İnsanlara hürriyət, millətlərə istiqlal!

FABRİK DİREKTORUNUN YAP-çı DEPUTATLARA CAVABI CAVABSIZ QALDI

2139 04.10.2011 09:29 Ölkə A A
YAP-çı deputat Siyavuş Novruzov deyib ki, onun məlumatına görə, 20 min şagird məktəbli forması ala bilməyib, tapmayıb. Deputatın sözlərinə görə, məktəbli formalarını tək bir fabrik tikməli deyil: “Məktəbli formasının satışını biznesə çeviriblər”. Ardınca Bakı Tikiş Evinin direktoru Fədail Rəhimov deputatların ittihamlarına cavab verib. O, mətbuata açıqlamasında bildirib ki, belə ittihamların müəllifləri Bakı Tikiş Evinin işinə kölgə salmaq istəyirlər və özlərinin maraqlarından çıxış edirlər: “Biz bizneslə yox, keyfiyyətli istehsalla məşğul oluruq. Bu malın istehsalında bizim cəmi 5 faiz gəlirimiz olur. Hesab edirəm ki, Bakı Tikiş Evinin məhsullarının keyfiyyətsizliyi barədə deyilənlər boş-boş sözlərdir. Bəlkə onlar Bakı Tikiş Evinin bağlanmasında maraqlıdırlar? Bizim müəssisədə 700 nəfər işçi çalışır. Yoxsa bu qədər adamın işsiz qalmasını istəyirlər? İstisna deyil ki, onların hansısa maraqları var”.
Məktəbli formasının keyfiyyəti əksər vətəndaşları da qane etmir. Elə bu, günlərdə Sumqayıtda valideynlərə Çin parçalarından tikilən keyfiyyətsiz məktəbli formasının 35-55 manata satılması barədə xəbər yayılmışdı. F.Rəhimov bu məsələdən də danışıb: “Yerli istehsal barədə qeyri-obyektiv danışanlar hansısa maraqlarını təmin etməyə çalışırlar. Çinlə əlaqələri olan bəzi ”işbazlar" Urumçu şəhərindəki sexlərə Bakı Tikiş Evinin geyim modellərinin oxşarını sifariş verərək onların kütləvi istehsalına nail olublar. Və həmin saxta məktəbli geyimləri kütləvi şəkildə Çindən Azərbaycana gətirilib. Bu məsələ ilə əlaqədar dəfələrlə Daxili İşlər, Milli Təhlükəsizlik, İqtisadi İnkişaf nazirliklərinə, Dövlət Gömrük Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etsəm də, cavabsız qalıb". Bakı Tikiş Evindən isə “Yeni Müsavat”a parçaların Türkiyənin “Boston” firmasından alındığını və bu parça üçün də Avropa laboratoriyasının sertifikatının olduğunu bildirdilər.
Bakı Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı “Yeni Müsavat”a açıqlamasında deputatların ittihamlarına münasibət bildirmək istəmədiyini söylədi. “Parlamentin təmsilçiləri hər bir məsələni müzakirə edə bilərlər. Mən onların fikirlərinə şərh vermək istəməzdim”-deyə o, vurğuladı. Z.Əliqızı bildirdi ki, məktəbli formalarının keyfiyyət məsələsi Bakı Təhsil İdarəsinə aid deyil: “Məktəbli formasının alınmasında çətinliklə qarşılaşan valideynləri nəzərə alaraq oktyabr ayının 1-nə qədər vahid məktəbli formasının alınma vaxtı uzadılmışdı. Artıq bu vaxt bitib. Ancaq indiyədək neçə məktəblinin forma ilə məktəbə getdiyini dəqiq bilmirik. Bunu bu ay apardığımız monitorinqlərin nəticəsində biləcəyik. Amma onu deyə bilərəm ki, əsas odur, bu günə olan nəticə qaneedicidir. Növbəti illərdə də məktəblilər forma ilə tam təmin olunacaqlar. Biz bunu təqdirəlayiq hesab edirik”. Z.Əliqızının sözlərinə görə, məktəbli forması geyinməyənlər məktəbdən kənarlaşdırılmayacaqlar: “Ancaq hazırda məktəbli forması geyinməyənlər şagirdlər arasında seçilirlər. Valideynlərə bildirirəm ki, qısa zamanda bu ayrı-seçkiliyə son qoysunlar və övladları üçün məktəbli forması alsınlar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR