Bu günə qədər Azərbaycanın bir neçə aktyor, müğənni və sənətçiləri faciəli şəkildə dünyasını dəyişib. Onların arasında avtomobil qəzasının, metro terrorunun, həkim səhlənkarlığının qurbanı olanlar da var, bədbəxt hadisə nəticəsində həyatını itirənlər də.
Musavat.com onlardan bir neçəsini təqdim edir.
Aktyor Ağadadaş Qurbanov. SSRİ xalq artisti Ağadadaş Qurbanov Gənc Tamaşaçılar Teatrının yaradıcılarından biri olub. O, Xalq artisti Gülxar Həsənovanın həyat yoldaşı, aktrisa Gülşən Qurbanovanın və xərçəngdən dünyasını dəyişən aktyor Hamlet Qurbanovun atasıdır. Qocaman aktyor bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Belə ki, 1965-ci il 22 iyunda “Arşın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyanda qastrolda olub. Mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və 54 yaşlı sənətkar faciəli şəkildə ölüb. Qeyd edək ki, Ağadadaş Qurbanov “Arşın mal alan" filmindən başqa "Səbuhi", "Koroğlu", "Bir qalanın sirri", "Kölgələr sürünür" filmlərinə də çəkilib.
Gülarə Əliyeva. Azərbaycanın tanınmış musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi, Azərbaycan SSR əməkdar incəsənət xadimi Gülarə Əliyeva da bədbəxt hadisə zamanı dünyasını dəyişib. Xatırladaq ki, Gülarə 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri olub. Musiqiçi 1991-ci ildə həyat yoldaşı, kulturoloq Adil Adilovu, Moskva klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və "Dan ulduzu" ansamblının istedadlı violonçelisti Minirə ilə birgə eyvana çıxıb, köhnə eyvanın uçması nəticəsində həlak olur. Gülarə Əliyeva mərhum prezident, ulu öndər Heydər Əliyevin baldızı olub.
Müğənni Nəzakət Məmmədova. Nəzakət Məmmədova isə erməni əsilli dırnaqarası həkimin qurbanı olub. Deyilənlərə görə, boğazındakı qırışlar qırışlar müğənnini hər zaman narahat edirmiş. Günlərin birində müğənni bir pərəstişkarından məktub alır. Həmin məktubu yazan şəxs ona səsinin, özünün gözəlliyi ilə bağlı təriflər yağdırır. Ancaq daha sonra əlavə edir ki, boğazındakı qüsur, qırışlar onun görünüşünə xələl gətirir. Elə həmin məktubdan sonra müğənni estetik əməliyyat etdirmək qərarına gəlir. Buna görə də Soçidə bu əməliyyatı həyata keçirə biləcək həkim tapır. Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan, əslində isə "manikür" ustası olan Karol Anatoli İvanoviç adlı bir erməni kökənli həkimə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir.
Lakin əməliyyat zamanı bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədovanın 36 yaşında faciəli ölümünə səbəb olan həmin cəllad "həkim" isə törətdiyi cinayət əməlinə görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum olunur.
Müğənni Eyvaz Həsənov. Ötən əsrin 70-80-ci illərində populyar olan müğənni Eyvaz Həsənov da avtomobil qəzasında vəfat edib. Qeyd edək ki, Eyvaz Həsənov müğənni Təranə Vəlizadənin həyat yoldaşı və duet ortağı olub. Ərinin faciəli vəfatından sonra Təranə Vəlizadə səhnədən uzaqlaşıb.

Cazmen Rafiq Babayev. Azərbaycan musiqisində özünəməxsus dəsti-xətti olan, məşhur cazmen Rafiq Babayev də faciəli şəkildə dünyasını dəyişən sənətkarlar sırasındadır. O, 1994-cü il martın 19-da erməni ekstremistlərinin Bakı metrosunda təşkil etdiyi qanlı terrorun qurbanı olub. Metroda törədilmiş partlayış nəticəsində Rafiq Babayev faciəli şəkildə dünyasını dəyişib.
Xanəndə Səxavət Məmmədov. Azərbaycanın məşhur xanəndəsi Səxavət Məmmədov isə avtoqəzada dünyasını dəyişib. Xanəndənin ölümünə səbəb olan qəza 1991-ci il sentyabrın 30-da Şirvan rayonu ərazisində baş verib. 37 yaşında dünyasını dəyişən xanəndənin qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşını kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırmaq mümkün olmayıb. Ağdamın Abdal-Gülablı kəndindən olan ifaçının üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalıb.
Müğənni Şəfa. “Geri dön”, “Sevgi qatarı” kimi mahnıları ilə tanınan müğənni Şəfa Hüseynova da avtomobil qəzası nəticəsində gənc yaşda dünyasını dəyişib. 2005-ci ilin dekabrında müğənninin olduğu avtomobil “Kamaz”a çırpılıb. Saatlıdan Bakıya qayıdarkən baş verən qəza nəticəsində müğənninin anası yerindəcə vəfat edib, Şəfa isə üç gün komada qaldıqdan sonra dünyasını dəyişib. Qəzada yaralanan Şəfanın qardaşı Səxavət isə 46 gün komada qaldıqdan sonra ayılıb. Avtomobili idarə edən sürücü də qəza nəticəsində sağ qalıb.
Meyxanaçı Bayram Kürdəxanılı. Məşhur meyxana ustası Bayram Kürdəxanı da avtomobil qəzasının qurbanı olub. 2017-ci ilin avqustunda meyxanaçı Kürdəxanı qəsəbəsində yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadovun idarə etdiyi “Peugeot” markalı avtomobil vurub. B.Kürdəxanı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, 55 yaşlı meyxanaçının həyatını xilas etmək mümkün olmayıb.
Meyxanaçı Nizami Rəmzi. Meyxananı ilk televiziya ekranlarına çıxaran meyxanaçı Nizami Rəmzinin də ölümünə səbəb avtomobil qəzası olub. 1997-ci ilin yanvarında meyxanaçı dostu Kəbir Azəri ilə birgə yol qəzasına düşüb. Ekspertizaya görə, qəzaya səbəb Nizami Rəmzinin içkili olması olub. Qeyd edək ki, meyxanaçı 49 yaşında dünyasını dəyişib.
Reper Hüseyn Dərya. Tanınmış reper Hüseyn Dərya da avtoqəza nəticəsində dünyasını dəyişən məşhurlardandır. 2014-cü ilin mart ayında Bakının Xəzər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı Hüseyn Dəryanın idarə etdiyi “Opel Astra” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “Kamaz” markalı maşına çırpılıb. Qəza nəticəsində kəllə-beyin travması alan reper, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. O, bir gün sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Rejissor Samir Qasımov. 32 yaşlı gənc rejissor Samir Qasımov da avtomobil qəzasında dünyasını dəyişib. Xatırladaq ki, Samir Qasımov Azərbaycanın məşhur aktyor və rejissoru Elxan Qasımovun oğludur.
Müğənni Aslan Hüseynov. Ötən gün isə müğənni Aslan Hüseynov faciəli şəkildə yol qəzasında dünyasını dəyişdi. Rəsmi məlumata görə sənətçi Bakı-Qazax yolunun 60-cı km-də qeydə alınıb. Qeyd edək ki, Aslan Hüseynov bir müddət idi ki, Moskvada yaşayırdı. Ötən ay müğənninin anası vəfat etmişdi. Həmin vaxt vətənə gələ bilməyən müğənni mayın 4-də anasının yasında iştirak etmək üçün gəlirmiş. Faciəli şəkildə dünyasını dəyişən müğənni ötən gün Gəncədə, anasının məzarının yanında dəfn olunub.
Xalidə Gəray
Musavat.com






