İnsanlara hürriyət, millətlərə istiqlal!

Faizsiz borc verən İslam bankına Azərbaycanda “yaşıl işıq”

5056 01.03.2024 08:25 İqtisadiyyat A A

Ekspertlər “çətindir, amma mümkündür” deyir

Uzun illərdir Azərbaycanda islam bankçılığının tətbiqi müzakirə olunsa da, indiyədək bu istiqamətdə real addımlar atılmayıb. Son iki ildə yenidən ölkə gündəmində belə bankçılığın inkişaf imkanlarına dair müzakirələr aparılır. Ötən il İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sifarişi ilə İqtisadi Resursların Öyrənilməsi" İctimai Birliyinin “Azərbaycanda alternativ maliyyə və islam bankçılığı üzrə ehtiyacların qiymətləndirilməsi” layihəsi çərçivəsində islam bankçılığı ilə bağlı sorğu keçirib. 

Sorğunun qiymətləndirilməsi nəticəsində bu qənaətə gəlinib ki, Azərbaycanda islam bankçılığının tətbiqi üçün ilk növbədə qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. İB-in sorğunun nəticələrinə dair hesabatına görə, İslam bankçılığını Azərbaycanda tətbiq etmək üçün ilk addım “Banklar haqqında” Qanuna “İslam banklarının fəaliyyətlərinin tənzimlənməsi” adlı yeni bölmənin əlavə edilməsi olmalıdır. Bu dəyişiklik fəaliyyətdə olan bankalara İslam bankçılığı məhsulları təqdim etməyə imkan verər. Bundan başqa, hesabata əsasən, dəyişikliklər özündə İslam banklarına dair tələbləri, İslam maliyyələşdirilməsi üzrə fəaliyyət göstərəcək Şuranın (Şəriət Şurasının) formalaşması prinsiplərini, hüquq və öhdəlikləri, İslam banklarının fəaliyyət çərçivəsini, məhsul və xidmətlərin çeşidini, xüsusiyyətlərini, ənənəvi bankın İslam bankına çevrilməsi mexanizmlərini ehtiva etməlidir.

Həmçinin sorğu iştirakçıları təklif edib ki, İslam bankçılığının ilkin dövrlərində əhalinin əmanətlərini bu maliyyə institutlarına cəlb etmək üçün divident gəlirləri 5 il müddətinə vergidən azad edilsin, İslam banklarının sərbəst fəaliyyəti üçün birgə müəssisələrin təşkili, birgə fəaliyyət üzrə öhdəliklərin formalaşması, payda iştirak və əldə olunan dividentlər üzrə gəlirlərin vergiyə cəlbi istiqamətində islahatlar aparılsın.

Mərkəzi Bankın İdarə Heyətinin bu il təsdiqlədiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı strategiyası”nda ənənəvi bank sektoruna alternativ bazarın formalaşdırılması addımlarından biri kimi İslam bankçılığının tətbiqi imkanlarının araşdırılması nəzərdə tutulur. 

Qeyd edək ki, İslam bankçılığının əsasını şəriət qanunları təşkil edir. Ənənəvi bankçılıqdan fərqləndirən əsas cəhət faizin olmamasıdır, yəni faizsiz kreditlərin verilməsidir. Bu sistemdə faiz anlayışı yoxdur, əvəzində “mənfəət marjası” (profite rate) adlı yanaşma var. Elə buna görə də İslam bankçılığının nüfuz göstəricisi də onun həm faizsiz, yaxud halal olması, həm də ucuz və sərfəli şərtlərilə bağlıdır. 

İslam bankçılığının əsaslandığı şəriət qanunları yalnız real istehsala və real aktivlərə sərmayə qoymağa icazə verir, spekulyasiyalarla işləməyi isə qadağan edir. Bu, onun son dövrlərdə bütün dünyada populyarlaşmasının əsas səbəblərindən biridir.

Dünyada, xüsusilə də Malayziya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, ABŞ, Bəhreyn, Qatar və Böyük Britaniya kimi ölkələrdə İslam kapital bazarları və maliyyə institutlarının artımı hiss olunur.

İslam bankçılığının şəriətdən doğan bir neçə cəhəti var ki, bu cəhətlər onu adi bankçılıqdan fərqləndirir. Belə ki, İslam bankçılığında bütün alqı-satqı və kirayə əməliyyatları yalnız real, göz qabağında olan aktivlərə əsaslanır. Bu növ bankçılıqda faizlər (ərəbcə “Riba”) qadağandır.

Tütün və alkoqol məhsullarına, qeyri-halal mallara, silahlara sərmayə qoymaq və onların ticarətini aparmaq olmaz. Qumar və şəriətə zidd olan başqa bank və maliyyə sahələrinə də sərmayə qoymaq və oradan gəlir götürməyə çalışmaq qadağandır.

İslam bankçılığını fərqləndirən maraqlı cəhətlərdən biri də hər hansı risklərdən yan keçə bilmək üçün mal və xidmət bazarlarında həyata keçirilən bütün əməliyyatların şəffaf və açıq olmasının vacibliyidir.

Yuxarıda sadalananlara rəğmən, bazar iqtisadiyyatı ilə ziddiyyət təşkil etməməsi və bazar iqtisadiyyatı şəraitində normal fəaliyyət göstərə bilməsi İslam bankçılığını cəlbedici edir və ona tələbat təkcə müsəlman ölkələrində yox, Qərb ölkələrində də artır.

İslam maliyyəsinin yeganə iştirakçıları İslam bankları deyil. Onlardan başqa ənənəvi banklarda olan İslam pəncərələri, digər İslam maliyyə institutları, İslam Kapital bazarları, məsələn, investisiya bankları və s., habelə İslam sığortası (ərəbcə “Takaful”) da mövcuddur.

İslam bank institutlarının fəaliyyətini tənzimləyən beynəlxalq qurumlar da var.

Bunlardan 2002-ci ildə Malayziyada yaradılmış İslam Maliyyə Xidmətləri Şurası (IFSB), əsası 1991-ci ildə Bəhreyndə qoyulmuş İslam Maliyyə İnstitutlarının Mühasibat və Audit Təşkilatı (AAOIFI) və 1975-ci ildə yaradılmış İslam İnkişaf Bankını nümunə göstərmək olar.

İslam bankçılığının təqdim etdiyi xidmətlərdən biri “Murabaha” adlanır. Bu xidmət çərçivəsində bank müştəriyə lazım olan malı alır və uyğun qiymətə, lakin hissə-hissə satır və ona faiz hesablanmır. Bütün şərtlər əvvəlcədən müzakirə olunur.

“Mudaraba”da bank müştərinin layihəsini maliyyələşdirir və qazancı onunla bölüşür. Beləliklə, bank, sanki mudaraba alanla paya girir.

“Müşarakə”də əmanətçilər öz vəsaitlərini banka köçürür və bank onlardan hansısa layihəni maliyyələşdirmək üçün istifadə edir. Bu layihədən əldə edilən mənfəət (və ya zərər) bank, müştərilər və icraçılar arasında bölünür.

“İcarə”də bank mal alıb müştəriyə lizinq verir. 

“İtisna”da  bank sahibkarı tədricən maliyyələşdirir (məsələn, tikintinin hər bir mərhələsi). İş başa çatdıqdan sonra bank aktivin sahibi olur.

“Salam”da istehsalçı bəzi məhsullar üçün cari bazar qiymətinə görə avans alır. Ödənilmiş malı aldıqdan sonra bank onu baha qiymətə satır və qazanc əldə edir.

Bundan əlavə, ekspertlərin fikrincə, dini qaydalar sayəsində İslam bankçılığı şəffaf və etik olur. Konfessional normalar bankirlərin müştərilərin çətin maliyyə vəziyyətindən istifadə edərək varlanmasına, məsələn, mikrokreditlər verməklə qazanc əldə etməsinə imkan vermir. Eyni zamanda İslam bankçılığının yüksək mənəvi səviyyəsi qeyri-müsəlmanları da cəlb edə bilər.

Maraqlıdır ki, artıq şimal qonşumuz Rusiyada İslam bankçılığının tətbiqinə başlanıb. 2023-cü il sentyabrın 1-dən Rusiyanın dörd regionunda - Başqırdıstan Respublikası, Tatarıstan Respublikası, Çeçenistan Respublikası və Dağıstan Respublikası ərazisində tərəfdaş (islam) maliyyələşdirmə üzrə layihəyə start verilib. Pilot sayılan layihə iki il - 2025-ci il sentyabrın 1-dək davam edəcək.

Dörd federasiya subyektində İslam bankçılığı qeyri-kredit maliyyə təşkilatlarının (NFI) xüsusi növü olan tərəfdaş maliyyə təşkilatları (PPF) tərəfindən həyata keçiriləcək. Rusiya Mərkəzi Bankı onların reyestrini aparacaq və fəaliyyətini tənzimləyəcək. Belə təşkilatlara bütün İslam bankçılıq xidmətlərini göstərməyə icazə veriləcək. Nəticələrdən asılı olaraq iştirakçı regionların siyahısı genişləndirilə bilər.

Rusiya Mərkəzi Bankından verilən açıqlamada bildirilir ki, qurum İslam bankçılığında “iqtisadiyyatın kreditləşdirilməsinin və maliyyə sektorunun inkişafı üçün böyük imkanlar” görür. Bundan əlavə, hesab olunur ki, İslam bankçılığının hüquqi qeydiyyatı müsəlman ölkələrindən Rusiyaya BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və digər İslam ölkələrindən böyük investorları cəlb edə bilər. 

Rəşad Həsənov: “”Azərsu”da korrupsiya yüksək səviyyədədir”

Rəşad Həsənov

Azərbaycanda İslam bankçılığı institutlarının fəaliyyəti mümkündürmü? Belə bir institut nə qədər uğur qazana bilər? İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, ölkəmizdə İslam bankçılığı qaydalarına uyğun fəaliyyət göstərən maliyyə institutu yaradıla bilər: “Bu sahədə hüquqi bazanın yaradılması da mümkündür. Lakin nəticəlilik baxımından bu, nə qədər uğurlu olacaq, demək çətindir. Çünki əhalinin əksəriyyəti müsəlman olsa da, Azərbaycanda insanların faiz, sələm, borc məsələlərinə yanaşmasında hər hansı qırmızı xətt yoxdur. Hər kəs belə xidmətlərdən istifadə edib. Lakin müəyyən marjinal icma var ki, onlar üçün faiz ödəmək qəbuledilməzdir. Bu qrup üçün İslam bankçılığı qaydaları ilə işləyən maliyyə qurumunun yaradılması mümkündür. Belə təcrübədən hazırda dünyada çox istifadə edilir. Azərbaycanda da belə təcrübə tətbiq oluna bilər, lakin onun geniş yayılması, bazarın böyüməsi uzun müddət tələb edəcək. İndiki şərtlər daxilində belə təcrübənin alternativə çevrilməsi real deyil”.

Hüquqşünas Əkrəm Həsənov Baş Prokurorluğa çağırılıb | marja.az

Əkrəm Həsənov

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov bildirir ki, bir vaxtlar Mərkəzi Bankda İslam bankçılığının Azərbaycanda tətbiqi ilə bağlı müəyyən araşdırmalar aparılıb: “Sonra işlər dayandırıldı. İndiki halda birinci amil budur ki, Mərkəzi Bankın indiki rəhbərliyinin bu istiqamətdə iradəsi olduğu hiss olunur. İkinci amil isə ondan ibarətdir ki, məndə olan məlumata görə, artıq müvafiq qanun layihəsi də hazırlanır. Üçüncü məsələ İslam bankçılığına tələbatdır, bu da var. Yəni bu gün Azərbaycanda çoxsaylı müsəlmanlar var ki, banklara əmanət qoymaq, onlardan kredit götürmək istəmir. Hətta qeyri-müsəlmanlar da var. Məsələ burasındadır ki, xristian və yəhudi dini də sələmi qadağan edir. Hətta bir yəhudinin digərinə sələmə pul verməsi indi də yolverilməz olaraq qalır: yəhudilər yalnız digər dinlərdən olan şəxslərə sələm verirlər”. 

Mütəxəssis hesab edir ki, Azərbaycanda İslam bankçılığı üçün əsas problem şəffaflıq məsələsidir: “Hazırda Azərbaycanda insanlar banklara pul qoyub faiz əldə edir, banklar da onu başqalarına verib faiz gəliri əldə edir. İslam bankçılığında faiz fəliri əldə edilməsi qadağandır. Bu bankçılıq prinsiplərinə əsasən bank müştəridən faiz almır, investor kimi onun biznesinə vəsait yatırır, əldə olunan qazancdan qoyulan vəsaitin payına uyğun gəlir götürür. Bu isə bankdan pulu alanın vicdanlı olmasını, biznesini şəffaf qurmasını, gəlirini gizlətməməsini tələb edir. Azərbaycanda biznesin müxtəlif səbəblərdən öz qazancını qəsdən az göstərməsi adi haldır. Bu, bir növ sistemləşib. Belə bir şəraitdə islam bankından investisiya cəlb edən şəxsin şəffaflığı təmin etməsi böyük problemdir. Amma düşünürəm ki, tədricən bu problemi aradan qaldırmaq mümkündür. Həm də ona görə ki, belə şəffaflıq vergi orqanları üçün də əlverişlidir”. 

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR