini, eks-nazir, eks baş nazirlə müsahibə götürsək, yəqin ki, uzun müddət ayağımız yerdən kəsilmiş vəziyyətdə gəzərik. Halbuki doğrusu, normalı, qəbulediləni bu deyilmi? Bu, olmamalıdırmı?

Qonşuları həssaslıqla izləməmizin kökündə çox məqamlar dayanır, insafən. Tətilimizdən tutmuş təhsilimizə, təhsilimizdən tutmuş iqtisadi əlaqələrimizə qədər, bir çox güclü bağlarla bağlıyıq bu ölkələrə. Uşaqlarımızı orda oxudur, yayda o torpaqlara istirahət edir, ticarətimizi orda qururuq. Niyə də əlaqəsi olmasın? Niyə də həyəcanla izləməyək qonşuları?

İzləmək demiş, bu gün bir daha fərq etdim: bütün gün ərzində izləndiyimizin fərqindəsizmi? Xalq olaraq, cəmiyyət olaraq, ayrı-ayrı fərd olaraq. Cem Yılmaz demiş, “FBİ bizi izliyor”. Zarafatsız, evdən çıxandan işə çatana qədər, işin binasından otağa girənə qədər. Yolda kamera, binanın girişində kamera. Bununla bitirmi? Yox! Üstündəki telefon, altındakı maşın, yemək yediyin restoran, çay içdiyin kafe. 7-24 izlənmə altındasan. Kameralar, kameralar və nəticədə daha böyük kamera. Telefonuna yüklənmiş xüsusi proqramlar belə səni izləyir, dinləyir. Danışdıqların sonradan reklam, mesaj olaraq qarşına çıxanda şoka girməyin bu səbəbdəndir. Bəli, sən rəfiqələrinlə Antalya tətilindən danışırsan günlərlə, səhəri gün Facebook səhifən bu tətil elanları ilə dolu olur, mesajlar gəlir turizm şirkətindən telefonuna. Özünü bir növ istifadə edilən, azadlıqları oğurlanan, həyatının pultu başqasının əlindəymiş kimi hiss edirsən. Corc Oruelin “1984" əsərinin qəhrəmanları kimisən əslində. Daim izlənən, panika və təşviş altında. İndi deyə bilərsiz ki, bu, bütün dünyada belədir və təhlükəsizlik üçün şərtdir. Bunun əksini inkar etmədik ki. Sadəcə, insan həyatı necə nəzarət altına alınıb, ondan bəhs edirəm. 20 il əvvəli düşünün: maşınlar da vardı şəhərdə, insanlar da, oğurluqlar da. Amma kamerasız həll olunurdu, amma bu qədər total nəzarət olmadan yoluna qoyulurdu. İnsanların həyatı bu qədər çatımlı olmur, onlara müdaxilə bu qədər asan baş vermir, heç kəs də özünü bir pultla idarə olunacaq qədər çarəsiz hiss etmirdi. 

Ətrafımız bu səbəbdən paranoyyal tipli insanlarla əhatə olunub. Danışanda səbəbli-səbəbsiz səsini alçaldan, sıradan bir mövzunu müzakirə edən kimi telefonunu söndürən və hətta içindən batareyasını çıxaran insanların davranışını görəndə təəccüblənməməmiz bundandır. Çünki normaldır, çünki göz gördüyündən qorxub, çünki...

Siz də deyirsiz, biz niyə Binəli-İmamoğlu debatını gözümüzə təpib, gürcü kişilərin qanına qəltan olmasına diqqətlə baxırıq? Çünki bizim üçün təhlükəsi yoxdur, izlənmirik, hansısa formada ziyan görmürük... O başqa söhbətdi ki, “qonşuda bişər, bizə də düşər” məsəli bu dəfə keçməyəcək. Guya nə zaman keçib ki?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR