Dələduzluqda təqsirli bilinən 27 yaşlı Oleq Abbasov və tanışı 28 yaşlı Rac Axundovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
İttihama görə, Oleq Abbasov dostu Rac Axundovla cinayət ələqəsinə girərək vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda əmlakı ələ keçirməklə onlara qarşı dələduzluq ediblər.
Onlar zərərçəkmişləri ipoteka krediti düzəldəcəkləri ilə aldadıblar.
Özlərini “Bank of Baku” ASC-nin filial müdiri, Mərkəzi Bankın əməkdaşı kimi təqdim edərək kreditin alınması üçün qabaqcadan pulun müəyyən hissəsinin bankın depozit hesabına keçirilməli olması, sonradan kreditlə birgə həmin pulun da qaytarılacağı barədə yalan məlumatlar veriblər.
Məhkəmədə məlum olub ki, Oleq Abbasovun anası Sumqayıt şəhərində falçılıqla məşğul olub.
Elə zərərçəkmişlərin bir neçəsi həmin falçı vasitəsi ilə onun oğlu Oleq Abbasovla tanış olublar.
Falçı qadın oğlunun bankda işlədiyini zərərçəkmişlərə deyib. Bu vasitə ilə də zərərçəkmişlər Oleq Abbasovun dələduzluğu ilə üzləşiblər.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Oleq Abbasov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.
O deyib ki, Rac Axundovla aralarında dostluq münasibəti olub.
"Taksi sürücüsü İlhamı ipoteka krediti düzəltmək adı ilə aldadıb pulunu qoparmaqla bağlı Racla aramızda plan cızdıq. Ona Mərkəzi Bankdan 35 min manat ipoteka krediti düzəldə biləcəyimi dedim. Sənədlərin düzəlməsi üçün müxtəlif vaxtlarda aldığımız 2010 manatı Racla yarı bölmüşük. Sonra isə dedik ki, ipoteka düzəlmir. İlham pulları geri qaytarmayacağımız təqdirdə lazımi qurumlara şikayət edəcəyini bildirdi. Bu dələduzluğu pulsuzluqdan etmişik, məbləği İlhama tam şəkildə qaytarmışıq”- deyə o bildirib.
Təqsirləndirilən O.Abbasov ifadəsində zərərçəkmiş Samirə Nəzərovanı anasının tanışı kimi tanıdığını, ondan faizə pul götürdüyünü, uşaqlıq dostu Kənan Güləhmədovdan isə borca pul aldığını deyib.
Digər təqsirləndirilən Rac Axundov ona elan olunan ittihamla özünü təqsirli bilməyib.
O, ifadəsində Oleqin Samirəyə və onun anasına qarşı etdiyi dələduzluqdan xəbərsiz olduğunu göstərib. Gülnarədən üç dəfə ipoteka krediti düzəltmək adı ilə pul alıb Oleqə verdiyini, onun göstərişi ilə özünü Mərkəzi Bankın işçisi Elçin Fərzəliyev kimi qələmə verdiyini deyib.
Bu gün yekunlaşan məhkəmədə təqdirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Oleq Abbasov 8 il müdfətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən Rac Axundov 3 il şərti cəza alıb. O məhkəmə zalından azadlığa buraxılıb.
İ.Muradov
Musavat.com






