İnsanlara hürriyət, millətlərə istiqlal!

Fatih Terimlə yanaşı Napoleonun da imperator olduğu yadımıza düşsəydi.... - Bir yarışmadan reportaj

2506 15.12.2018 11:45 Reportaj A A

“Fibonaççi” intellektual yarışmasında ikinci dəfəydi ki, iştirak edirdik. Birinci dəfə iyulda – mətbuat günü ərəfəsində yarışmışdıq və təcrübəsizlik üzündən buraxdığımız bir səhvə görə beşinci olmuşduq. Düzü, bu bir az üzücü olmuşdu, çünki suallara hamıdan çox düzgün cavabı biz vermişdik. 

Bu dəfə yarışın keçirildiyi zala daxil olanda bizi ()Nar Mobilenin mətbuat xidmətinin rəhbəri Əziz Axundov qarşıladı, onun yanındakı xanımlar isə bizə dedilər: “Sizə birinci masanı ayırmışıq ki, birinci də olasınız”.

Onlar bunu yarızarafat-yarıciddi dedilər, amma bizim komanda (Dünya Sakit, Fidan Asifli, Elçin Xalidbəyli, Vaqif Hüseyn və mən) gerçəkdən də ən azı ilk üçlükdə olmağa gəlmişdi.

Yarış başlayanda birinci sualın qoyuluşundan heç birimiz bir şey anlamadıq, o sualın cavabı da yanlış getdi. Sonrakı qəliz sualların tam əksəriyyətinə düzgün cavab verdik. Birinci turda komandalar arasında 1-2 xallıq fərq yarandı.

İkinci turda komandaların, demək olar ki, hamısı suallara yüz faiz düz cavab verdilər. Ona görə ki, bu suallar milli filmlərimizə aid idi və iştirakçıların öz gözəl filmlərimizi necə sevdikləri, bütün replikaları necə əzbərdən bildikləri üzə çıxdı. Biz də yanılmadıq.

Üçüncü turda yeddidə yedi nəticə göstərdik. Üstəlik, beş suala cavab verərkən, əminliyimizin işarəsi olan 2+ qeydinə görə də əlavə 5 xal qazandıq.

Yarışma bizim prizmadan əla gedirdi. Fəqət yarışmanın təşkilatçılar gendən baxana priz qazanmağın halva olmadığını göstərmək üçün daha bir qəliz suallı tur təklif etdilər. Bu turda, necə deyərlər, “buksavat”lama başladı.

Suallar elə idi ki, onların cavabını bilmək üçün gərək minlərlə kitab oxumuş, bir o qədər də filmə baxmış olaydın. Biz də çətinlik çəkdik, baş sındırdıq, amma dəydi, düzgün cavablarımızın sayı rəqiblərimizinkindən çox oldu.

Komandamızın üzvü, hüquqşünasımız Vaqif Hüseynin performansı riqqətdoğurucu türdən idi. Əminliklə demək olar ki, 90 yarışmanın içində ən çətin suallara daha çox düzgün cavab verən məhz o oldu.

Fəqət qardaşımızın bu qədər erudisiya və ensiklopedik biliklə cavabını bilmədiyi bir sual oldu, onu bir sabirabadlı kimi ona bağışlamaq olarmı, olmazmı, bilmirəm.

Vyetnamdan keçən Qırmızı çaydan, Vatikandakı bankdan, Fransadakı Konyak mahalından xəbəri olan Vaqif gəldi doğma, əziz Sabirabadının emblemini tanımadı. Emblemdəki Y hərfi şəklində olan işarəni Yevlaxın baş hərfi saymışdıq, amma o Y-nin bir tərəfində pambıq, digərində üzüm şəklinin olması bizi xeyli çaşdırdı. Cavab Sabirabad çıxanda çaşıb qaldıq. Heç demə, bu Y Kürlə Arazın Sabirabadda birləşməsinin işarəsi imiş. Bəs nədən Sabirabadı regionda tanıtdıran qarpız o emblemdə əks olunmayıb? Ədalətsizlik!

Müxtəlif şəkillərdəki görüntüləri birləşdirən ümumi bir dəyəri və ya motivi tapmağı nəzərdə tutan turda da yaxşı getdik. Ancaq 4 sualdan 4-cüsünü – bütün şəkillərin ümumi bir cəhətinin olmasını düzgün çıxarda bilmədik. Ağlımıza gəlmədi ki, “Qalatasaray”ın baş məşqçisi Fatih Terimdən başqa da dünyada imperator olub və bu, adını məşhur torta, bahalı konyaka vermiş Napoleondur. Bunu düzgün tapsaq, rəqiblərimizdən çox aralanardıq.

Axırıncıda, hər suala 5 bal verilən turda 7 sualdan 6-na düzgün cavab verərək, rəqiblərimizi qabaqladıq və ikinci olduq.
Birinci yeri “Sofiyanın azərbaycanlı qohumları” kimi məzəli adı olan komanda tutdu. Nar Mobilenin paketinə dair sualın cavabını yeganə olaraq onlar düzgün vermişdilər. Bir neçə olduqca qəliz sualın da öhdəsindən gəlmişdilər. Amma bu komanda, deyəsən, jurnalist kollektivinin nümayəndələrindən ibarət deyildi, bəlkə də peşəkar yığma komandaydı.

Beləcə, alnımızın təriylə, daha dəqiqi, beynimizin qırışı ilə hədiyyələrimizi qazandıq. Amma əsas məsələ heç də bu deyil.
Bu kimi intellektual yarışmalar əyləncənin ən yaxşısı, ən faydalısıdır. Öyrənirsən, öyrədirsən, bilmədiklərini öyrənmək istəyirsən, özünü təsdiq edirsən, savadlı, dünyagörüşlü olmağın necə zövqlü bir iş olduğunu təbliğ edirsən.

Bu qələbə, lovğalıq kimi görünsə də, deyim ki, “Yeni Müsavat”ın yaradıcılıq rəqabətindəki uğurunun boşuna olmadığının, həmin başarının intellektə dayandığının göstəricisdir.

Məncə, bu hərəkat genişlənməlidir, əməlli-başlı çempionat səciyyəsi almalıdır. Qoy başqa kollektivlər də öz komandaları ilə bu kimi yarışmalar qatılsınlar. Beləcə, bir-birilə bilik, məntiq, erudisiya yarışdırmaq trendə çevrilsin, gənclər bu işə könül versin.

İntellektual yarışmalar olan yerdə qaraj söyüşmələri, qaba yaxalaşmalar, sosial şəbəkə süpürləşmələri, nifrin püskürmələri olmaz.

“Fibonaççi” vitse-çempionu Xalid Kazımlı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR