İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa Gədəbəy hadisəsi ilə bağlı DANIŞDI

2205 23.06.2023 20:00 Gündəm A A

“Zəngəzur dəhlizinin açılması uğrunda Azərbaycan dövlətinin apardığı görünən və görünməz savaş tədricən yekunlaşdıqca və işğalçı Ermənistan tərəfindən pozitiv mesajların artıq səslənməyə başladığı bir ərəfədə narahatçılıqla düşünürəm ki, görəsən ölkə daxilində hansı hadisəni təlatümə çevirərək bu tarixi prosesdən diqqət yayındırılmağa cəhd ediləcək?”

Musavat.com bildirir ki, bunu deputat Fazil Mustafa Milli Məclisdəki çıxışında söyləyib. Deputatın sözlərinə görə, bu dəfə də hamımızı üzən hadisənin episentri olaraq təəssüf ki, erməni işğalına qarşı illərdir dağlarını sipər etmiş Gədəbəy seçildi: “Mən burada kənd sakinlərinin etirazlarının haqlı və ya haqsız olduğunu müzakirə etmirəm. İşin mahiyyəti budur ki, süni gölün tikilməsinə etiraz edən vətəndaşlar öz konstitusion hüquqlarından istifadə etmişlər, lakin aralarından bir neçəsi aksiya zamanı qayda-qanun yaratmağa çalışan polislərə daşlarla hücum etmiş, polislər də bu iğtişaşı yatırmaq istəyərkən yaşlı bir qadına qarşı bir polis nəfəri bibər qazından istifadə etməklə köntöy və kobud hərəkətə yol vermişdir. Anlaşılan bir durumdur: burada yaşayan vətəndaşlar öz sağlamlığına qarşı təhlükə olduğunu iddia edərək etirazını bildirir, asayiş keşikçiləri də bu etirazın qanun çərçivəsini aşmamasını tələb edirlər. Ancaq birdən-birə sosial şəbəkədə elə bir tozanaq qopur ki, sanki bir tərəfdə düşmən, digər tərəfdə xalq üz-üzə durublar”.

F.Mustafa bildirdi ki, bununla da bir polisin köntöy hərəkətini bütün Azərbaycan polisinə qarşı nifrət dalğasına çevirərək, dövlət hakimiyyətinə qarşı etimadsızlıq havası yaradılmağa çalışılır: “Təqdiredici hal odur ki, dərhal Daxili İşlər Nazirliyi xüsusi təhqiqat qrupunu bölgəyə göndərir ki, baş vermiş hadisədə yaşlı vətəndaşa qarşı kobud davranmış şəxsləri aşkara çıxarıb məsuliyyətə cəlb etsin. Yəni hər cür bəhanəni kəsəcək addım atır. Yenə də sosial şəbəkədəki virtual ürəklər soyumur, müxtəlif vəzifəli şəxsləri hədəfə alaraq gərginliyi artırmağa çalışırlar. Ardınca ölkənin baş naziri dərhal ekologiya nazirinin rəhbərliyi ilə komissiya yaradır və məsələni mahiyyəti üzrə araşdırmaq üçün bölgəyə göndərir. Komissiya üzvləri də vətəndaşlarla görüşərək onları narahat edən məsələləri həll edəcəklərini ictimaiyyət qarşısında açıq şəkildə bildirirlər. Buradan o tərəfə daha nə olmalıydı? Vətəndaş etiraz edir, dövlət də bu etirazı nəzərə alıb tədbirlər görməyə başlayır. Anlaşılmayan budur ki, belə məsələləri fürsət bilən biriləri işin içinə dərhal siyasəti qarışdırıb ekoloji şüarları siyasi şüarlarla əvəz edərək odun üstünə daha çox benzin tökmək yarışına girirlər. Bir ara bizdə şüar vardı: “Qarabağı unutma!” Bu şüar indi də aktuallığını qoruyur. Ancaq Gədəbəydə süni göldən sosial şəbəkədə süni balıqlar tutmağa çalışanların küyünə gedənlər bu ərəfədə “Zəngəzur dəhlizi uğrunda dövlətimizin apardığı savaşa məqsədli şəkildə yaxud da öz sadəlövhlüyünüzlə mane olmayaq!” cümləsini təkrarlasalar, düşünürəm ki, daha fəzilətli davranış sərgiləmiş olardılar”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR