İnsanlara hürriyət, millətlərə istiqlal!

Facebook məhbuslarının ailələri vətəndaşlıqdan imtina edir

1200 02.04.2013 09:52 Ölkə A A
Bu sözləri “Yeni Müsavat”a açıqlamasında martın 29-da “facebook əməliyyatı” zamanı həbs edilən Ramil Qarayevin yaxın qohumu Azər Talıbov bildirdi.
Məlum olduğu kimi, martın 29-da Ramil Qarayev və onun facebook dostluğunda olan Elçin Ağayev adlı iki gənc saxlanılıb. Onlar hazırda Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“Bandotdel”) saxlanılır.
A.Talıbovun sözlərinə görə, R.Qarayevi iş yerinə zəng edərək “Bandotdel”ə çağırıblar, dostu E.Ağayevi isə evindən qollarını qandallayıb aparıblar. Müsahibimiz deyir ki, nə tutulanlardan xəbər almaq olur, nə də azad edəcəklərinə söz verirlər: “Bu adamlar aksiyalara çıxmayıb, dövlət əleyhinə çıxış etməyib, ölkədə iğtişaşa çağırış etməyib, qarşıdurmaya çağırmayıb. Hər ikisi normal işi olan adamlardır. Sadəcə, iş yerlərini ictimaiyyətə açıqlamaq istəmirik. Yəni normal işləri var. Asudə vaxtlarında facebooka daxil olur, bir vətəndaş kimi ölkədə baş verənlərə münasibət bildirirdilər. Buna görə insanı həbs edirlərmi? Günlərlə ”Bandotdel"də saxlayırlarmı? Cinayət işi də açılmayıb, heç bir məlumat ala bilmirik. Bizə deyilən odur ki, oturun evinizdə gözləyin".
A.Talıbov qeyd etdi ki, qaynı Ramil Qarayev heç bir partiyanın üzvü deyil: “Hələlik gözləyirik. Əgər buraxmasalar, Elçin Ağayevin ailəsi ilə birlikdə ölkə vətəndaşlığından imtina edəcəyik. Afrika, Asiya, ərəb ölkələri, kim olursa-olsun, Ermənistandan başqa hər birindən sığınacaq istəyirik”.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, bu fakt barədə araşdırma aparılıb məlumat veriləcək.
Qeyd edək ki, martın 29 və 30-da ölkədə “facebook həbsləri” həyata keçirilib. NİDA vətəndaş hərəkatının üzvləri olmaqla yanaşı, sıravi virtual fəallar da həbs edilib. Bu proses ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycanda “2 milyonluq facebook inqilabı” hazırlaması iddiasından sonra başladı. Sonra deputat Fəzail Ağamalı facebook qadağasından danışdı. Baş prokuror Zakir Qaralov MDİ-ni 1 milyonluq korrupsiyada ittiham etdi. Milli təhlükəsizlik naziri sosial şəbəkələrin ölkədə təhlükə yaratmasından bəhs etdi. Ən nəhayət, bu çıxışların məntiqi davamı kimi həbslərə start verildi.
Bu da səbəbsiz deyil. Çünki son vaxtlar Bakıda keçirilən izdihamlı aksiyalar əsasən facebook vasitəsilə təşkil olunur və özəlliklə gənclər aktivlik nümayiş etdirir. Bu şəbəkə Tunis və Misirdə baş verən siyasi dəyişikliklərdə təbliğat və təşkilatlanma funksiyasını yerinə yetirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR