İnsanlara hürriyət, millətlərə istiqlal!

FACEBOOK MEYDANI

925 19.03.2013 09:13 Yazarlar A A
Son vaxtlar Azərbaycanda facebook vasitəsilə bir neçə aksiya təşkil edilib. Xüsusilə əsgər ölümlərinə qarşı iki uğurlu aksiya məhz sosial şəbəkə üzərindən reallaşdırılıb. Bu, hökuməti təlaşa salıb. Məlumata görə, sosial şəbəkələrdə aktiv olan şəxslər nəzarətə alınıb, onların yazışmaları izlənir, özlərinə xəbərdarlıqlar edilir. Ölkənin bir neçə rəhbər şəxsi, hakimiyyət deputatları bununla bağlı çağırışlar da edib. Elə təsəvvür yaradılır ki, sanki sosial şəbəkələr terrorçu, təxribatçı yuvasıdır. Hökumət facebook-u “xoxan” kimi təqdim edir. Bəli, internet çox ciddi bir silahdır. Amma maraqlıdır, niyə bu silahdan Amerika, Almaniya, Türkiyə və digər normal, demokratik ölkələrdə qorxmurlar, elə ancaq avtoritar, yarıqapalı rejimlərdə belə bir xof var?
Birinci sualın çox sadə bir cavabı var; əslində problem, qorxu internet, sosial şəbəkə deyil, hökuməti əndişələndirən narazı kütlələrin orada cəmləşməsidir. Uzun illər ərzində gəncləri, müxalifətçiləri sıxışdırdılar, hansısa bir yerdə yığışmasına imkan vermədilər, küçələrdə dinc aksiyalar keçirməsinin qarşısını aldılar. Hətta müxalif düşüncəli gənclərin yığışdığı bəzi ucuzvari kafelərə də onların girişini əngəllədilər. Elə isə bu gənclər neyləməli idi? Əlbəttə, üz tutmalı idilər sosial şəbəkələrə. Qısa desək, hökumət gəncləri küçələrdən, meydanlardan, digər kütləvi müzakirələrin aparıldığı yerlərdən qovub facebook-a topladı, indi də sosial şəbəkədə təşkilatlanmanın qarşısında dayana bilmir.
Bu fakt təsdiqləyir ki, protest elektoratının, mübarizənin qarşısını almaq mümkün deyil. Mübarizə əzmində olan insanlar, narazı təbəqə hansısa bir vasitəilə - indiki halda sosial şəbəkədə özünü ifadə edəcək. Özü də daha rahat, daha asan formada. Deməli, gəncləri, ölkəni demokratik görmək istəyən, narazı insanları repressiya etmək yox, problemləri həll etmək lazımdır! Problemlər həll olunmayana qədər insanların da etirazlarının qarşısını almaq mümkün deyil.
Digər tərəfdən, missionerlər niyə demokratik ölkələrdə niyyətlərinə çata bilmirlər, amma diktatura rejimlərində nələrsə edirlər? Çünki normal dövlətlərdə insanları ifrat nifrət həddinə çatdırmırlar, ac-yalavac yaşatmırlar ki, kimsə ortaya çıxıb axmaq təklif edəndə, pula şirnikləndirəndə dərhal ona tutduq versin. Burada bir vacib məqamı qeyd edək, indiyədək Azərbaycanda demokratik düşərgənin təmsilçilərinin missionerlərlə işbirliyinə getməsi faktı olmayıb. Müxalifətçi gənclər Azərbaycanı sevən şəxslərdir.
Adətən, ölkədə missionerlərə uyanlar müxalifətə aidiyyəti olmayan, amma zillət içərisində yaşayan, işsiz-gücsüz şəxslər olub. Əgər hökumət ölkədə demokratik sistem formalaşdırsa, iş yerləri açsa, insanların sosial problemlərini həll etsə, müxalifətçiləri yox, təhlükəli qüvvələri izləsə, belə arzuolunmaz situasiya da yaranmayacaq. Nə qədər ölkədə vətəndaş cəmiyyəti qurulmasına imkan verilməyəcək, onacan da etirazların qarşısını ala bilməyəcək. Necə deyərlər, etirazçıları qapıdan (meydandan) qovacaqlar, bacadan (sosial şəbəkədən) gələcəklər. Etirazı doğuran səbəbi aradan qaldırmaq - məsələn, əsgər ölümlərinin qarşısını almaq, insanların dərd-sərini dinləmək, məmur özbaşınalıqlarına, rüşvətə son qoymaq gərəkdir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR