İnsanlara hürriyət, millətlərə istiqlal!

Facebook qadağalarına reaksiyalar: etiraz da var, dəstək də...

818 18.11.2016 08:10 Gündəm A A
Baş prokuror Zakir Qaralov Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsi təqdim edib. 

Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanuna digər bir dəyişiklik də təklif edilir. Dəyişikliyə əsasən, Azərbaycanda internet informasiya məkanında dövlət başçısının-Prezidentin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma cəhdi cinayət məsuliyyəti yaradacaq. 

Qeyd edək ki, bu gün sosial şəbəkələr bütün sərhədləri aşaraq, informasiyanın əsas məkanına çevrilib. Azərbaycanda təkcə facebook istifadəçilərinin sayı 1.7 milyon nəfərdən çoxdur. Bəzi siyasətçilər və hüquq müdafiəçiləri bildiriblər ki, məhz buna görə hakimiyyət narahatdır, facebookdakı azadlığı məhdudlaşdırmaq üçün yollar axtarır. Bəziləri hesab edir ki, sosial şəbəkələrdə aşırı aqressiyanın artması insanların sosial problemlərinin artması və həll edilməməsindən, müxalifətə geniş fəaliyyət meydanı verilməməsindən qaynaqlanır. 

Artıq Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bəyanat yayaraq Milli Məclisi baş prokurorun göndərdiyi layihəyə səs verməməyə çağırıb. RATİ bildirib ki, diffamasiya maddələrinin cinayət qanununda olması İnsan Hüquqları üzrə Avropa Konvensiyasına və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta qoşulmuş Azərbaycanın öhdəlikləri ilə kəskin ziddiyyət təşkil edir.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, baş prokurorun Milli Məclisə göndərdiyi sözügedən təkliflər Cinayət Məcəlləsinə daxil edilməlidir: “İnsanlara böhtan atılmasının, şərəf və ləyaqətinin aşağılanmasının əleyhinəyəm. Çox təəssüf ki, Azərbaycanda artıq reket saytlar yaranıb, sosial şəbəkədə reket profillər yaradılıb. Bəzən sosial şəbəkələrdə insanlar haqqında həddən artıq təhqiramiz ifadələr işlədilir. Azərbaycandakı söz azadlığından bir sıra adamlar sui-istifadə edir. Söz azadlığının arxasında gizlənib şər-böhtan, təhqirlər yağdırılır. Bəzən isə müxtəlif ünvanlardan gələn sifarişlər əsasında böhtan, təhqir yazılır və buradan da reketçilik yaranır. O insanların ki, kiməsə sözünü açıq deməyə kişiliyi çatmır, həmin insanlar başqalarına sifariş verir, təhqirlər yazdırır. Ona görə də Cinayət Məcəlləsində bu cür hallarla bağlı konkret məsuliyyət nəzərdə tutulmalıdır”.

Cinayət Məcəlləsinə sosial şəbəkələrdə yazılanlarla bağlı məsuliyyət nəzərdə tutan maddələrin daxil edilməsinin Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərəcəyi ilə bağlı deyilənlərə gəldikdə, deputat bildirdi ki, narahatlığa əsas yoxdur: “Dünyanın bir çox inkişaf etmiş ölkələrində də sosial şəbəkələrlə, saytlarla bağlı müəyyən məhdudiyyətlər var. Məsələn, Böyük Britaniyanın özündə məhdudiyyətlər tətbiq edilir. İnsanların təhqir edilməsinə görə təhqir edən məsuliyyət daşımalıdır. Özü də burada məqsəd qətiyyən hansısa müxalifətçi ilə haqq-hesab çəkmək deyil. Saxta profillər yaradıb həmin profillərdə təhqirlər, böhtanlar yazan şəxslərin cəzalandırılacağından söhbət gedir. Şükür Azərbaycanda müxalifət açıq fəaliyyət göstərir, sözünü açıq deyir, açıq yazır, mövqeyini lazım biləndə mitinqlərdə də ifadə edir. Buna görə də heç kim onlara heç nə demir, heç bir problem yaratmır. Odur ki, mən qeyd olunan məsələnin beynəlxalq imicimizə təhlükə yaradacağını düşünmürəm. Cinayət Məcəlləsinə həmin əlavələri etməyin qarşısını almaq istəyənlər və təhqirdə, böhtanda maraqlı olanlar o cür iddia ortaya atırlar ki, guya bu məsələ beynəlxalq imicimizə mənfi təsir edəcək, insan hüquqları pozulacaq. Məgər insan ləyaqəti, şəxsiyyəti söz azadlığından azmı dəyərlidir? Yox. Ona görə də mən baş prokurorun təşəbbüsünün tərəfdarıyam”. 

ADP sədri Sərdar Cəlaloğlu belə hesab edir ki, təhqir yazan şəxs kimliyindən asılı olmayaraq məsuliyyət daşımalıdır: “Siyasi opponentlik etməklə, tənqid etməklə başqasının ləyaqətini aşağılamaq, təhqir etmək bir araya sığmır. Ona görə də Cinayət Məcəlləsində təhqirə görə cinayət məsuliyyətinin nəzərdə tutulmasına normal baxmalıyıq. Çünki sabah hər birimiz sosial şəbəkədə təhqir hədəfi ola bilərik. Bəzən görürsən ki, sosial şəbəkədə küçədə deyilməsi mümkün olmayan söyüşlər yazılır. Mənim ailəmin üzvləri niyə sosial şəbəkədə söyüş görməlidir? Mən Cinayət Məcəlləsinə həmin maddənin əlavə edilməsini düzgün sayıram. Amma sonra bundan istifadə edib tənqidi fikirlərinə görə də insanları sıxışdırmaq kimi sui-istifadəyə qətiyyən yol vermək olmaz”.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR