APA-nın məlumatına görə, F. Ağayev bəyanatında KİV nümayəndələrinə müraciət edib. Bəyanatda deyilir: “Bu dəhşətli hadisə başıma gələndən bəri, bu günlər ərzində mənə görə narahat olan, saatlarını, günlərini xəstəxananın qarşısında xəbər gözləyərək keçirən, Allaha sağalmağım üçün dua edən, fanatlarım, dostlarım, KİV nümayəndələrinə minnətdarlığımı bildirirəm. Hər birinizin qarşısında baş əyirəm. Söz verdiyim kimi, həkimlər icazə verən kimi sizinlə görüşmək istəyirəm. Hər birinizə çox sağ ol demək üçün bu gün saat 17.00-da Sizləri Kliniki Tibbi Mərkəzin qarşısında gözləyəcəm. Sizin Faiq Ağayev”.
Qeyd edək ki, sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə F. Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən xalq artisti Faiq Ağayev, onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar. F. Ağayevə 6 bıçaq vurulub. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 xəsarət alıb. Hər üç yaralı əməliyyat olunub.
Hadisə ilə əlaqədar üç nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb edilib. Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrlə təqsirləndirilən Rüfət Məlikov barəsində Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 ay, CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilən Seymur Məmmədov barəsində isə 2 ay müddətinə həbs-qətimkan cəzası seçilib. Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova isə himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib və onun barəsində də polisin nəzarəti altında olmaqla qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı başlanan cinayət işinin istintaqı davam etdirilir.






