İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fatimeyi Zəhra” məscidinin 1 hektar ərazisi necə ələ keçirilib...

1670 08.02.2017 10:52 Reportaj A A

Azərbaycanda müstəqillikdən sonra tikilmiş ilk məscidlərdən biri, dövlətlə dindarlar arasında ilk açıq qarşıdurmaya səbəb olmuş məscid ətrafında yenidən gərginlik yaranıb. Söhbət Yeni Günəşli qəsəbəsində yerləşən “Fatimeyi Zəhra” məscidindən gedir. 

Bu məscid 7-8 il əvvəl Azərbaycanda çox məşhur idi, ilk dəfə məhz dindarlar bu məscidin sökülməsi qərarına etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyəti qarşısında etiraz aksiyalar keçirdilər, qarşıdurmalar oldu. Hətta İranda nüfuzlu din adamları məscidin sökülməməsi üçün Azərbaycan prezidentinə müraciətlər etdilər. Amma bu haqda bir qədər sonra. 

Ötən həftə tanınmış vəkil Cavad Cavadov facebook hesabından açıqlama yayaraq, “Fatimeyi Zəhra” məscidinin yenidən sökülmə təhlükəsi ilə üz-üzə olduğunu bildirib. Vəkil yazıb ki, hansısa yüksək rütbəli məmurlar məscidin ərazisinə göz dikib. Sitat: “Hal-hazırda məscidin ərazisinin yenidən alınması gündəmə qayıdır və bu məlumat təsdiq olunsa, yumşaq desək, çox pis haldır. Bu qanunsuzluqlara qarşı çıxmağı ilk olaraq müsəlman kimi özümə borc bilirəm, sonra isə vəkil olaraq. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə və Suraxanı Rayon İcra Hakimiyyətinə informasiya sorğuları göndərirəm. Məscidin ərazisi onun mülkiyyəti və ayrılmaz hissəsidir. Cənab prezidentin göstərişi ilə 2010-cu ildə məscidin sökülməsinin qarşısı alınıb, sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bu hal mübahisəsiz olaraq öz təsdiqini tapıb. Qanunla bu torpaq sahəsinin sərəncamçısı QMİ-dir. Əvvəlki qanunsuz məhkəmə qərarlarının ləğv edilməsi ilə bağlı müraciət edənlər sırasında QMİ olduğundan, bu idarənin məscidə qarşı növbəti qanunsuzluğa nəinki göz yummayacağına, ona qarşı yenidən mübarizə aparacağına tam əminəm. Xüsusən 2017-ci ildə İslam Həmrəylik ilində hansısa məmurların belə niyyətlərinin olması dövlət siyasətinə qarşı zənnimcə açıq-aşkar təxribat ola bilər və buna qarşı bütün hüquqi müdafiə vasitələri ilə qarşı çıxacam və əminəm ki, mən tək olmayacam”.

İki gün əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaydığı açıqlama vəkilin iddialarını təsdiqlədi. Komitənin Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov yaydığı açıqlamada məscidin söküləcəyi xəbərləri təkzib edib. Sitat: “Bildiririk ki, bəzi şəxslərin və qrupların sosial şəbəkələrdə məqsədli şəkildə yaydığı, tirajladığı bu məlumatın əsası yoxdur. Əksinə, ”Fatimeyi-Zəhra" məscidi ilə bağlı vaxtilə yaranmış məsələ artıq həllini tapıb. Bakı Şəhəri İcra Hakimiyyəti, Dini Komitə və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti nəticəsində məscid 25 sot ərazisi ilə birgə yerli bələdiyyə tərəfindən QMİ-nin tam istifadəsinə veriləcək". 

Şöbə müdiri bildirib ki, bundan sonra məscidin tikintisi başa çatdırılacaq, dini icması yaradılacaq və rəsmi din xadimi təyin olunacaq. Bura qədər əslində hər şey normaldır. Amma necə deyərlər, şeytan detallarda gizlənir. Rəsmi açıqlamadan məlum olur ki, hökumət məscidə yalnız 25 sot ərazi verəcək, məscid də bu ərazinin içərisində olacaq. Bu isə məscidin qanuni ərazisindən nə az, nə çox 4 dəfə azdır. 

Məsələ ondadır ki, SSRİ zamanında tikilmiş Yeni Günəşli qəsəbəsində ibadət yeri olmayıb. Müstəqillikdən sonra, nəhayət, hökumət burda yerli icmaya məscid tikməyə icazə verib. Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” (ə) Məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə kompleksinin tikintisinə icazə verilib. 
Ancaq həmin ərazidə məscidin tikintisi ləngiyib, 2000-ci illərin əvvəllərində isə məscidin tikintisi dayandırılıb. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə məscidin tikintisi ilə bağlı əvvəlki BŞİH rəhbərinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı etibarsız hesab edilib və Suraxanı Rayon İcra Hakimiyyəti məscidə qarşı dava açaraq məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini xahiş edib.

Bundan sonra bir neçə il davam edən məhkəmə çəkişmələri davam edib. 2008-2010-cu illərdə dindarlar məscidin sökülməsinə etiraz olaraq kütləvi aksiyalar keçirib. İranlı ruhanilərin ölkə başçısına müraciətləri olub. Uzun-uzadı davam edən gərginlikdən sonra QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin müraciətini əsas gətirərək ölkə başçısı İlham Əliyev 2010-cu ilin mayın 14-də məscidin QMİ-nin balansına verilməsi ilə bağlı sərəncam imzalayıb. Bundan sonra məhkəmə qərarları Ali Məhkəmənin Plenumunda ləğv edilib və Bakı Apelyasiya Məhkəməsi 29 dekabr 2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 613 saylı 31 oktyabr 2002-ci il tarixli sərəncamı etibarsız hesab edilib və Suraxanı İcra Hakimiyyətinin iddiası təmin edilməyib. 

Amma DQİDK rəsmisinin açıqlamasından belə məlum olur ki, məscidin yeni ərazisi yalnız 25 sot olacaq. Yerdə qalan 105 sot, yəni 1 hektardan artıq ərazi isə məsciddən alınaraq İH-ya veriləcək. Nəticə etibarı ilə məmurların istədikləri torpaq sahəsini geri almış olurlar. 

Ancaq maraqlıdır ki, uzun müddət ciddi gərginliyə, etiraz aksiyalarına səbəb olmuş məscid və onun ərazisi 7 ildən sonra yenidən məmurların qəzəbinə gəlib. Görünən odur ki, hansısa qüdrətli əl prezidentin imzası ilə məscidə verilmiş ərazinin böyük hissəsini ələ keçirir. Bir tərəfdən bu hadisə məmurların dövlət rəhbərliyinin qərarlarına zidd gedərək mənimsəmələri davam etdirməsidirsə, digər tərəfdən ölkədə həssas olan dini vəziyyəti gərginləşdirmək, narazı dindar kütləni qızışdırmaq cəhdidir. 

Yeni Günəşli “Fatimeyi Zəhra” məscidi o bölgədə ən kütləvi məscid olub, ərazisinin nisbətən geniş olması səbəbindən ətraf ərazilərdən dindarlar ibadət üçün bu məscidin ərazisinə gəliblər. Digər tərəfdən məscidin rəsmi icması olmasa da, dövlət orqanlarının bu məscidlə bağlı hər hansı şikayəti və ya iddiası olmadı. Məscidin 1 ha ərazisinin mənimsənilməsi faktı istər-istəməz narazılıq doğuracaq və etirazlara səbəb olacaq. Belə görünür, bu addımı atanların bir məqsədi də elə narazılığı artırmaqdır. 

KƏNAN


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR